Elə ona görə də dağlar çox vaxt silsilə şəklində olur. Qəribsəməsin, “ürəyi” qübar etməsin deyə, həm də bir-birinə arxa-dayaq olsun deyə, dağ çiynini o biri dağa söykəyir. Yeri gələndə ondan güc alır, yeri gələndə “məsləhət”. Yeri gələndə onlar da bir-birinin dilini tapır, “söhbətləşir”, sevincini bölüşür, kədərini paylaşır. Sanki dağ mövcud olduğu Vətənin daş dostlarıdır, Vətən torpaqlarının keşikçisidirlər. Torpaqlar azaddırsa, düşmən nəfsindən, tapdağından kənardırsa, bu, dağların sevincidir, onlar bu sevinci birlikdə bölüşir. Yox, əgər Vətən torpaqları yağı əlindədirsə, dağlar bu zaman kədərlidir, bu kədəri də bir-biri ilə bölüşürlər…
Təbiətin bir parçası olan insan da dostluğu yurdunun, məmələkətinin dağlarından almayıbmı? Axı dağ folklorumuzda da böyüklük, dostluq, arxa, hünər kimi göstərilir. Elə insanlarımız da zaman-zaman silsilə dağlardan güc alaraq çoxlu dostluqlar qazanıb, bu dostluq üçün canını verməyə hazır olub, dost dost yolunda özünü fəda edib. Bax, təbiətin bir parçası olmaq məhz onda olanları öz xarakterində inikasını yaratmaqdır.
Xalqımız digər dəyərləri kimi, dostluq kimi bir dəyəri də formalaşdırıb zamanla. Dost bu xalqın milli dəyərlərindən biridir. Öz ailə, milli dəyərlərini hər zaman başı üzərində tutan, ona kiçik bir xətər gəlməməsi üçün göz bəbəyi kimi qoruyan insanlar dostluq münasibətlərinə də eyni məntiqlə yanaşıblar. Bizdə belə bir deyim də formalaşıb ki, dost ki oldun, onu qoruyub saxlamalısan, ta başqa cür ola bilməz. Odur ki, Azərbaycan xalqı dostluqda, qonşuluqda sadiq, sayğılı bir xalq kimi tanınır.
Dostlar müxtəlif bədənlərdə bir ruhdurlar
Həzrəti Əli dostların müxtəlif bədənlərdə bir ruh olduğunu deyirdi. Bəli, gözümüzü dünyaya açandan gördüyümüz dostluqlar belə olub. Ətrafımızda, qohumluqda, ailəmizin üzvlərində dostluq münasibətləri fonunda yalnız bu cür dostluqlar görmüşük. Görmüşük ki, həqiqətən də başqa-başqa valideynlərin övladları olan, ayrı-ayrı evlərdə yaşayan insanları bir ruh birləşdirir. Əslində başqa cür mümkün də deyil. İki insanın ruhu bir-birinə uyğun gəlməzsə, onların dostluğu yarana bilməz.
Biz belə dostluqları çox görmüşük. Bütün günü bir yerdə olan, axşamdan-axşama evlərinə getmək üçün ayrılan dostları, bir-biri üçün canını verməyə hazır olan dostları. Belə dostluq münasibətləri ətrafdakı insanlar tərəfindən də həmişə müsbət hal kimi dəyərləndirilib. Çünki dediyim kimi, dostluq bizim xalqın dəyərlərindən biridir. Elə buna görə də babaların dostluğunu oğulların, onların dostluğunu övladlarının davam etdirməsini də görmüşük.
Bu dostluqlarda bacı-qardaşlar da sanki birləşib. Dostun bacı-qardaşı bir olub, onların hər hansı problemi də fərqi olmadan dostların biri tərəfindən həllini tapıb. Olub ki, bu bacı-qardaşlar öz sirrini-sözünü öz qardaşına deyil, qardaşının dostuna deyib, köməyi ondan istəyib, ondan da alıb.
Dostlar iki ailənin birləşməsinə, sanki bir ailə içərisində böyüməsinə, heç bir qohumluq dərəcəsi olmayan insanların ən yaxın qohum kimi, bəlkə də ondan da artıq olmalarına şərait yaradıb. Belə ailələrin xeyirləri də, şərləri də bir olub. Çünki onları dostluq dəyərləri birləşdirib.
Dost rahatlıq verən bir məlhəmdir
Bəli, dostluq bir məlhəmdir. Onu içərkən tapdığı rahatlığı insan başqa heç nədə tapa bilmir. Nə isə bir problemi olanda, hər hansı məsələ ilə üzləşəndə ən birinci dostunu axtarır. Axtarır ki, ürəyini ona boşaltsın. Onun yol göstərməsi, bəzən təsəllisi, bəzən ağıllı məsləhətləri insana əlçatmaz dağların zirvəsindən endirilən məlhəm kimi təsir edir. Hansı ki, dostundan əvvəl bu məsələni ailə üzvlərinə, ata-anasına da danışmışdı. Lakin ürəyi boşala bilməmişdi. Lakin dostuna danışandan sonra özündə bir yüngüllük, ürəyində bir sakitlik hiss edir. Bilmirəm, nədəndir, etibardanmı, inamdanmı, yoxsa yaxınlıqdanmı, dost özünə dostundan yaxın, onu ən yaxşı anlayacaq, yaralarına məlhəm ola biləcək ikinci bir insanı sanki görə bilmir. Bu, bəlkə də bir bağlılığın nəticəsidir. Bəlkə də inam hissinin üstünlüyüdür. Bəlkə də hələ də kəşf edilməmiş bir hissdir, kim bilir?..
Dostluqların da xətası, səhvi olur, sözsüz. Ya kiminsə dostların arasına girməsi ilə bu, baş verir, ya hansısa fikirləri uyğun gəlməyəndə. Lakin elə əsl dostlar da bu sınaqlardan çıxdıqdan sonra yaranır. Necə deyərlər, onlar belə çətinliklərlə sınanır və Cəlaləddin Ruminin söylədiyi kimi, anlayırlar ki, elə dostların xətası yadların doğrusundan yaxşıdır. Bunu dərk edən, deməli, dostluğun nə olduğunu çoxdan anlamışdır. Hər hansı fikir ayrılığı, söz-söhbət bir andaca olub keçir, ortaq fikir yaranır və hər şey heç nə olmayıbmış kimi davam edir.
Kölgəyə, yoxsa günəşə?..
Belə bir aforizm də var ki, dostluq yaxşı adamla günəşə, pis adamla kölgəyə oxşayır. Elə bu səbəbdən də ata-babalarımızın həmişə yeniyetmə-gənclərə tövsiyəsi olur ki, elə dost seçin ki, yanılmayasınız. Həqiqətən də bunun da şahidi olmuşuq ki, yaxşı dost dostunu yaxşı, pis dost isə pis yola çəkir. Elə yaxşının günəşə, pisin isə kölgəyə bənzədilməsi aforizminin də kökündə bu məsələlər dayanır.
İnsan var ki, tərbiyəsi, mərifəti ilə seçilir. Belə insanın dostu olmağın özü bir xoşbəxtlikdir. Çünki ondan ziyan gəlməz, əksinə hər hansı səhvin də qarşısını almağa qadir xarakterə malik olur. Lakin insan var ki, həyat tərzi heç də xoşagələn deyil. Pis vərdişlərlə malikdir. Belə insanla dostluq etmək, həqiqətən də insanın həyatını kölgə altına salmaq deməkdir. İstər-istəməz səhərdən-axşamadək birlikdə olan insan bir-birinin xasiyyətini də, vərdişini də əxz etməmiş olmayacaq. Odur ki, dost seçimi heç də asan məsələ deyil. Buna diqqətlə, məsuliyyətlə yanaşmaq lazımdır.
Həyatımızın günəş kimi parlaması da, qaranlığın kölgəsinə sığınması da seçdiyimiz dostlarla birbaşa əlaqəlidirsə, bu zaman valideynlərin də sözünü ağsaqqal-ağbirçək sözü olaraq dinləməli, riayət etməli, həm də öz ağlımızla da yaxşı-yaxşı düşünməliyik. Yoxsa, sonra hər şey gec olur. Bir də baxırsan ki, elə bir quyunun dibinə düşmüsən ki, oradan xilasın mümkün deyil.
Dost dar gündə tanınar...
Lakin qazax yazıçısı Çingiz Aytmatov zənn edir ki, dost insanın xoş anlarında da tanına bilər. Elə bu aforizmdən yola çıxıb təcrübələrimizin məhsulu olan məsələləri bir daha xatırlamaq yerinə düşər.
Dost dar gündə tanınar, bu bir el misalıdır. Bəli, dostun biri dar günə düşəndə, yəni həyatında hər hansı bir xəstəliklə, problemlə üzləşəndə, sağlamlığını, var-dövlətini itirəndə dostunun əsl üzünü görə bilir. Bu zaman yaxşı dost onun yanında olur, bir tikə çörəyini belə dostu ilə bölüşür, düzgün seçilməyən dost isə onunla münasibətləri kəsir. Deməli, bu dost düzgün seçilməyən dostlar kateqoriyasına daxildir.
Dostlar yaxşı gündə də bəlli olur deyimində məntiqli bir məna var. Dəfələrlə təsadüf etmişik ki, dostun biri yüksək vəzifəyə qalxır və yaxud özünə ev, maşın alır, dostu bütün bunlara gözə bilmir, paxıllıq hissi dostluq münasibətlərinə kölgə salır. Bəli, dostun yaxşı günündə tanınan dostlar isə bax, bu kateqoriyadandır.
Düşünürəm ki, dostluqda paxıllıq, xəbislik kimi xüsusiyyətlər varsa, bu dostluğun davam etməsi mümkün olmayacaq. Çünki paxıllıq və xəbislik bir yerdə dostluğu qılınc kimi doğrayacaq, münasibətləri sonlandıracaq. Odur ki, yenə də ata-babalarımızın məsləhətinə gələk, dost seçimini düzgün edək ki, yanılanda ürəyimiz də yanmasın.
Real dost, yoxsa ChatGPT
Müasir dövrümüzdə dostluq münasibətləri bir qədər dəyişilib. Texnologiyanın inkişafı deyəsən, yeni dostluq münasibətləri də təqdim edir. İndi əksər gənc ChatGPT ilə dostluq edir. Ürəyinin sirrini ona açır. O da ona məsləhət və tövsiyə verir.
Dostluq haqqında yuxarıda danışarkən dostların müxtəlif bədənlərdə eyni ruh olduğunu vurğuladıq. Belə isə sadəcə kompüter proqramı və dəmir parçası olan ChatGPT-nin ruhu yoxdur axı. O, insana necə dost ola bilər? Sənin müraciətlərinə bir zamanlar insanların yazdıqları əsasında formalaşan internet arxivinə istinad etməklə cavab verən ChatGPT-yə dost deyən gənc, onu yaradan insanla nə üçün dostluq etməyəsən? Axı o, insan beyninin, ideyasının məhsuludur. İnsan isə yaranmışların alisidir. Belə isə insan övladının dostu da insan olmalıdır. Özümüzü müasir texnologiyanın gözqamaşdırıcı məhsulları ilə aldatmayaq. Düzdür, onların da həyatımızda rolu böyükdür. Lakin bu, o demək deyil ki, həyatımızı texnologiyanın sərəncamına verməliyik. Xeyr, birinci bizim həyatımız-təbii, real. Sonra qeyri-real olanlar. Bunu unutmayaq ki, sabah gec olacaqlar üçün təəssüf etməyək.
Bir aforizmdə deyildiyi kimi, dostluq iki ruhun evlənməsidir; bu izdivacda boşanma, yaxud ayrılığı dilə gətirmək belə günahdır. Bu ruhdan ayrılıb qeyrisi ilə dost olmaq günahkar olmaq deyilmi?..
30 iyul Beynəlxalq Dostluq Günüdür. Bəlkə dostluq münasibətlərini bir daha gözdən keçirək?..
Mətanət Məmmədova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti çərçivəsində hazırlanıb