Sosial

  • 1 266

MÜSAHİBƏ: bəlkə bürokratik əngəl?

image

İşə qəbul ölkəmizdə imtahan vasitəsilə həyata keçirilir. Bu, çox təqdirəlayiqdir. Kimin savadı var, əziyyət çəkib oxuyub, tay-tuşu sosial şəbəkələrdə gecə səhərədək gəzəndə, boş-boş veyllənəndə kimin əlindən kitab düşməyibsə, təbii ki, onun üçün imtahan vermək də dərd deyil. İmtahanını verəcək, istədiyi sahədə işə düzələcək, yaxşı maaş alacaq, mənzil məsələsini həll edəcək, sonra ailə quracaq. Bir-iki ilə, necə deyərlər, yüz ilin evi olacaq.

Olacaqmı, yəni? Buna bürokratik əngəllər icazə verəcəkmi? Dövlət başçısı tərəfindən ölkədə gənclərə göstərilən diqqət, onlar üçün yaradılan şərait qarşılığında əksər dövlət qurumlarında gənclər üçün yaradılan əngəlləri deyirəm. Onların işə düzəlməsinin yubadılmasını, müxtəlif vəzifələrə irəli çəkilməsinin əngəllənməsini, dövlət qurumlarında, idarə, müəssisə, təşkilatlarda vakant yerlərin aylarla boş saxlanmasını deyirəm. Test imtahanını ən yüksək nəticə ilə başa vurub ikinci-müsahibə mərhələsində bürokratik əngələ ilişən, gözləri yollarda qalan, aylarla cibində bir qəpik pulu olmayan gəncləri deyirəm. Aylar öncə verilən, lakin nəticəsi elan olmaq bilməyən imtahanları, gənclərin gənclik həvəsini gözündə qoyan nəticəsiz imtahanları deyirəm. Gənc qızların ailə qurmasını, gənc oğlanların evlənməsini, ailə-uşaq sahibi olmasını əngəlləyən müsahibə imtahanını deyirəm.

Və işə qəbul imtahanlarının məhz ikinci mərhələsi-müsahibə üzərində dayanıb, bunun mahiyyətindən bir qədər danışmaq da istəyirəm. Müsahibə, maraqlıdır, bu, bir qəzet janrıdır, müsahibəni də jurnalistlər alır. Necə oldu ki, ölkədə bütün imtahangötürənlər jurnalistə çevrildi? Gənc oğlan, qız birinci imtahanda bal toplayır. Məsələn, ən yüksək bal toplayan bir gəncin təbii ki, intellekt səviyyəsi də yüksək olacaq da. Ta burada müsahibə imtahanına ehtiyac varmı? Və yaxud da tutaq ki, müsahibə imtahanında gənclərin ümumi dünyagörüşü, işləyəcəyi sahə üzrə məlumatlı olub-olmaması yoxlanılır. Sözsüz ki, gənc bu barədə nəzəri bilik əldə edib, müsahibə verəcək. Axı bu gənc hələ heç bir yerdə işləməyib, onun iş haqqında hansı biliyi ola bilər ki? Maraqlı deyil? Məncə maraqlıdır. Qaldı gənclərin sağlamlıq vəziyyətinə və psixoloji durumuna baxışa, görəsən çoxsaylı xəstəxanaların işini imtahangötürənlər nə üçün məhz müsahibə vasitəsilə həyata keçirir?

Müsahibə imtahanına ehtiyac olmasa da, bu imtahanın acı nəticələri gənclərimizin həyat eşqini öldürsə də, imtahangötürənlər nəyi görmək istəyirlər, nəyi soruşmaq istəyirlər, soruşsunlar. Axır ki, gəncləri incitməsinlər, onların işə qəbuluna bu müsahibə mərhələsi əngəl yaratmasın.

Nə üçün gənclər bu problemlərlə üzləşməlidir? Bu, diqqət salınmalı ciddi bir məsələdir. Hətta bu bürokratik əngəlləri yaradanlar ciddi cəzalandırılmalıdır. Gənclərin qarşılaşdıqları çətinliklərdən, imtahandan sonra gözləri yolda gözləmələrindən və onların layiq olduqları halda kənarda qalmalarından söhbət açmaqla, bu imtahanları həyata keçirən aid təşkilatlara və şəxslərə belə bir sual ünvanlayaq: nə üçün gəncliyi incidirsiniz? Nə üçün ən yüksək bal toplayan gənci işlə təmin etməyib onu narazı salırsınız? Nazirliklər, komitələr, baş idarələr, sözümüz sizədir. Siz vəzifəyə vətəndaşları incitmək üçün, yoxsa onların məsələlərini həll etmək üçün təyin edilmisiniz?

Nə üçün gənclərin arzularına qarşı çıxırsınız. Nə üçün onlar bir dəfə deyil, 2-3 dəfə imtahan verib, yüksək bal toplayır, lakin nəticə etibarilə işsiz qalır. Nəticə isə bu olur ki, ailə qura bilmir, ev ala bilmir. Məcburən fəhləlik edir, kafe-restoranlarda afisant işləyirlər. Bəli, tanıdığımız gənclər var, həm ali təhsili var, həm magistratura təhsili alıb, lakin hələ də aşağı vəzifələrdə çalışır və yaxud kafe-restoranlarda nazir balalarının qarşısına çay, çörək gətirir. Gözləyir ki, yenidən imtahan vaxtı gəlsin, bəlkə bu dəfə...

Sualımıza aid nazirlik, komitə, baş idarələr hansının ki, adı gənclərin işlə təminatı məsələsində daha tez-tez hallanır, yüksək bal toplayan gəncləri görməzdən gəlirlər, cavab verməlidir ki, nə üçün bu məsələ belədir?

İmtahanların müsahibə mərhələsini bilirsiniz necə adlandırırlar? Dayı mərhələsi. Axı hər kəsin vəzifədə dayısı ola bilmir. Hər kəs imtahanın ikinci mərhələsi üçün özünü tapşırda bilmir. Belə olan halda nə üçün dayısı olub, lakin başı boş olanlar vəzifəyə gəlməli, bizim layiqli gənclərimiz kənarda qalmalıdır?

Bəzi nazirlər, komitə sədrləri, baş idarə rəhbərləri söz veriblər ki, xalqın balaları ilə bu cür davranacaqlar? Söz veriblər ki, işə yalnız bir-bir ilə əlaqəli şəkildə, bir-birinin xahişi ilə adam seçəcək, vəzifələrə layiq olanın yerinə layiq olmayanı götürəcəklər...

Ümidvar olmaq istəyirik ki, bu məsələlər tezliklə həllini tapacaq. Hansı nazir, komitə, baş idarə rəhbəri bizim gənclərimizə qarşı bu mövqedə dayanıbsa, imtahandan sonra kiminsə zəngini gözləyirsə, həmin zənglərlə savadlı, layiqli gənclərimiz kənarda qalırsa, tezliklə cəzalandırılmasını arzu edirik.

Qeyd edim ki, redaksiyamıza yüksək bal toplayıb müsahibə mərhələsində bürokratik əngəllə qarşılaşan çoxsaylı gənc müraciət edir.

Mətanət Məmmədova

Digər xəbərlər