Sosial

  • 1 773

Sovet dövrü milli geyimlərimizin sonu oldu II YAZI

image

Birinci yazıda milli geyimlərimizin tarixindən, dünən və bu günündən bəhs etdik. Qədim və müasir dövrümüzdə qadınların geyimi barədə danışdıq və təəssüflə vurğuladıq ki, bu gün milli geyimləri ən çox assimilyasiyaya uğrayan xalqlar içərisində yerimiz heç də aşağı tərəf deyil, yuxarı başdır. Bu, həm də kişi geyimlərinə aiddir. Yüzilliklər boyu qoruyub saxladığımız dəyəri assimilyasiyanın qoynuna bu qədər asanlıqla necə ata bildik? Dəyişdirdik, özgələşdirdik, özümüzə bənzəməyən bir formaya saldıq. Geyimlə bağlı söhbətimizi davam etdirək və bu dəfə də kişilərdən danışaq...

Qədim kişi geyimləri

Milli geyimlərimizin bir qolunu qadın, digər qolunu isə kişi geyimləri təşkil edirdi. XVI-XVII yüzilliklərdə Azərbaycanda nisbətən varlı təbəqəyə mənsub olan kişilər lap üstdən ətəkləri, çiyin və boyun hissələri tikməli xələt geyinərdilər. Bu xələtlər iki növ olardı. Birinci növ xələtlər məhz çiyinə atmaqdan ötrü idi. İkinci növ xələt, əksinə, ensiz yarımqol olub, əyində nisbətən kip dayanardı.

Həmin dövrdə Azərbaycanda ənənəvi libas sayılan üst geyimi-əba da çox yayılmışdı. Əvvəlki dövrün əbalarından fərqli olaraq, bunlar bədəndə kip oturur, qollar nisbətən dar olurdu. Bu əsrin miniatürlərində belə əbaların ətəklərinin kəmərə sancılaraq gəzdirildiyini də görmək olur.

Kişilər ayaqları dar, yuxarı getdikcə enləşən şalvar geyinərdilər. Şalvarlar da üst köynəyin materialından tikilərdi, lakin rəngi çox vaxt göy və ya tünd-sarı olurdu.

Bu əsrlərin kişi ayaqqabıları da müxtəlif formalı olmuşdur. Ən çox yayılmış kişi ayaqqabısı yumşaq dəridən tikilən dabansız (bəzən də alçaqdabanlı) və uzunboğaz (yüngül) çəkmələr idi.

XVIII yüzildə də Azərbaycan geyimləri çox rəngarəng olmuşdur. Bakı, Quba, Şamaxı, Qarabağ, Naxçıvan, Gəncə, Lənkəran, Şəki, və sair bu kimi müstəqil xanlıqların əmələ gəlməsi geyim məsələlərinə də az təsir etmirdi. Xanlıqların belə xüsusi çərçivədə, başqa-başqa siyasi və iqtisadi vəziyyətdə yaşamaları geyimin (üzdən də olsa) dəyişməsinə səbəb olmuşdur. Bu dəyişkənlik əsas etibarilə geyimin biçimi və siluetində deyil, onun tikildiyi malda və bəzəklərində idi.

XVIII əsrdə Azərbaycanda kişilər üstündən uzunqollu, bədənə kip oturan çuxa geyinərdilər. Çuxa əsas etibarilə qalın parçadan tikilərdi. Şəxsin yaşından asılı olaraq çuxanın rəngi və boyu başqa-başqa olardı.

Əbanı əvvəlki dövrlərə nisbətən, əsas etibarilə mollalar və hörmətli qocalar geyərdilər.

Bu dövrdə kişi ayaqqabıları da çox müxtəlif olmuşdur. Ən çox işlədilən kişi ayaqqabıları dəridən tikilmiş dabansız kiçik başmaqlar idi. Dövlətlilər arasında nazik dəridən tikilmiş uzunboğaz çəkmələr və kəndlilər tərəfindən keçmişlərdən XX yüzilin əvvəllərinə qədər geyilən çarıqlar da var idi.

XIX əsrdə Azərbaycan ərazisini şərti olaraq bir neçə tarixi-etnoqrafik zonaya bölmək olar. Bunlardan Quba-Xaçmaz, Abşeron, Lənkəran-Astara, Şamaxı, Qarabağ, Naxçıvan-Ordubad, Qəbələ-Oğuz, Şəki-Zaqatala, Gəncə və Şəmkir-Qazax zonalarını göstərmək olar. Adları çəkilən tarixi-etnoqrafik zonalarda yaşayan azərbaycanlıların geyimlərinin əsasən eyni olması onların tarixən vahid etnik qrupa mənsub olduğuna sübutdur. Bu zonaların əhalisinin geyimlərindəki kiçik fərqlər Azərbaycanın vahid milli geyiminin yalnız lokal xüsusiyyətlərini əks etdirirdi.

Geyimlər Azərbaycanın ayrı-ayrı tarixi-etnoqrafik zonalarının lokal xüsusiyyətlərini əks etdirməklə bərabər, eyni zamanda onu geyən şəxsin yaşını, ailə və ictimai vəziyyətini də büruzə verirdi. Kişi geyimləri də qadın geyimləri kimi qeyd olunan tarixi-etnoqrafik zonalarda əsasən eyni idi. Kişi geyimlərindən də onun hansı təbəqəyə mənsub olduğunu müəyyən etmək çətin deyildi.

XIX əsr Azərbaycanlı kişilərin milli geyimləri də alt və üst paltarlardan ibarət idi. Kişi üst geyimləri üst köynəyi, arxalıq, çuxa və şalvardan ibarət olurdu. Qeyd etmək lazımdır ki, xalq geyimlərinin çox geniş yayılmış olan bu dəsti, cüzi fərqlər nəzərə alınmazsa, bütün Azərbaycan ərazisi üçün səciyyəvi idi.

Kişi üst köynəyi iki növ olurdu: yaxası ortadan və yaxası yandan biçilən hər iki növün kiçik boyunduruğu olurdu. Köynəyin yaxası qaytandan olan düymə və ilgək ilə düymələnirdi. Kişi köynəkləri əsasən atlasdan və sətindən tikilirdi.

Arxalıq beldən kəsik və bədənə kip biçilirdi. Ətəyi qırçın və ya büzməli, qolları düz olub bilək hissəyə doğru daralırdı. Arxalıqlar bir, yaxud iki döşlü, kiçik boyunduruqlu və boğaza qədər düyməli olurdu. Onu kişmirdən, atlasdan, nazik mahuddan, sətindən, lastikdən və digər parçalardan tikirdilər. Arxalığın üstündən cavanlar qayış və ya kəmər, yaşlı və qoca kişilər isə qurşaq bağlayırdılar.

Çuxa kişi üst geyimlərindən biridir. Azərbaycanda iki cür-vəznəli və çərkəzi çuxalar mövcud idi. Hər iki çuxanın yaxası açıq biçilirdi. Çuxa belə qədər kip və astarlı, ətəyi büzməli yaxud qırçınlı tikilirdi. Bel hissəsində çuxanın bəndi olardı.

Vəznəli çuxanın qolları düz və uzun biçilib hər iki döşünə vəznə xəzinələri tikilirdi.

Çərkəzi çuxa vəznəlidən qolunun biçiminə görə fərqlənirdi. Çərkəzi çuxanın şiş və ya dairəvi uclu əlcəkli qondarma qolunun astarı ipək parçadan tikilirdi. Bu qolların kəsiyi boyu çox vaxt qaytandan düzəldilmiş ilgək və düymələri olurdu. Çərkəzi çuxanın uzunluğu müxtəlif idi: bəzilərinin uzunluğu dizdən bir qədər aşağı, bəzilərininki isə dizə qədər olurdu. Çuxanı mahuddan və ya şaldan tikir, müxtəlif qızılı bafta, sarıma və başqa parçadan köbə ilə bəzəyirdilər.

Kişi şalvarı lifə hissəsində nisbətən gen olub, ayaq tərəfə getdikcə daralırdı. Balaqların arasında üçbucaq formalı parça tikilirdi. Şalvarın lifəsinə keci sapından toxunmuş tumanbağı keçirilirdi. Tumanbağının uclarında qızılı və gümüşü güləbətin sapdan toxunmuş gözəl qotazları olurdu. Şalvar evdə toxunmuş şaldan, yaxud müxtəlif çeşidli yun parçalardan tikilirdi.

Bəzi dağlıq rayonlarda kişi üçün üst qış geyimi qoyun dərisindən tikilən yaxası düyməli kürk hesab olunurdu. Ticarət mərkəzlərində və şəhərlərdə kişilərdən Xorasan kürkü geyənlər də vardı. Xorasan kürkünün üzəri ipək sapla naxışlanırdı. Dağlıq yerlərdə çobanlar qışda yapıncıya burunurdu.

Kişi baş geyiminə Azərbaycanda xüsusi əhəmiyyət verilirdi. Başı açıq gəzmək olmazdı. Ən geniş yayılmış kişi baş geyimləri müxtəlif biçimli dəri papaqlar hesab olunurdu: buxara və çərkəzi papaq (qara, çal və mixəyi buxara dərisindən), çobanların şələ papağı və başqaları. Tirmə və ipək parçalardan üzəri əksər hallarda güləbətin tikməli araqçınlar çox geniş yayılmışdı. Yaşlı kişilər və qocalar papağın altından ağ bezdən sırıqlı təsək qoyurdular. Gecələr isə kişilər sırıqlı şəbkulah geyirdilər.

Aşılanmış və xam göndən hazırlanmış kişi ayaqqabıları adətən bir rəngli və naxışsız olurdu. Şəhərlərdə kişilər başmaqçıların tikdikləri başmaq və ya nəleyin geyinirdilər. Kənd yerlərində isə xam göndən tikilmiş çarıqlar daha çox yayılmışdı. Çarıqların bağları yun ipdən toxunurdu.

Yerli zərgərlər əhaliyə lazım olan hər cür zərgərlik məmulatı hazırlayırdı. Dağıstanın Kubaçi zərgərlərinin istehsal etdikləri gümüşdən düzəldilmiş qadın və kişi kəmərləri də Azərbaycanda böyük şöhrət tapmışdı.

Kişilər bəzək-düzək sevməzdi...

Elə ki, sovetləşdik, qədim dövrlərdən az-maz saxlaya bildiyimiz geyimlər də dəyişdi. Bizim olanlarla heç bir əlaqəsi olmayan geyim formalarına keçdik. Elə həmin vaxtlardan indiyədək olan dövrə nəzər salaq.

Kişi deyiləndə həmişə gözlərimiz önündə geyimi-keçimi qadınlardan çox fərqli-sadə olan insan canlanıb. Onlar bəzək-düzək sevməzdi, sadə şalvar-pencəklərə, köynəklərə üstünlük verərdilər. Hər fəslə uyğun geyimləri, ayaqqabıları, üst geyimləri həm də dəbli olardı. Lakin bu dəb yalnız parçaların rəng tonlarında, paltarların tikilişində azacıq dəyişiklərlə müşahidə edilirdi.

Zaman-zaman kişiləri bu paltarlarda gördüyümüz üçün onlar haqqında təəssüratlarımız da belə idi ki, kişilər bəzək-düzək sevmirlər, sadəliyə üstünlük verirlər. Bu paltarlar onlara həm də gözəl yaraşırdı. Əslimiz-kökümüz ağa, bəy olduğu üçün baxmayaraq ki, yeni bir ictimai-iqtisadi formasiyaya qədəm qoymuşduq, kişilər geyimləri ilə yenə də ağa, bəy kimi görünürdülər. Və bu görünüş də kişilərin spesifik obrazını yaradaraq yaddaşımıza hopdurmuşdu.

İllər ötdükcə...

İllər ötdükcə, qadınların geyimi kimi, kişilərin də geyimi dəyişməyə başladı, yaddaşımızdakı o obrazlardan əsər-əlamət qalmadı. Nəinki geyimi, saç quruluşu, ayaqqabıları, hətta corabları da dəyişdi. Onlar da qadınlar kimi zinət əşyalarından istifadə etməyə başladılar. Əvvəlki kişi geyimləri qalsa da, lakin bunları çox az adam geyindi. Müasir kişi geyimləri sadə geyimləri assimilyasiya edib, yerində ağalıq etməyə başladı.

Qadınlar şalvar geyinməyə başlayandan sonra kişilər şalvarlarında dəyişiklik etdilər ki, arada bir fərq olsun. Beləliklə, kişilərin şalvarları gündən-günə daralmağa başladı. Dar şalvarlar daha çox gənclərin seçimi oldu. O dərəcə daraldı ki, geyinib-çıxarmaqda olmazin əziyyəti ilə üz-üzə qaldılar, lakin “dəbdir”,- deyib bu çətinliklərə sinə gərməyə də özlərində güc tapdılar.

Hələ qarşıda nələr olacaqdı, bunu isə zaman göstərəcəkdi...

Bir də gördük ki...

Aradan uzun illər ötmədi, bir də gördük ki, kişilərin geyimi də qadınlarınkı kimi ta müasirliyin zirvəsinə qalxıb. Dizləri, budları cırıq cins şalvarlar, şortlar, geniş, qolu olmayan köynəklər, müxtəlif formada olan, həm də rəngbərəng ayaqqabılar, rəngli, taykeş corablar və sair “dəbli” geyimlər əvvəlki sadə geyimlərin yerini aldı. Xüsusilə gənc oğlanların seçimi olan bu cür geyimlərdə onları görərkən hər dəfə yaddaşımızda qalan kişi obrazı gözlərimiz önünə gəldi və öz-özümüzə sual verdik ki, biz hara gedirik, görəsən?

Lakin gediləcək yol qalmayıb ta. Bu geyim-keçimlə yolun sonundayıq artıq. Çünki təsəvvürümüzə belə gətirməzdik ki, gün gələcək, kişiləri bu geyimlərdə görəcəyik. Cırıq şalvarlarda, şortlarda, geniş köynəklərdə... Saçları boyanmış, uzadılmış, hörülmüş vəziyyətdə... Corablarının hərəsi bir rəngdə, qollarında bilərzik, boyunlarında boyunbağı, qulaqlarında sırğa...

Bu kimi geyimləri dəb hesab edənlər, dəblə ayaqlaşdığını düşünənlər çoxdur. Lakin “kişinin kişi geyimi olmalıdır” barədə fikirləşən az adam qalıb indi.

Dəb xətrinə itirdiklərimiz

İstədiyimiz kimi görünmək çox halda bizə sərf etmir. Çünki dəb xətrinə geyindiyimiz paltarlar sağlamlığımızı əlimizdən alır. Məsələn, kişilər dar şalvar geyinməklə özləri üçün problemlər yaradırlar. Həkimlər deyir ki, kişi yumurtalıqlarının normal fəaliyyəti üçün aşağı temperatur şəraiti olmalıdır. Dar şalvar geyinərkən kişi yumurtalıqları bədənə daha çox sıxılır və temperatur yüksəlir. Buna görə də vaxtaşırı kəmər boşaldılmalı, dar, xüsusən də sintetik şalvarlardan imtina edilməlidir.

Kişilərə qalstuklarını çox bərk sıxmaq, köynəklərinin yuxarı düymələrini bağlamaq məsləhət deyil, çünki bu zaman qanın beyinə axını çətinləşir. Ateroskleroz zamanı beyinin qanla təchizatı zəif olduqda bu, xüsusən təhlükəlidir. Həmçinin dar ayaqqabı geyinmək də insan sağlamlığının düşmənidir. Dar ayaqqabı damarların varikoz genişlənməsinə, barmaqların əyilməsinə, döyənəklərin əmələ gəlməsinə səbəb ola bilər.

Geyim mentalitetdir

Belə bir deyim var: insanı geyimi ilə qarşılayıb, ağlı ilə yola salarlar. Gözəl deyimdir. Lakin bu deyimin müasir dövrümüzlə əlaqəsi bir qədər zəifdir. Ona görə ki, indi bu deyimi bütün insanlara aid etmək olmaz. Çünki əksəriyyətimizin geyimi haqqımızda öz sözünü deyir. Qalır az sayda insan ki, onlar da bəli, geyimi ilə qarşılanıb, ağlı ilə yola salına bilər.

Geyim indiki cəmiyyətimizin gündəmdə olan ən aktual məsələsindən biridir. Çünki əvvəlki illərin geyimləri ilə müasir geyimlər arasında böyük fərq var. Amma unutmamalı olduğumuz bir məsələ də var ki, geyim həm də mentalitetimizdir. Bir zamanların milli geyimləri ilə bugünkü geyimləri yan-yana qoyanda aralarındakı fərq artıq yerdən göyə qədər olan məsafə qədərdir. Biz nə etmişik? Həmin geyimləri qoruyub saxlamaq əvəzinə, onları “müasirləşdirə-müasirləşdirə” bugünkü vəziyyətə gətirib çıxarmışıq. Geyimlərimizin bu hala düşməsinin səbəbkarları hər birimizik. Onları istehsal edənlərdən tutmuş alıcısı olan hər birimiz günahkarıq. Çünki bu elə bir məsələdir ki, ona müdaxilə etməyə, münasibət bildirməyə hər birimizin haqqı var.

Çoxsaylı “dəbli” geyimlərlə mentalitetimizə zərbə vurmamalıyıq. Gözlərimizi açıb cəmiyyətə daha yaxşı baxmalı, övladlarımızın nə geyindiklərinə diqqət etməliyik. Düşünməliyik ki, bu geyimlər bizim cəmiyyətimizi hara aparır. Sabah gec olacaq, elə bu gün düşünmək lazımdır...

Mətanət Məmmədova

Digər xəbərlər