Köşə

  • 2 204

Siqaretin bahalaşdırılması nəyə xidmət edir?- KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, tütünçəkmə XX əsrdə 100 milyondan artıq insanın ölümünə səbəb olub. Tütündən yaranan xəstəliklər hər il hər 5 milyondan artıq insanın həyatına son qoyur. Hazırda dünyada 1,5 milyardan artıq insan tütün istehlakçısıdır. Proqnozlara görə, 2050-ci ilədək bu rəqəm 2 dəfə artacaq.

ÜST-ün siyahısına görə, Azərbaycan ən çox tütün istehlak edən ölkələr arasında 13-cü yeri tutur. Təxmini hesablamalara görə, vətəndaşlarımızın hər 7 nəfərindən 1-i siqaret çəkən hesab olunur. Başqa sözlə, Azərbaycanda 1,5 milyon siqaret istehlakçısı olduğu güman edilir. Bu sıraya daхil olanların içində gənclər və yeniyetmələrin də əhəmiyyətli payı var. Üstəlik son vaxtlar “müasirləşmə” kampaniyasının dozasının yüksək olması nəticəsində qadınlar arasında da siqaret çəklənlər artır.

Azərbaycanda hər il 15-20 min nəfərin tütünçəkmənin yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişir. Tütünə qarşı maarifləndirici kampaniyalar aparılsa da, respublika qanunvericiliyi tütün məmulatlarının reklamını qadağan etsə də, siqaret çəkənlərin sayı azalmaq əvəzinə artır. Son vaxtlar siqaretin qiymətinin davamlı artması da siqaret çəkənlərin sayının azalmasına təsir göstərməyib.

Azərbaycanda Milli Məclisin qərarı ilə 18 yaşına çatmamış vətəndaşlara siqaretin satılmaması barədə qanun qəbul olunub. Lakin reallıqda bu qanunun tələblərinə riayət olunmur. Bu adi müşahidələr zamanı da, ictimai təşkilatların monitorinqləri zamanı da ortaya çıxır.

Bunu satıcılara irad tutduqda və ölkə parlamenti tərəfindən qəbul olunmuş qanunu xatırlatdıqda onlar müxtəlif bəhanələrlə vəziyyətdən çıxmağa çalışırlar. Satıcıların əksəriyyəti deyirlər ki, uşaqlar siqareti adətən ataları üçün alırlar. Buna nəzarət mexanizmi yoxdur.

Adi müşahidələrimiz cəmiyyətin yaşlı təbəqəsinin də azyaşlılara və yeniyetmələrə siqaret çəkməyə görə irad tutmadıqlarını da göstərir. Hətta hər birimiz yəqin ki, azyaşlı uşaqların yaşlı kişilərdən siqaret yandırdığının və həmin yaşlının da həvəslə ona kibrit uzatdığının şahidi olmuşuq.

Yeniyetmələr və gənclər arasında siqaret çəkənlərin sayının artmasının bir səbəbi də onların asudə vaxtının səmərəli təşkil edilməməsidir. İnkişaf etmiş ölkələrdən fərqli olaraq, Azərbaycanda valideynlərin azı 70 faizi övladının idman seksiyası və başqa yaradıcı dərnəklərdə məşğul olmasını təşkil edə bilmir. Çünki onların qiymətləri çox yüksəkdir. Buna görə də, uşaqlar özbaşına qalır, onlar böyüklərə oxşamağa çalışaraq siqaret çəkirlər. Bəziləri isə, bununla da kifayətlənməyib, narkomaniyaya meyil edir.

Hökumət tərəfindən aksiz vergilərinin mütamadi artırılması nəticəsində siqaretlər maya dəyərindən dəfələrlə baha satılır. Burada əhalini siqaretdən çəkindirmək əsas kimi göstərilsə də, bu, əslində, tütün sənayesindən daha çox gəlir götürməyə hesablanıb. Çünki siqaretlərin bahalaşması siqaret çəkənlərin sayını zərrə qədərə də azaltmır, sadəcə onların xərclərini artırır.

Burada siqaretin 2 manat və ya 3 manat olmasının elə də rolu yoxdur. Siqaret çəkən şəxs istənilən halda onu alacaq. Bir çoxları isə sadəcə daha ucuz siqaretlərə keçir. Yəni, siqaretlərin bahalaşdırılmasının səbəb kimi, guya insanların sağlamlığını qorumaq kimi qələmə vermək mümkün deyil.

Son vaxtlar elektron siqaretlərin satışı artır. Elektron siqaretin yandırılan yağı süni kimyəvi maddələrdən əldə edilir və onun orqanizmdə hansı fəsadlar verəcəyi hələ tam dəqiqləşdirilməyib. Ola bilər ki, xərçəng daxil çox təhlükəli xəstəliklərə səbəb olsun. Çox təəssüf ki, son vaxtlar yeniyetmələr (xüsusən qızlar) arasında da elektron siqaret çəkənlərin sayı artıb və onun tütün ətri olmadığına görə valideynlər çox vaxt bundan xəbərsiz olurlar.

Hər bir halda bu zərərli vərdişin aradan qaldırılması üçün əsaslı tədbirlər görülməlidir. Əgər müvafiq orqanlar həqiqətən əhalinin sağlamlığını istəyirsə, tütünlə mübarizədə tamam başqa metodlar tətbiq olunmalıdır. Bu barədə xarici ölkələrin müsbət təcrübələri var. Onlardan istifadə etmək olar.

Hökumət, siqareti tərgitmək istəyənlərə müvafiq dərmanlar və digər vasitələrlə kömək göstərməlidir, onlara müəyyən məsələlərlə güzəştlər tətbiq olunmalıdır. Tütünlə mübarizədə müsbət təcrübəsi olan ölkələrdə belə edirlər. Elə qonşularımız Rusiyada və Türkiyədə də belə tədbirlərlə tütünçəkmə səviyyəsi azaldılır.

Burada əsas faktorlardan biri də, ictimai qınaq və maarifləndirmədir. Qapalı məkanlarda siqaret çəkilməsinin qadağan olunması yaxşı tədbirdir. Başqa tədbirlər də görülə bilər.

Digər xəbərlər