Siyasət

  • 1 004

Ermənistan və hiyləgər tülkü - RAKURS

image

Təmsil Azərbaycan ədəbiyyatında tez-tez rast gəlinən janrlardandır. Bundan istifadədə yazıçıların, şairlərin əsas məqsədi oxucuya məhz heyvanların timsalında həyat hekayələrini anlatmaq, maarifləndirmək və bir az da dərinə getsək tərbiyyələndirməkdir. Bir ayı və bir şirin ovladıqları dovşanın kimə qismət olduğuna aydınlıq gətirən təmsili də yəqin ki, çöxunuz oxumusunuz. Qazanan kim olur, hiyləgər və şələquyruq tülkü. Bunu bildinizsə, keçək real həyata…

Dünyada gedən savaşların ikisi barədə danışacağıq, Rusiya-Ukrayna və İsrail-İran. Bu gün hər iki cütlük bir-birini yer üzündən silmək üçün bütün imkanlarını ortaya qoyublar. Amma bunu necə edə biləcəklərini, qısaca desək, özləri də bilmirlər. Yəni müharibə aparmağı, döyük sursatı əldə etməyi, öldürməyi bilirlər, amma işi sona çatdırmağı bacarmırlar. Bəs bundan qazanan kimdir? Əlbəttə, bu müharibəni, qarşıdurmanı, münaqişəni tərtib edənlər. Bu gün həmin rolun mahir ifaçısı Qərb imperializmidir. ABŞ-ın rəhbərliyi, çətiri altında toplanan varlı Avropa ölkələri, transmilli şirkətlər, dünyanı idarə edən, dünya ölkələrini zorla özünün maliyyə zəncirindən asılı vəziyyətə salan iri banklar müharibədən gələn milyardlar, trilyonlar hesabına daha da varlanırlar. Məqsəd kiminsə torpağını alıb, kiməsə vermək deyil, söhbət süni şəkildə tərtib edilən savaşlardan gələn gəlirlərdir.

Rusiya-Ukrayna savaşı iki slavyan xalqı arasında gedir, halbuki qərblilərin postsovet məkanına ayaq basdığı günə qədər hər şey çox gözəl idi. Əvvəlcə Ukrayna Qərbin siyasi işğalına məruz qaldı, "demokratiya" dəyənəyi ilə silahlandırılmış zümrəni əvvəlcə hakimiyyətə qarşı qaldırdılar, sonra isə istiqaməti ukraynalılarla "ət-dırnaq" münasibətində olan Rusiyaya qarşı yönləndirdilər. Savaş texnoloqları məsələni kiçik etirazlardan müharibə ritorikasına qədər çəkib gərirə bildilər. Savaş üçün qığılcım da tapıldı və qardaş qardaşı məhv etməyə başladı. 2014-cü ildən başlanan proses böyük müharibəyə qədər uzadıldı, yumruq davası ballistik raketlərin uçuşduğu, hər gün minlərlə insanın məhv edildiyi, milyardlarla vəsaitin itirildiyi savaşla əvəzləndi. Bu gün Rusiya-Ukrayna savaşı "Qorbi düyünü" kimi müəmmalı fazaya qədəm qoyub, yəni "pat" vəziyyəti yaranıb.

İran və İsrail – sərhədsiz müharibə

İranla İsrail arasında savaşın dəqiq tarixi bəlli deyil. Amma buna nəsillərin davası, müharibəsi də demək olar. Hakimiyyətlər, hətta ideologiyalar dəyişsə də iki dövlət arasında dava bir an belə səngimir, əksinə daha da şiddətlənir. İran İsraili, İsrail də İranı xəritədən silmək istəyir. Amma bir-birindən uzaqda yerləşdikləri üçün arzularına çata bilmirlər. Ümid qalır proksi, yəni ölkə ərazisindən kənarda, düşmən ölkənin isə sərhəddi yaxınlığındakı qüvvələrə. İran İsrailin burnunun ucunda mövqelənmiş HƏMAS və "Hizbullah" qruplaşmalarından öz məqsədləri üçün istifadə etməsi heç kim sirr deyil. İran sünni və şiələrdən ibarət iki qrupu bir araya gətirbilməsinin sirri də onların hər ikisinin İsrailə İran kimi düşmən kəsilməsidir. İranın raketləri İsrailə qədər çatmasa da proksi qüvvələrin səsi hətta bu ölkənin lap yaxınlığından gəlir.

"Tehran bütün ölkələrlə əməkdaşlığı alqışlayır, lakin təzyiqlərə boyun əyməyəcək və beynəlxalq müddəalara uyğun olaraq təcavüzkarlara cavab vermək hüququna malikdir". Bunu İran prezidenti Məsud Pezeşkian Almaniya kansleri Olaf Şolzla telefon danışığı zamanı deyib: "Bütün ölkələrlə qarşılıqlı əlaqələrin inkişafını alqışlayaraq və problemlərin danışıqlar yolu ilə həllinin vacibliyini vurğulayaraq, İran heç vaxt təzyiqlərə, sanksiyalara, məcburiyyətlərə boyun əyməyəcək. Beynəlxalq müddəalara uyğun olaraq, təcavüzkarlara cavab verməyi də İran öz haqqı hesab edir".

Pezeşkian əlavə edib ki, ölkəsinin prioritetlərindən biri Yaxın Şərqdə sülh və sabitliyin yaradılmasıdır Fələstin Siyasi Bürosunun radikal HƏMAS hərəkatının rəhbəri İsmayıl Haniyə və Hizbullahın Beyrutdakı hərbi qanadının komandirlərindən Fuad Şükrün İsrailin endirdiyi zərbə nəticəsində öldürülməsi cavabsız qalmayacaq. İsrail Haniyənin qətlində iştirakını rəsmən təkzib və ya təsdiqləməsə də sifarişin Təl-Əvivdən gəldiyinə əminlik var. Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Con Kirbi deyib ki, Birləşmiş Ştatlar yaxın bir neçə gün ərzində İranın və onun Yaxın Şərqdəki dəstəklədiyi qrupların İsrailə hücum edə biləcəyinə inanır.

İran-İsrail münaqişəsi və Cənubi Qafqaz

İran və İsrail arasındakı gərgin münasibətləri və Yaxın Şərqdəki ümumən çətin geosiyasi vəziyyəti təhlil edərkən nəzərə almaq lazımdır ki, Tehran da Tel-Əvivlə münaqişə olacağı təqdirdə bütün bunların ölkəyə mənfi təsir göstərə biləcəyini yaxşı bilir. İran üçün kifayət qədər ciddi problemlərə gətirib çıxaracaq Cənubi Qafqaz kimi qonşu region da nəzərə almaq lazımdır. İranla İsrail arasında mümkün toqquşmanın və ya birbaşa qarşıdurmanın Cənubi Qafqaz ölkələrinə göstərə biləcəyi təsirlər az deyil. Yumşaq desək, Cənubi Qafqaz regionunda heç də hamı İran İslam Respublikası ilə eyni mövqeyə və münasibətə malik deyil. Ermənistan-İran münasibətlərinə gəlincə, burada görünənlərlə, əsl niyyət arasında kifayət qədər böyük fərqlər var. Çünki, Ermənistan İrana qarşı daha çox imitasiya siyasəti yürüdür. Qərbin əlində oyuncaq olan, onun sifarişi ilə "böyük qardaş"ı Rusiyaya qarşı "buynuz" göstərən İrəvan Qərbin düşməni olan İranla niyə dostluq etsin ki? Bu paradoksa kimsə inanırmı? İran Ermənistanın dostudursa, məntiqlə, İrəvanın böyük "qardaş" və "bacıları" ilə də Tehran dost olmalı idi. Amma birbaşa düşməndirlər, həm də bir-birini məhv etməyə hazırdırlar. Görünür, burada həm İran, həm də Ermənistan manipulyasiya mexanizmini işə salıblar. Bir-birinə yalan sırıdıqlarından hər iki dövlətin xəbəri var, hələlik susmağa üstünlük verirlər.

Ermənistan cidd-cəhdlə İsrail-İran münasibətlərində Azərbaycanı birincinin dostu, ikincinin isə düşməni kimi təqdim etməyə çalışır. Bəzən ermənilər xristian qardaşlarının mətbuat dəstəyi ilə buna nail ola bilirlər. Düzdür, dövlətlər arasında münasibətlər ermənilərin düşündüyü kimi kritik deyil, amma İrandakı bəzi qüvvələr bu yalnış siyasətə şərik kimi görünməyə çalışırlar. Əlbəttə bütün bunların Ermənistan tərəfindən tərtib olunduğuna inam çox azdır. Çünki, belə bir işin altına girmək İrəvanın nə çəkisinə, nə də ölçülərinə mütənasib deyil. Olsa-olsa Ermənistan yalnız suyu bulandıra bilər, vəssalam.

Son hadisələrdə də Ermənistan İsrailin gözlənilən müharibə səbəbindən vətəndaşlarının Azərbaycan və Gürcüstana getməməyi məsləhət görməsi, sanki, Ermənilərin əlinə fürsət verib. Anındaca bütün erməni mediası ayağa qalxıb, Azərbaycanda guya İsrail hərbi bazasının olduğuna dair "faktlar" ortaya qoymağa başlayıblar. Mənbə kimi də, dediyimiz kimi, İsrailin öz vətəndaşlarına, o cümlədən hərbi qulluqçularına çağırış etməsi göstərilir. Belə çıxır ki, İranın xüsusi xidmət orqanları ya yoxdur, ya da zəif işləyir ki, ermənilərə möhtac qalıblar. Əslində isə İsrailin Azərbaycanda hər hansı hərbi bazasının olmadığına dair İranın əlində də dəqiq məlumatlar var.

Belə yerdə ayı ilə şirin ovladıqları dovşanın niyə tülküyə qismət olmasını dab u siyasətdə axtarmaq lazımdır. Ermənistan kimi tülkü və fürsətcil dövlətciklər həmişə başqalarından qalma artıqlara sahiblənmək üçün böyüklərin bir-biri ilə didişib yorulmasını istəyirlər. Rusiya Ukrayna ilə müharibədən o qədər yorulub ki, az qala məğlub etdiyi ölkənin ani həmləsinə tab gətirə, müqavimət göstərə bilmir. Ukrayna da verdiyi itkilərə rəğmən güclə ayaq üstə durur, düşməsi üçün dayağını itirməsi kifayətdir. Rusiya bir tərəfdən sanksiyalardan, digər tərəfdən isə 903 günlük müharibə səbəbindən taqətdən düşmək üzrədir. Bəs bu döyüşdə qazanan kim olacaq? Bəlli ki, nə Ukrayna, nə də Rusiya olacaq, qazanan haldan düşmüş tərəflərin qanını sormağa hazırlaşan Qərb olacaq.

Bəs İran-İsrail cəbhəsindən nə gözlənilir? Qalib kim olacaq? Sanksiyalardan yorulmuş, iqtisadiyyatı çökmüş, dünyadan təcrid edilmiş İran, yoxsa Qərb dünyasının Yaxın Şərqdəki təmsilçisi, əslində isə "qoca qitə" adlı aysberqin Fələstində görünən zirvəsi – İsrail? İran Rusiya kimi böyük müharibəyə çəkilir. "Gözü çıxmış qardaşından dərs götürməyən" Tehran baş verənləri anlamaqda acizdir. Çünki, dalada sıxışdırılıb, carəsiz durumdadır. Oyunda olmasa məhvə məhkumdur, müharibə isə onu qətrə-qətrə tükəndirir. İslam dünyasında liderlik mübarizəsi hadisələrə fərqli tərəfdən yanaşmağa imkan vermir. Müharibədən çəkilməməyin, yayınmamağın bir əsas səbəbi də budur. İran proksi müharibələri, ərəb ölkələrinin himayədarı olmağı dayandırsa onun sonu gələr. Karbohidrogen ehtiyatlarının satışından əldə etdiyi milyardları Yaxın Şərqdə 100 ilə yaxın davam edən və hələ də sonu görünməyən münaqişələrə sərf edir. Əhalisi isə talenin hökmünə buraxılıb.

Erməni Marqaryan nə deyir?

Özünü politoloq adlandıran Marqaryanın sözlərinə görə, Cənubi Qafqaz regionunda da kifayət qədər ciddi risklər və problemlər yarana bilər. Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun İrana son səfəri və Azərbaycanda aparılan maraqlı müzakirələr daha çox gündəmdədir. "Əlbəttə, azərbaycanlı ekspertlər heç bir aydın mövqe və ya fikir bildirmirlər, lakin onlar eyham vururlar ki, istənilən halda ölkə Prezidenti İlham Əliyev "bütün yumurtanı bir səbətə yığacaq" siyasətçi deyil. Bunu nəzərə almaq lazımdır", –Marqaryan vurğulayıb.

İran və İsrail arasında birbaşa qarşıdurmanın Cənubi Qafqaza hansı potensial təsir göstərə biləcəyi sualına gəlincə, regional planda Tehran üçün mümkün risklər var. Bu təhlükələr əlbəttə, Azərbaycandan yox, "kiçik bacısı" Ermənistandan gələcəyi şübhəsizdir. Çünki, İrəvan ABŞ ordusunu artıq müxtəlif adlar altında öz ərazisinə yerləşdirib. Amerika ordusunun İran sərhədində zühr etməsi daha çox İranı narahat etməlidir. İrəvan isə bu hadisəyə fərqli mövqedən şərh verməklə İranın diqqətini sanki yayındırmaq istəyir. Bəs görəsən, ABŞ ordusunun bölmələri İrana niyə bu qədər yaxın olmaq istəyir? Ermənistanı Azərbaycan tərəfdən olmayacaq hücumdan qorumaq, yoxsa İrana qarşı hərbi baza yaratmaq üçün? Düşündürücü suallardır…

V.VƏLİYEV

Digər xəbərlər