Sosial

  • 3 369

Heyif səndən abır, heyif səndən həya, heyif səndən ar...

image

Bəzən elə hadisələrlə qarşılaşırsan ki, sözün həqiqi mənasında, təəccübdən az qalır dilin qurusun. Elə dünən matım-qutum quruduğu kimi. Deməli, işdən gedirəm. “Sahil” bağında iki gənc-qız, oğlan camaatın gözü qarşısındaca uzanıblar otun üstünə, həm də çox səmimi şəkildə. Dedim, vallah, bunlara soyuq dəyəcək. Axi hər gün yaşli bir kişi su borusu əlində bağı suvarır. Deməli, bağ daim rütubətli olur.

İstədim deyəm ki, ay, bala, sizə soyuq olar, birdən düşündüm ki, mənə elə cavab verərlər, elə oradaca qədəmlərim sınar. Elə bunu düşünürdüm ki, onları bayaqkından daha səmimi gördüm və utandığımdan başımı aşağı salıb uzaqlaşdım.

Bir az sonra isə nə baş versə, yaxşıdır? Məndən haradasa 5-7 metr qabaqda gedən iki gənc yolun ortasındaca birdən dayandılar, oğlan keçdi qızın qarşısına, qızı qucaqladı, qaldırdı, endirdi, sanki quluncunu qırırmış kimi görünüş yarandı. Sonra aralanıb yollarına davam etdilər.

Bunları seyr edərkən isə artıq mənim həqiqətən matım-qutum qurumuşdu. Onlarla bərabər mən də dayanmışdım. Niyə, bilmirəm. Az sonra mənə çatdı ki, yolun ortasında dayanmışam. Özümə “özünə gəl” deyib yola davam etməyə başladım. Necə davam etdim, ta deyə bilmirəm... Elə bil o hərəkətləri onlar deyil, mən etmişdim. Düz evə qədər deyinə-deyinə getdim.

Həqiqətən də heyif abır-həyamızdan, ismət-iffətimizdən. Hara getdi onlar? Axı biz o bizlər idik ki, “başı aşağı ol, küçədə, ictimaiyyət arasında saqqız çeynəmək, artıq hərəkət etmək olmaz ”,-deyə tərbiyə almışdıq. Bu səbəbdən də bütün davranış və hərəkətlərimizə diqqət edirdik.

Heyif itirdiyimiz ar-həyadan. Bizlər o bizlər idik ki, ata-qardaşımızın yanında ağzımızı açıb bir söz danışmırdıq, özümüzdən böyüklərin yanında yemək yemirdik. Uşağımızın ağlamaqdan bağrı çatlasa da, böyüklərin yanında qucağımıza götürmürdük.

Hələ yaşmağı gözünün altınadək çəkən qadınlarımızı demirəm. Yad kişi qapıya gələndə gözə görünməyən qız-gəlinləri demirəm. Qayınatasının gözünə görünməyən, onun yanında oturmayan, yemək yeməyən gəlinləri demirəm.

Bir az da oğlanlardan danışım. Oğlanlar vardı ki, ata-anası onun siqaret çəkməsini illərlə bilmirdi. Çünki bunu onlardan bütün gücü ilə gizlədirdi. Oğlanlar var idi ki, ata-anasının yanında həyat yoldaşı ilə söhbət etmirdi, övladını qucağına almırdı. Oğlanlar var idi ki, haqqında bir söz danışanda utandığından üzü qıpqırmızı olurdu.

Biz nə qədər müasirləşdik ki, hər kəsin gözü önündə uzanırıq, həm də səmimi şəkildə, yolun ortasında qucaqlaşırıq, İlahi? Vallah, adam dəhşətə gəlir. İstəyirsən ki, gözlərinə inanmayasan. Axı inanmaya da bilmirsən. Düz didələrinin içinə girir bu hərəkətlər.

El arasında belə bir deyim var, gözlülər olsun, görməsin. Bu deyimi bax belə hadisələr zamanı deyirlər. Yəni hadisə o qədər dəhşətli olur ki, deyirlər ki, gözün ola, görən olasan, amma görməyəsən. Hə, bu deyim də artıq illərin əvvəlində qaldığı üçün, deyərdim ki, elə kor olasan, belə hadisələrlə qarşılaşmayasan.

İnsan nə qədər azad, nə qədər sərbəst, nə qədər düşüncəsiz, nə qədər də utanmaz olar ki, küçənin ortasında, insanların gözü qarşısında bu hərəkəti edə bilər, anlaya bilmirəm. Anladığım odur ki, çox təəssüflər olsun.

Dünəndən bəri beynimdə dolaşan fikirlər: heyif səndən abır, heyif səndən həya, heyif səndən ar, heyif səndən iffət, heyif səndən ismət, heyif səndən utanmaq hissi, heyif səndən özünə və başqalarına sayğı duyğusu... Heyif, heyif, heyif... Hara getdi bu gözəl keyfiyyətlər, duyğular, hisslər? Harada saldıq itirdik, axtardıq tapa bilmədik? Harada unutduq? Harada dəfn etdik görəsən?

Mətanət Məmmədova

Digər xəbərlər