PDF Oxu

Sosial

  • 3 132

Məktəbə valideynlə birlikdə...

image

Həmişə düşünürdüm ki, İlahi, görəsən nə üçün uşaqların hər birinin yanında bir valideyn də onunla birlikdə məktəbə gedir. Axı hamımız yaxşı xatırlayırıq ki, biz məktəbə getdiyimiz vaxt valideynlərimiz cəmi bir-iki dəfə bizimlə məktəbə gedərdi, o da yolu bizə tanıtmaq üçün. Ondan sonra özümüz gedib, özümüz də gələrdik. Valideynlərimiz də öz iş-güclərinin ardınca gedərdi. Ta hər gün biri bizə yol yoldaşı olmazdı.

İndi isə mənzərə dəyişib. Bunun iki səbəbi var. O səbəblərdən elə hər ikisi də dəhşətlidir. Uşağın yanında valideynin onunla birlikdə məktəbə getmə səbəbindən birincisi zəmanənin dəyişməsidir. Valideynlər düşünür, həm də haqlı olaraq düşünür ki, indi əvvəlki illər deyil. Uşaq məktəbə tək gedə bilməz. Onun üçün təhlükə yarana bilər. Bunu hər birimiz anlayırıq. Bəli, küçə-baca başı xarab, özünə hörməti olmayanlarla doludur.

İkinci dəhşətli səbəb isə uşaqların çantalarının özlərindən ağır olmasıdır. Bu səbəbdən də onlar çantalarını özləri daşıya bilmir, valideyn də əlacsız qalıb hər gün onlarla bərabər məktəblərə getməli olur.

Bəs çantalar nə üçün ağırdır? Müasir təlim sisteminə son illər o qədər yeniliklər daxil olub ki, çantalar da istər-istəməz ağırlaşmağa başlayıb. Kitablar, yazı dəftərləri, testlər, test tapşırıqları, daha nələr, nələr onunla nəticələnib ki, çantalara da ağırlıq düşüb, uşaqlara da. Uşaqların beyni bu qədər ağırlığı harayadək qaldıracaq, bu, məsələnin digər tərəfidir. Hazırda onların fiziki sağlamlığına mənfi təsir göstərəcək çantalardır söhbətimizin mövzusu. O çantalar ki, onları daşıyarkən uşağın bir tərəfinin tamamilə əyildiyini müşahidə edirik. Deməli, onlarda fiziki qüsur yaranmaqdadır.

Bu günlərdə 3-cü sinif şagirdinin çantasını əlimə almalı oldum. Bütün bu qənaətlərə ondan sonra gəldim. Dedim, hə... Anladım nə üçün hər uşağın yanında bir valideynin də məktəbə yollanmasını və dərsin bitməsinə bir neçə dəqiqə qalmış məktəblərin qarşısındakı izdihamı. Deməli, valideynlər həm də uşaqlarının çanta daşıyanlarıdır. Bu səbəbdən də şagirdin evi ilə məktəb arasındakı məsafə bir neçə kilometr və ya metr olsa da, valideyn özü hökmən onunla birlikdə məktəbə getməli və gəlməlidir. Çantanı aparmalı və gətirməlidir.

Yenə yuxarı sinif şagirdlərinin bir qədər gücü var, bu aşağı sinif şagirdlərinə o qədər yazığım gəlir ki... Düşünürəm ki, bunlar böyüyüb həkim, müəllim, mühəndis və sair sənət, peşə sahibi olanadək bir tərəfləri əyiləcək. Fiziki qüsurla ali təhsil müəssisələrinə yollanacaqlar. Orada da ki...

Elə bu arada Yaponiyada 10 yaşa- 4-cü sinfə qədər uşaqların heç bir imtahan verməməsini, bu müddət ərzində onların yalnız kiçik testlərdən keçməsi haqqında məlumatı xatırlayıram. Hesab olunur ki, məktəbdə ilk 3 ilin məqsədi uşaqları biliyə görə mühakimə etmək deyil, onlara gözəl ədəb öyrətmək və xarakterlərini inkişaf etdirməkdir. Uşaqlara başqa insanlara hörmət etməyi, heyvanlara və təbiətə qarşı mehriban olmağı öyrədirlər. Onlara həmçinin səxavətli, mərhəmətli və həssas olmaq kimi ülvi keyfiyyətlər də aşılanır. Bundan əlavə, uşaqlara dözümlülük, özünü idarə etmə və ədalət öyrədilir. Təbii ki, 4-cü sinifdən sonra da elm öyrənməyə başlayır uşaqlar.

Lakin biz nə edirik? 1-ci sinifdən Azərbaycan dilində hələ də çənəsi söz tutmayan uşağı xarici dilləri öyrənməyə vadar edirik. Hələ heç nəyi anlamayan uşaqları digər fənlərlə yükləyirik. Bir fənnin də olur bir kitabı, bir dəftəri, bir testi, bir də qiymətləndirmə testi, əlavə testi... Beləliklə, biz uşaqları yüklədikcə, çantalar da yüklənir. Odur ki, körpələr bu çantaları daşıya bilmir. Valideyn də məcbur qalıb uşağı ilə birlikdə yenidən məktəbliyə çevrilir.

Yaponiyada uşaqlar ədəb qaydalarını öyrənəndə biz elm üzərində baş sındırırıq. Onlar 4-cü sinifdən sonra elmləri öyrənməyə başlayanda, biz artıq birinci sinifdə bütün elmlərin açarını əlimizə alırıq. Lakin nəticə necə olur? Biz hələ də yaponların ixtiraları qarşısında heyrət edirik...

Mətanət Məmmədova

Digər xəbərlər