Siyasət

  • 467

Kursk 81 il sonra yenidən müharibə meydanına çevrilib TƏHLİL

image

Dünya tarixinin ən amansız və qanlı müharibələrindən olan İkinci Dünya Müharibəsində müxtəlif cəbhələrdə tarixdən silinməyəcək və yaddan çıxması mümkün olmayan savaşlar baş verib. Onların arasında Kursk döyüşü dağıdıcı gücünə və insan tələfatına görə daha amasız döyüşlərdən olub. Bu döyüş müharibənin məcrasını dəyişib, Sovet İttifaqının hərbi uğurlarının davamlı xarakter almasına imkanlar yaratdı. Döyüşlər zamanı hər iki tərəfdən ümumilikdə 1,5 milyon əsgər və zabit həyatını itirib, 2 milyon nəfərə yaxın insan isə sağlamlığından məhrum olunub. Tarixə “Kursk qövsü” kimi düşmüş həmin döyüşlər 1943-cü ilin 4 iyulundan 23 avqustuna qədər davam edib və sovet ordusunun alman qoşunları üzərində qələbəsi ilə başa çatıb. Kursk vilayəti o dövr üçün ən strateji nöqtələrdən hesab edilirdi. Bölgə cəbhə xəttində 225 km. qədər qərbə doğru uzanan, 250 km. genişliyində bir çıxıntı meydana gətirirdi. Bu bölgənin Şimalında Oryol, Cənubunda isə Belqorod – Xarkov cəbhələri yerləşirdi. Generalı Valter Model bu döyüş planına hazırlıq işləri həyata keçirmişdir. General hava foto şəkillərini və kəşfiyyat hesabatlarını hazırlamışdır. Valter Modelə görə Kursk bölgəsindəki Sovet birliklərinin bu təşkili onların, tam da Zeitzlerin planladığı tərzdə bir hücumu gözlədiklərini göstərirdi. Quderian xatirələrində yazır ki, yığıncaqda Maynştaynın fikri soruşulduqda, o, hücumun apreldə edilmiş olsaydı, müvəffəqiyyət şansının yüksək olacağını söyləmiş və iki piyada diviziyasına daha ehtiyac olacağını ifadə etmişdi. Yenə Quderiana görə, Maynştaynin Kurska edilməsi düşünülən hücum haqqında söylədikləri qətilik ifadə etmirdi. Walter Model və Heinz Guderianın etirazlarına qarşı yığıncağın sonunda planı təsdiq edildi. Bəzi Alman komandirlər, xüsusilə də Heinz Guderian bu fikri sorğulayırdılar. Guderian Hitlerə belə soruşmuşdu: "Kurska hücum etmək, hətta o il şərqə hücum etmək lazımlı idimi? Hər hansı bir kimsənin Kurskun yerini da bildiyini bilirsən? Bütün dünya bizim Kursku işğal edib-etməməyimizə əhəmiyyət vermir. Bizi bu il Kurska hücum etməyə, dahası Şərq Cəbhəsində hücuma keçməyə məcbur edən səbəb nədir?." Bəlkə də daha çaşdırıcı bir şəkildə Hitler belə cavab verdi: "Bilirəm. Bunun düşüncəsi belə ürəyimi bulandırır."

Jukov Stalinə yazdığı məktubda alman hücumunun yerini və izlənilməsi lazım olan strategiyanı göstərmişdi

Moskva alman planları haqqında məlumatı İsveçrədəki "Lucy"-nin casus şəbəkəsi vasitəsilə əldə etmişdir. Ancaq bu, əslində, artıqdan bir məlumat axışı idi, çünki Marşal Jukov, cəbhədə etdiyi gəzintilərdə cəbhə komandirlərinə əmr verərək hava və yer kəşflərini sürətləndirmişdi. Bu kəşflərdə əldə edilən məlumatlar və məhbus sorğulamaları, alman cəbhə gerisində fəal vəziyyətdəki partizanların və yerli xalqın təmin etdiyi məlumatlar daha sonra qiymətləndirildi. Nəticədə Stavkaya (Qırmızı Ordu Baş qərargahı), almanların ana qüvvələrinin, cəbhənin mərkəz seqmentində olduğunu təyin etmiş oldu. 8 apreldə Jukov Stalinə yazdığı məktubda alman hücumunun yerini və izlənilməsi lazım olan strategiyanı göstərmişdi. Almanların hücumu davamlı təxirə salması sovetlərə müdafiə etmələrini hazırlamaq üçün 4 ay vaxt verdi və hər keçən günlə birlikdə çıxıntını dünya üzərində ən ağır müdafiə olunan yerlərdən biri halına gətirdilər. Mərkəz Cəbhəsi və Voronej Cəbhəsi müdafiəetmə xəttlərini doldururdu və Step Cəbhəsi ehtiyat qüvvət olaraq gözləyirdi.İlk vuruşmalar 4 iyul 1943-cü ildə Cənubda baş verdi. Alman hücumunun başlamaqda olduğuna dair hesabatlar sahə Mərkəz Cəbhəsi Komandiri Rokossovski, 5 iyul gecəsi səhərə qarşı saat 02:20-də alman mevzilerini bombalamasını əmr etdi. "Yüksək Baş komandir Köməkçisi" olaraq Rokossovskinin qərargahında olan Jukov da əmri təsdiqləmişdir. Dərhal ardından Stalinlə etdiyi telefon danışığında onun da təsdiqini almışdı.

Almanlar 5 iyul 1943-cü il saat 05:30-da Kurskda hücum etdilər. Şimalda, General Walter Model əmrindəki yeddi zirehli diviziya, iki mexanikləşdirilmiş diviziya və doqquz piyada diviziyası, Oryol cəhətdən hücuma keçir. Cənubda Fon Maynştayn əmrindəki on zirehli diviziya, bir mexanikləşdirilmiş diviziya və yeddi piyada diviziyası isə Belqoroddan şimal və şimal şərq istiqamətində hərəkata giriş idilər. Cəmi 17 zirehli, 3 mekaniki və 16 piyada diviziyasından ibarət olan cəmi 36 diviziyayla hücuma girişmişlərdir.

Bir həftə boyunca almanların ardıcıl həyata keçirdikləri hücumlar sovet ordusunun qətiyyətli müdafiəsi ilə nəticələndi. Alman qüvvələri, sovet ordularının geridə ana hissələrinə çata bilmədilər. Alman panzer birlikləri, minalı ərazilərində, sıx topçu atəşi altında və Sovet tanklarının hücumlarında azaldılar. Sonunda geri çəkilmək məcburiyyətində qalmışdılar. Kursk Müharibəsi, almanlar baxımından Şərq Cəbhəsində artıq böyük diametrli bir hücum ümidlərinin tamamilə yox olduğu bir dönüş nöqtəsidir.

Ukrayna Silahlı Qüvvələri babalarının qan tökməklə almanlardan azad etdikləri Kursk vilayətinə daxil olaraq orada öz bayraqlarını qaldırıblar

Kursk döyüşündən 81 il sonra bölgə yenidən savaş meydanına çevirilib. Bu dəfə Ukrayna Silahlı Qüvvələri babalarının qan tökməklə almanlardan azad etdikləri Kursk vilayətinə daxil olaraq orada öz bayraqlarını qaldırıblar. Dünya mediası yazır ki, avqustun 6-dan bəri Ukrayna Rusiyanın Kursk vilayətində 1000 kvadrat kilometr ərazini ələ keçirərək gözlənilməz və uğurlu hücum əməliyyatı keçirir. Ümumilkdə Ukrayna Silahlı qüvvələri Kursk və Belqorod daxil olmaqla 83 yaşayış məskənini nəzarət altına alıb. Vilayətin qubernatoru Simirnov bildirib ki, bölgədən 121 min adam təxliyə edilib: “Düşmənin Kursk vilayətinin ərazisinə daxil olmasının dərinliyi 12 kilometr, cəbhə boyu eni 40 kilometrdir”.

Qubernator həyəcanlı şəkildə bəyan edib ki, Ukrayna tərəfi kimyəvi silahdan istifadə edir: “Srağagün Belovski rayonundakı Rosseti briqadası... atəşə tutuldu, mərmilər kimyəvi silahla idi. Polis şöbəsinə sığındıq. Hamı sağdır, amma həm polis əməkdaşları, həm də kənd sovetinin sədri zəhərlənib”. Söz yox ki, Ukrayna tərəfinin gözlənilməz hərbi uğur əldə etməsinin əsas təşkilatçısı və müəllifi ABŞ-dır. Baxmayaraq ki, ABŞ rəsmiləri özlərini bu məsələdə kar və kor kimi aparırlar. ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bildirib ki, o, hücumla bağlı heç nə bilmir və Kiyevdən daha ətraflı məlumat istəyəcək: “Biz onlara avadanlıq veririk, məsləhətlər veririk. Amma gündəlik taktikalara gəlincə, bəzən bu barədə danışırıq, bəzən də demirik. Qərarları onlar verir”. Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, “Almaniya hökumətinin məqsədi Ukraynanı rus təcavüzkarına qarşı mübarizədə dəstəkləməkdir”. Avropa Komissiyası bildirib ki, Ukrayna "özünü müdafiə etmək hüququna malikdir", buna "öz ərazisində düşmənə zərbə endirmək daxildir".

Ukrayna Rusiya ərazilərində hərbi uğurlarını genişləndirir

Rusiya Təhlükəsizlik Şurasının təcili toplantısını keçirən prezident Vladimir Putin Ukraynanın Kurskda apardığı əməliyyatlara görə cavab verəcəyini bildirib: “Kiyev rejiminin rəhbərləri nəinki rus xalqına qarşı cinayətlər törədirlər, əksinə, mahiyyət etibarı ilə ukraynalıların özlərini, görünür, artıq özlərininki hesab etmədikləri Ukrayna xalqını məhv etmək yolunu tutublar. Ukrayna Silahlı Qüvvələrinin itkiləri onlar üçün, o cümlədən düşmənin sərhədimizə keçirtdiyi ən döyüşə hazır birləşmələr arasında kəskin şəkildə artır. Düşmən, şübhəsiz ki, layiqli cavabını alacaq və qarşımızda duran bütün məqsədlərə, şübhəsiz, nail olunacaq”.

Vladimir Putin onu da bildirib ki, düşmənin aşkar məqsədlərindən biri nifaq, nifaq salmaq, insanları qorxutmaq, Rusiya cəmiyyətinin birliyini və birliyini pozmaq, yəni daxili siyasi vəziyyətə zərbə vurmaqdır. Rusiya prezidenti Ukrayna Silahlı Qüvvələrinin ərazilərdən çıxarılması üçün Müdafiə Nazirliyinə və ölkənin hüquq –mühafizə orqanlarına xüsusi tapşrıqlar verib. Lakin bütün cəhdlərə baxmayaraq Rusiyanın güc strukturları Ukrayna ordusuna qarşı təsirli tədbirlər görə bilmirlər. Əksinə, Ukrayna ordusu Rılsk, Lqov və Kurçatov istiqamətində irəliləməyə davam edir. Hazırda əsas döyüşlər Korenevo qəsəbəsi və Martınovka kəndi ərazisində gedir. Vəziyyətin ağırlığını nəzərə alan vilayət rəhbərliyi Qluşkovsk, Rılsk, Korenevsk, Xomutovsk, Belovsk, Bolşesoldatsk və Krasnoyaruzskdə əhalinin təxliyəsini həyata keçirir. Hərbi uğurlardan ruhlanan Ukrayna ordusu Rusiyaya daha bir zərbəni endirmək üçün Kursk Atom-Elektrik Stansiyasını ələ keçirməyə çalışır. Rusiya Müdafiə Nazirliyinin Hərbi-Siyasi Hazırlıq İdarəsinin rəis müavini, “Axmat” Xüsusi Təyinatlı Dəstəsinin komandiri Aptı Alaudinov isə bildirib ki, hücumun qarşısı alınıb və Ukrayna ordusuna məxsus texnikanın böyük hissəsi zərərsizləşdirilib: “Ukrayna prezidenti Zelenskinin “Kurçatov” AES-in ələ keçirilməsinə və bizim həmin əraziləri tərk etməyimizə hesablanan ultimatumu baş tutmadı”

Dünya nüvə silahı ilə təhdid olunur

Təbii ki, Kursk Atom-Elektrik Stansiyasının zərər görməsi bölgə üçün ağır fəsadlar yarada bilər. Nəzərə almaq lazımdır ki, Zaporijjya AES-in Beynəlxalq Atom Enerjisi Agentliyində baş verən yanğın dünyanın əksər ölkələrinin və beynəlxalq təşkilatların həyəcan təbili çalmağvadar etmişdir. Nəticədə MAQATE mütəxəssisləri Zaporijjya AES-in ərazisində bu yaxınlarda baş vermiş yanğın nəticəsində zədələnmiş soyutma qülləsinə baxış keçirib. Təşkilatın hesabatında deyilir ki, hadisənin səbəbi hələ müəyyən edilməyib. MAQATE-nin baş direktoru Rafael Mariano Qrossinin dediyinə görə, "Müşahidələrə əsasən, komanda yanğının əsas mənbəyinin soyuducu qüllənin bazasında baş verməsi ehtimalının az olduğunu bildirib". MAQATE-nin açılamasında bildirilir ki, soyuducu qüllənin əsasını təşkil edən soyuq su hovuzuna daxil olmaq istəyini “təhlükəsizlik baxımından” rədd ediblər: “Zərər çəkmiş soyutma qülləsinə baş çəkərkən komanda yuxarıda, paylayıcı ucluğun səviyyəsinə yaxın olan daxili avadanlıqlarda yanmış sahələri müşahidə edib. Onlar həmçinin soyuq su hovuzunun üzərinə yayılan yanmış plastik damcıları və yıxılan beton parçalarını müşahidə ediblər”.

MAQATE-nin mütəxəssisləri xəbərdarlıq ediblər ki, enerji bloklarından təxminən bir kilometr məsafədə soyuducu qüllə və irimiqyaslı yanğınlar, hətta radiasiya qəzasına səbəb ola bilər. Lakin onlar radiasiya fonunun normal olduğuna inandırdılar.

Baş verən qanlı müharibə onu deməyə əsas verir ki, vəziyyətin indiki məqamda stabilləşməsi mümkünsüz görünür. Çünki hər iki tərəf mövqeyində israrlıdır. Yəni Rusiya Ukraynanı Qərblə və ABŞ-la əməkdaşlıq edərək regionun mənafeyinə zərbə vurmaqda günahlandırır, rəsmi Kiyev isə suveren ərazlərinin Rusiya tərəfindən işğal edilməsində ittiham edir və danışıqlar masasına yalnız ərazilərindən Rusiya ordusunun çıxarılmasından sonra otura biləcəyini bəyan edir. Belə ziddiyyətli münasibət müharibənin səngiməsinə imkan vermir. Bu arada Rusiyanın bəzi ölkələri nüvə silahı ilə hədələməsi vəziyyətin son dərəcə kritik xarakter aldığına dəlalət edir. Rəsmi Moskva torpaqlarının işğal edilməsini biabırçılıq hesab edərək düşmənlərini nüvə silahı ilə vura bilər. Bu isə dünyanın sonu ola bilər. Hər halda dünyamız çox təhlükəli dövrə qədəm qoyur. Ağır vəziyyəti yalnız bəşəriyyət də sülhün, təhlükəsizliyin təmin olunmasını arzu edən və buna çalışan siyasətçilər aradan qaldıra bilər. İndiki məqamda isə ortada elə bir siyasətçi yoxdur. Bu isə insanlığın və bəşəriyyətin ölüm-qalım dilemması qarşısında qalmasından xəbər verir.

İLHAM ƏLİYEV

Digər xəbərlər