Cəmiyyət

  • 398

Turizmin inkişafında hədəflər TƏHLİL

image

Böyük İpək Yolunun üzərində mühüm dayanacaq kimi tanınan Azərbaycan inkişaf dövrünü yaşayaraq, daha geniş şəkildə xarici ölkələrdən turistləri qəbul edib. İstər qədim dövrlərdə, istərsə də sovet məkanında yaşadığımız zamanda Azərbaycan təbiəti, təbii sərvətləri, iqlimi, yeraltı və yerüstü sərvətləri ilə xarici vətəndaşların diqqətində olub. Bu gün beynəlxalq aləmin dövlətimizə olan marağının miqyası daha da genişlənmiş, turizm sahəsində əldə olunan nailiyyətlər, həyata keçirilən dövlət proqramları, layihələr turizm sahəsində böyük uğurlara səbəb olub. Bütün fəsillərdə gözəlliyə qərq olan Azərbaycan təbiətin bəxş etdiyi bütün yeraltı, yerüstü sərvətləri, iqlimi ilə cəlbedici edir. Turistlər də məhz təbiəti bənzərsiz, əmin-aman bir ölkədə istirahətlərinin təşkilinə önəm verdikləri üçün seçdiklər məkanlar sırasında Odlar Diyarı kimi tanınan Azərbaycana üz tuturlar. Əlbəttə ki, dünya əhalisi arasında səyahətə maraq artdıqca, turizm sektoru dayanıqlı inkişaf imkanlarına malik sahələr arasında üstün mövqeyini qoruyub saxlayır. Tarixən turizm məkanı olaraq tanınan Azərbaycan dövlətinə ilk səyahətlər ticarət, dini, siyasi məqsədləri ilə əlaqəli olub. Qədim Azərbaycan ərazisindən keçən ticarət karvanlarının hərəkəti ilk səyahətlər kimi qəbul olunub. Yaxın tarixi keçmişimizə nəzər salsaq görərik ki, müstəqillik qazandığımız ilk illərdə Azərbaycanda fəaliyyət göstərən ümumittifaq və beynəlxalq turist marşrutları ləğv olunmuşdur. Belə ki, həmin illərdə müharibə və sərhədlərdəki qeyri-stabil vəziyyət turizm sistemində bir sıra problemlərin yaranması ilə nəticələndi. Ötən əsrin 90-cı illərin sonunda turizmin inkişaf tendensiyası ölkənin ali qanunvericilik aktlarında əksini tapdı. Belə ki, Azərbaycanda turizm sahəsi dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Ölkənin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turistlərin Azərbaycana çoxsaylı səfərlərinin təşkili, turizmin müxtəlif növlərinin inkişaf etdirilməsi, müasir turizm infrastrukturunun yaradılması və s. sahələrdə məqsədyönlü tədbirlər planı həyata keçirilməyə başlandı. Ümummilli Lider Heydər Əliyev tərəfindən təsdiq edilən "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2002-2005-ci illər üçün" Dövlət Proqramının tələblərinə uyğun olaraq, turizm sahəsində beynəlxalq standartlara cavab verən mehmanxanalar tikildi, ölkəyə bir sıra aparıcı beynəlxalq investisiya şirkətləri cəlb olundu. Ulu Öndərin məqsədyönlü fəaliyyətini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin bütün sahələrə olduğu kimi turizm sektoruna da ayırdığı diqqətin nəticəsi olaraq uğurlu nəticələr əldə olunub. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, turizmin inkişafının yeni mərhələsinə təkan verəcək "Azərbaycan Respublikasında Turizmin İnkişafına dair 2008-2016-cı illər üçün Dövlət Proqramı" hazırlandı. Bu müddət ərzində nümayiş obyekti kimi istifadə olunması məqsədəuyğun hesab edilən bir sıra tarix-mədəniyyət abidələri bərpa edildi və turistlərin istifadəsinə verildi.

TURİSTLƏRİN MƏMNUNLUQ SƏVİYYƏSİNİ ŞƏRTLƏNDİRƏN AMİLLƏR

Prezident İlham Əliyev tərəfindən turizmə göstərilən diqqətin nəticəsidir ki, bu gün Azərbaycan perspektivli turizm ölkəsinə çevirib. "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı" ölkədə turizmin rastlaşdığı problemlərin həll edilməsinə və turizm sahəsinin daha da inkişaf etdirilməsinə müsbət təsirini göstərdi. Müasir dövrümüzdə ölkədə yüksək iqtisadi, sosial və ekoloji tələblərə cavab verən müasir turizm sahəsinin formalaşdırılması və onun ölkə iqtisadiyyatının əsas inkişaf dayaqlarından birinə çevrilməsi təmin edilir. Turizm fəaliyyəti üçün əlverişli şəraitin mövcudluğu, turizm ehtiyatları, ölkənin zəngin coğrafi landşafta malik olması, xalqımızın qədim mədəni-tarixi irsi, eləcə də onun fauna və florası bu sahənin sürətli inkişafına yol açan əsas amillərdir.

2016-cı ildə "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin qəbul edilməsi, elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza" sisteminin yaradılması turizm sahəsinin inkişafında mühüm rol oynadı. Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Sərəncam"ına əsasən, Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması isə bu proseslərə kompleks yanaşmanın məntiqi nəticəsi kimi özünü göstərir.

Ölkəmizdə bütün sahələrdə olduğu kimi, turizminin inkişafına da dövlət tərəfindən ayrılan diqqət və qayğı bu sahəni iqtisadiyyatının aparıcı sahəsinə çevirib. Görülən işlər ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafına ciddi təsir göstərib. Turizm sektorunda göstərilən xidmətlərin yalnız kəmiyyət göstəriciləri baxımından deyil, keyfiyyət baxımından da təkmilləşdirilməsi, turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması prosesi davam etdirilir.

DİNİ TURİZM - QORUNAN ABİDƏLƏR

Qobustan rayonunda yerləşən "Diri Baba" türbəsində turizm infrastrukturunun yaradılması bir daha dini abidələrimizə dövlətimiz tərəfindən göstərilən qayğının və dini turizmin inkişafına ayrılan diqqətin bariz nümunəsidir. 1402-ci ildə Şirvanşah hökmdarı I İbrahimin əmri ilə tikilən "Diri Baba" türbəsi dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli memarlıq abidəsidir. Sufi şeyxlərindən birinin şərəfinə tikilən türbənin bir hissəsi qaya içərisində yerləşdiyindən Qafqazın ən nadir abidələrindən hesab olunur. İkimərtəbəli türbə, yaxınlığında yerləşən süni şəkildə yaradılmış bir neçə mağara və kaha, həmçinin üzbəüz orta əsrlərə aid qəbiristanlıq və qədim türbə qalıqları birlikdə vahid bir kompleks əmələ gətirir. "Diri Baba" türbəsi Orta əsr Şirvan-Abşeron memarlığına aiddir. Bu binanın memarlıq üslubu onu XV əsrdə Bakıda inşa edilmiş görkəmli abidələr, xüsusilə Şirvanşahlar saray kompleksi ilə bağlayır. Türbə müqəddəs məkan sayılır və insanlar bu türbəyə tapınıb və tapınır. Bu nadir maddi-mədəniyyət incisi haqqında el-oba camaatı arasında müxtəlif rəvayətlər hələ də dolaşmaqdadır. "Diri baba" müqəddəs bir məkandır və bütün Şirvan eli əsrlər uzunu bu ocağa tapınıb. "Diri baba" bu gün də əzəmətlidir. Ətrafında əsaslı abadlaşdırma işləri aparılıb. Abidənin tarixi-mədəni əhəmiyyəti ilə yanaşı, turizm potensialı qiymətləndirilərək, həmçinin antropogen və təbii amillərin təsiri ilə deqradasiyaya uğramasının qarşısını almaq məqsədilə Dövlət Turizm Agentliyi tərəfindən burada bir sıra infrastruktur və bərpa işləri aparılıb.

Bu gün ölkəmizdə bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir, eləcə də bir çoxları yenidən tikilir. Dövlətimiz tərəfindən tarixi-mədəni irsin, eləcə də dini ziyarətgahların, maddi-mədəniyyət abidələrinin bərpası və mühafizəsi daim diqqət mərkəzində saxlanılır. Tolerantlıq mühitinin hökm sürdüyü Azərbaycanda Avropa ölkələrindən gələn turistlər xristianlıqla bağlı abidələrə də üz tuturlar. Şəkinin Kiş kəndindəki alban məbədi, Qəbələnin Nic kəndindəki alban kilsəsi bu qəbildəndir.

Azərbaycanda yaşayan qədim yəhudi, xristian, udin və digər milli azlıqların yaşayış məskənləri olan Krasnaya Sloboda, İvanovka və başqa kəndlər dövlətin daim diqqət və qayğısı ilə əhatə olunub. Qəbələ də müxtəlif xalqların bir məkanda yaşadığı yerdir. Bura gələn hər kəs multikulturalizmin Azərbaycanda yaşadığını və bu yaşam tərzinin sülh və dostluq üçün unikal model olduğunu görürlər. Fərqli dinin, fərqli etnosun yaşadığı Nicin timsalında Azərbaycanda mövcud olan multikulturalizmi görməmək mümkün deyildi. Nic kəndi udilərin ən iri yaşayış məskənidir. Tolerantlığın kiçik modeli olan Nic qəsəbəsində hazırda 3 kilsə, 2 məscid var. Ölkəmizdə tarixən mövcud olmuş multikultural dəyərlər sisteminin – Xristian, İudaizm və İslam kimi üç səmavi dinin, bu dinlərə etiqad edən etnosların dini icmalarının və kilsə, sinaqoq və məscidlərin mövcud olduğu, eləcə də müxtəlif azsaylı xalq və etnik qrupların birgə yaşadığı regionlarımızdan biri də Qəbələ rayonudur. Dünyadakı 10 minə yaxın udinin 4 minə yaxını Qəbələnin Nic qəsəbəsində yaşayır. Qəbələnin Nic qəsəbəsində yerləşən Müqəddəs Məryəm Ana Alban kilsəsi 2019-cu ildə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmağa başlanmış və 2020-ci ilin noyabr ayında 44 günlük müharibə zamanı bərpa işləri başa çatdırılmışdır. Bu tarixi irsin yenidən bərpası Azərbaycanda multikultural dəyərlərə verilən önəmin bir göstəricisidir. Udilər bu gün alban kilsəsinin varisləridir, xristianlığı qoruyub saxlayıblar. Müqəddəs Məryəm Ana kilsəsi Azərbaycanda ən böyük kafedral kilsədir. Tarixi özündə əks etdirən Müqəddəs Məryəm Ana kilsəsinin bərpası Afina memarlığına uyğun olaraq aparılmışdır. Əlbəttə ki, ölkəmizə səfər edən turistlər üçün bu məkanlar böyük marağa səbəb olur.

Qeyd edək ki, COVID-19 pandemiyasından sonra Azərbaycan turizm sahəsini tez bir zamanda bərpa edən ölkələrdən oldu. Cari ilin yanvar-mart aylarında Azərbaycana 513 min 413 turist səfər edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 39 faiz çoxdur. Ötən il Azərbaycanı 2,2 milyon turist ziyarət edib ki, bu da əvvəlki illə müqayisədə 30 faiz artım deməkdir.

Coğrafi mövqeyinə görə, əlverişli bir ərazidə yerləşən Azərbaycanda turizm ən perspektivli və yüksək potensiallı sahə hesab edilir. Dövlətin də turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcəkdə daha da inkişafına zəmin yaradır. Dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsinin nəzərdə tutulması da təsadüfü deyildi. Onu da qeyd edək ki, Azərbaycanda turizm sahəsində dövlət siyasəti turizmin gələcək inkişafı üçün onun əsas prioritetlərini müəyyən edir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər