Köşə

  • 2 823

Bahalaşma davam edir: səbəblər və həll yolları nədir? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

İlin ərzaq məhsulu cəhətdən ən bol mövsümü olduğuna baxmayaraq Azərbaycanın istehlak bazarında yüksək qiymətlər müşahidə olunur. Hətta mövsüm meyvə tərəvəzlərinin belə qiyməti yüksəkdir. Bahalaşma və inflyasiya ilə bağlı əhalinin narahatlığı həm deputatlar, həm də ekspertlər tərəfindən gündəmə gətirilir. Bəs bazarlarda ərzaq mağazalarında müşahidə olunan bahalaşmanın obyektiv və subyektiv səbəbləri nədir? Ümumiyyətlə, bazarlarda qiymət məsələsinə nəzarət necə olmalıdır?

Əlbəttə, müxtəlif amillərin təsiri ilə, müəyyən məhsullarda bahalaşma müşahidə olunur, amma bunu süni bahalaşma adlandırmaq olmaz, bu, tam təbiidir, enerji daşıyıcılarının qiyməti bahalaşıbsa, müxtəlif xidmətlərin qiyməti, vergilər, rüsumlar, cərimələr artırılıbsa, belə də olmalıdır. Çünki bütün bu təsirlər nəticəsində məhsulların istehsal və maya dəyəri artıb. Bu halda istehsalçıları qiyməti bahalaşdırmaqda qınamağın heç bir əsası yoxdur- heç kim məhsulunu maya dəyərindən aşağı satmaz- bundansa “dükanı” bağlayıb gedər.

Lakin bəzi hallarda süni bahalaşma hallarına da rast gəlinir, ona görə də, bu sahədə də bir nəzarət olmalıdır ki, qiymətlər monopolist səbəblərdən, ya da yaranmış vəziyyətdən sui-istifadə səbəbindən artmasın. Tutaq ki, məhsulun maya dəyəri 10 faiz artıbsa, qiyməti də 10 faiz artmalıdır, daha 30-50 faiz yox. Dövlət bunu tənzimləmək üçün kiçik və orta sahibkarlara müəyyən güzəştlər edə bilər, monopoliyanın qarşısını tam ala bilər və s.

Əlbəttə, hazırkı dövrdə qiymətləri tənzimləyən səbəblərdən biri də bazarın tələb-təklif məsələsidir. Bazarda qıt olan məhsullar bahalaşır, bol olanlar ucuzlaşır. Buna görə də dövlət yerli istehsalı olmayan və ya çox az olan məhsullar üzrə gömrük rüsumlarını azalda bilər ki, həmin məhsullara tələb təklifi üstələməsin. Bundan başqa, yerli istehsalı dəstəkləmək üçün lazımi addımlar atıla biər ki, yerli məhsul istehsalı çoxalsın. Son nəticədə bazarda bolluq və ucuzluq ola bilər.

Maraqlıdır ki, bahalaşmayan məhsullar, əsasən, xaricdən idxal olunan məhsullardır. Lakin yerli istehsal meyvə-tərəvəz, ət və süd məhsulları bahadır. Ərzaq məhsulları keçən mövsüm daha ucuz idi, indi 50 fazi ətrafında bahalaşma var.

Yerli məhsullarda bahalaşma təkcə kənd təsərrüfatı məhsullarında deyil, həm emal sənayesi qida məmulatlarındadır. Belə ki, bitki yağları, meyvə və tərəvəz konservləri, süd məhsulları, ət və ət məmulatları, paxlalılar, ədviyyatlar və s. xeyli bahalaşıb.

Bazardakı vəziyyət göstərir ki, fermerlərin ciddi problemləri var, üstəlik onlar paytaxt və digər iri şəhərlərin bazarlarına rahat çıxış əldə edə bilmirlər. Məhz buna görə sahələrdə məhsul iri şəhərlərdə satılan qiymətdən 5-10 dəfə ucuzdur. Nəticədə, istehsalçı uduzur, istehlakçı uduzur, qazanan yalnız dəllallar olur.

Hazırda bazarlarda yerləri alverçilər tutub, yarmarkalarda da təxminən belədir. Uzun illərdir ki, təklif edirik ki, ölkədə məhsul bolluğu və ucuzluq yaratmaq üçün sadə yol var- KTN daimi yarmarkalar təşkil etməli və yalnız məhsul istehsal edən kəndliləri ora maneəsiz və pulsuz buraxmalıdır. Əgər daimi olaraq belə yarmarkalar fəaliyyət göstərsə, ucuzluq və bolluq olar. Məhsulunu rahat və normal qiymətə sata bilən kəndlinin məhsul əkib-becərmək, heyvandarlıqla məşğul olmaq imkanları və istəkləri artıracaq.

Azərbaycanın aqrar sahədə həm daxili tələbatın ödənilməsi, həm də ixrac potensialı genişdir. Bu sahə inkişaf edərsə, istənilən uzunmüddətli böhran zamanı ölkəni ərzaqla təmin etmək olar. Belə olan halda hazırda çox yüksək səviyyədə olan idxaldan asılılığımız minimuma düşər.

Rusiya, ABŞ, Belarus, Türkiyə, həmçinin, əksər Avropa ölkələrində dövlət tərəfindən kənd təsərrüfatına güclü dotasiya ayrılır, əsas ərzaq məhsullarının istehsalı üçün stimullaşdırıcı tədbirlər görülür, fermerlərə güzəştlər edilir. Belə ölkələrdə dövlət tərəfindən fermerin məhsulunun hətta bazar qiymətindən də yüksək qiymətə alınacağı haqda əvvəlcədən müqavilə bağlanır.

Buraya kəndlinin öz məhsulunu sərbəst və maneəsiz şəkildə bazara çıxarma imkanlarını, möhtəkirliyin aradan qaldırılmasını və anti-inhisar tədbirlərini də əlavə etsək, belə ölkələrdə xarici amillərin təsiri ilə böhranın yaranması üçün heç bir səbəbin olmadığı aydın olar.

Aqrar sektorun inkişafı üçün dövlət tərəfindən milyardlarla vəsait ayrılır, sadəcə həmin vasitələrin effektiv idarə edilməsinə ehtiyac var. Bu sahədə kompleks proqramlar hazırlanmalı, vergi güzəştləri tətbiq edilməlidir. İlkin növbədə kiçik və orta sahibkarlara dəstək verilməlidir.

Əgər bu tədbirlər effekltiv şəkildə həyata keçirilsə, bunun ölkəmizin ərzaq təhlükəsizliyinin tam təmin etməsi ilə bərabər, həm də əhalinin sosial rifahının artmasına müsbət təsiri müşahidə olunar.

Digər xəbərlər