PDF Oxu

Sosial

  • 3 832

“Araz” supermarketin yeni “siyasəti” - TƏRS BAXIŞ

image

Söhbət “Araz”ın metronun “Şah İsmayıl Xətai” stansiyasının yaxınlığında yerləşən filialından gedir. Bəlkə də başqa “Araz”larda vəziyyət başqadır. Lakin bu “Araz” nə üçün düzəlmir, nə üçün öz işini qura bilmir? Nə vaxt bu marketə girirsənsə, bir yox, beş problemlə üzləşirsən. Məsələn, bunlardan biri odur ki, baxmayaraq ki, marketdə bir neçə kassa var, lakin bir kassa, təsadüf nəticəsində isə iki kassanın işlədiyini görürsən. Gərək kassanın qarşısında növbə düz qapıya çata, bəlkə onda 2-ci kassaya bir nəfər yaxınlaşa. Görünənlərdən biri də odur ki, kassanın qarşısında daim alıcıların gileyi ilə qarşılaşmaq mümkündür.

Daim “ yeniliklərlə” alıcıların əsəbləri ilə oynayan “Araz” market bu günlərdə isə yeni “siyasətə” başlayıb. Belə ki, artıq bir neçə dəfədir ki, alınan məhsulların çekləri elə bil yağışlardan, sulardan keçib, sonra da günün qarşısında qurudulub. Bu çeklərdən heç nə oxunmur. Elə bu səbəbdən də QR kodu telefonlarda açılmır. “Araz”ın yeni “siyasəti” nəticəsində insanlar aldığı məhsulun ƏDV-ni geri ala bilmirlər.

Kassirlər kassa aparatının nasaz olduğunu, yenisinin alınacağını söyləyir. Alıcılar isə öz etirazlarını bildirir, bunun onların problemi olmadığını vurğulay. Belə olan halda isə daşdan səs çıxır, “Araz”dakılardan yox.

Belə də dərd olar? Axı nə üçün “Araz”a hər girdiyimizdə problemlərlə üzləşməliyik. Nədir camaatın günahı ki, “Araz”da hər dəfə başına belə müsibətlər gəlir? Axı problem bir dəfə olar, deyərsən ki, iş olan yerdə çətinlik də ola bilər. Axı gün ərzində milyonlarla qazanc əldə edən belə böyük marketlər şəbəkəsinin bir filialında nə üçün bu cür problemlərlə üzləşməliyik? Kassa aparatının nasaz olmasının alıcıya dəxli varmı? Alıcı nə etsin ki, sizin aparatınız xarabdır?

Gəlin görək, alıcı sizdən aldığı məhsulu daşımaq üçün bir salafan paket istəsə, onu pulsuz verərsinizmi ona? Bəs belə isə o, haqqı olan ƏDV-ni nə üçün sizin xarab kassa aparatınız hesabına itirməlidir?

Market yaxşı yerdə, yəni məhəllə sakinlərinin ən çox keçdiyi yol üzərində yerləşir. İnsanlar da nə etsin, yollarının üzərində olduğu üçün keçib ehtiyacları olan ərzağı buradan almaq istəyir. Lakin hər dəfə bu marketdən problem yaşamadan çıxmaq mümkün deyil. Odur ki, sual olunur: “Araz”ın dərdi nədir? Çatışmayanı nədir, ki, işini qura bilmir? Bir gün yanlış endirim, bir gün endirimli qiymətə olan məhsulun əvvəlki qiymətə satışı, bir gün kassa problemi, bir gün kartla ödəmədə problem, indi də kassa aparatı problemi.

Görəsən “Araz” günlərdir, davam edən bu problemin həlli barədə necə, heç fikirləşirmi? Yoxsa kassa aparatının nasazlığı “Araz”ın yeni “siyasəti”dir... Belə isə bu siyasət ona uğurdan çox uğursuzluq gətirir. Belə-belə bir də görəcək ki, alıcılarını itirə-itirə gedir.

Axı “Araz”dan da çox günah bizdədir. Biz istəsək, bizə belə sayğısızlıqla yanaşan marketlərin bağlanmasına səbəb ola bilərik. Məsələn, Almaniyanın şəhərlərindən birində marketdən ərzaq alan alıcı onun istehsal tarixində yanlışlıq hiss edib və bunu sosial şəbəkələrdə paylaşıb. Həmin gündən o marketə bir nəfər belə ayağını qoymayıb ki, bəs market bizim sağlamlığımızla oynayır. Sonralar həmin market nə edibsə də, nüfuzunu bərpa edə bilməyib.

Hazırda alıcılarının tamamilə əsəbləri ilə oynayan və onların sağlamlığına zərər vuran “Araz” və ümumilikdə bu kimi səhvlərə yol verən digər marketlərin fəaliyyətində insanların özü günahkardır. Hansı ki, onların bir günün deyil, bir saatın içərisində bağlanması alıcıların əlindədir.

Düşünürəm ki, hələlik nöqsanlar burulğanından yaxa qurtara bilməyən haqqında danışdığımız “Araz” bütün bunlara diqqət yetirməlidir. Eləcə də digər marketlər də unutmamalıdır ki, onların fəaliyyəti birbaşa alıcılarla bağlıdır. Alıcılar bircə dəfə Almaniya variantından istifadə etsə, qapılarını qıfıllayıb getməli olacaqlar.

Mətanət Məmmədova

Digər xəbərlər