Ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Azərbaycan mədəniyyətində ailə başlıca mərkəzi anlayışdır, ailəyə münasibət isə şəxsiyyətin sosial əhəmiyyətinin qiymətləndirməsinin və özünütəsdiqin vacib amilidir. Azərbaycan ailələrində və yaxın qohumlar arasında həmişə bir-birinə sayğı, hörmət olub. Hətta qohum ailələrin uşaqları bir-biri ilə oyuncaq üstündə dalaşmaq istəyəndə belə böyüklər buna dərhal reaksiya verib və kiçik bir hadisənin böyüməsinin qarşısını alıblar. Çünki həqiqətən də kiçik bir hadisə sabahkı böyük hadisənin başlanğıcıdır.
Maraqlıdır, ailə dəyərlərinə bu qədər sadiq bir xalqın nümayəndələri necə oldu ki, ailə daxilində bir-birinə aqressiv yanaşmağa başladılar? Hadisələr necə cərəyan edir, hansı mərhələlərdən keçir ki, oğul ataya balta qaldırır, ata övladını öldürrür, oğul anasını bıçaqlayır, qız anasını döyür, ər arvadını hər kəsin içərisində təhqir edir, küçədə arvadını döyərkən bütün qonşular köməyə gəlir? Necə olur ki, arvad ərindən gizli işlərlə məşğul olur və üstü açılanda əri tərəfindən zorakılığa məruz qalır.
Hansı səbəblər, hansı qüvvələr bizim ailə dəyərlərimizi zədələyə bildi. Hansı qüvvələr bizim bir-birimizə olan sayğımızı oğurladı, ailələrimizin, qohumların arasına nifaq toxumu səpə bildi? Biz bunu nə üçün sezə bilmədik, fərqinə varmadıq? Fərqinə varanda isə gördük ki, yox, biz artıq dünənki insanlar deyilik. Dəyişmişik. Atamıza, anamıza, bacı-qardaşımıza silah endirən, qanına qəltan edən varlıqlara çevrilmişik. Həyat yoldaşımızı təhqir, xəyanət edən, övladımızı doğub küçəyə atan, onu gəzmək adı ilə aparıb dənizə atan yaranmışlara çevrilmişik. Bəs səbəb nədir?
Deyirlər, səbəb səbrin azalmasıdır
Əgər deyilən kimidirsə, onda bunu anlamağa çalışaq görək ki, səbrimizə nə oldu, o, niyə azalmağa başladı və günlərin birində niyə yoxa çıxdı? Axı bizim səbrimiz tükənməz bir səbr idi. Əsrlərlə ailə institutumuzda aldığımız dərslərin hər birinin mahiyyəti səbirdən ibarət olmuşdu. O institutda digər dəyərlər kimi, səbir etməyi də öyrətmişdilər bizə.
Səbrin azalmasını çox vaxt sosial vəziyyətlə əlaqələndirirlər. Lakin nəzər salsaq, görərik ki, bütün zamanlarda sosial problemlər olub. Hər dövrdə işləyən də, işləməyən də olub, çox qazanan, az qazanan insanlar olub. Lakin bunlar insanların, xüsusilə də doğmaların bir-birinə sayğısına xələl gətirməyib. Az qazanmaq o demək olmayıb ki, insanın səbri azalsın və əzizinə zorakılıq etsin. Müvəqqəti işsizlik o demək olmayıb ki, insan övladını öldürsün və yaxud da həyat yoldaşını küçədə döysün.
Bütün bunların baş verməsinin əsla şahidi olmamışıq. Əksinə, zamanla ailələrdə, qohumluqda bu xalqa məxsus dəyərləri müşahidə etmişik. Görmüşük ki, bir ailə kasıbdır, dolanışıq səviyyəsi çox aşağıdır, lakin ailədə hörmət, sayğı var. Deməli, kasıb olmaq, yaxşı maddi gəlir əldə edə bilməmək sayğını qamçılayan səbəb deyil. Qarşılıqlı hörmət, sayğı zaman-zaman ailələrimizdə mehribançılığın, anlayışın təməl daşı olub. Bu anlayış da evlərdə böyüyən uşaqlara sirayət edib. Beləliklə də biz valideynlərimizdən görə-görə gəlmişik. Onlar özlərini ailədə necə aparıblarsa, necə davranıblarsa, biz də bütün bunları öz ailəmizdə tətbiq etmişik.
Elə bu gün də belədir. Kim ailəsində hansı şəraitdə böyüyürsə, bu, onun gələcək həyat amalına çevrilir. Həm müsbət, həm də mənfi mənada.
Bəs doğmalara ögey münasibətin səbəbi nədir?..
Elə ki, internet həyatımıza daxil oldu, biz söhbətimizlə eyni motivdə xarici ölkələrdə istehsal olunan film, seriallara tamaşa etməyə başladıq, zaman-zaman səbrimiz də yoxa çıxmağa başladı. Bu, təbii ki, hər kəsin səbrinə təsir edə bilməz. Əlbəttə ki, psixoloji vəziyyəti zəif olanların, həm də belə film, seriallara, sosial şəbəkələrdəki vəhşət saçan videolara dayanmadan-durmadan baxan insanların psixologiyasını sıradan çıxarır. Bu qəbildən olan insanlar artıq insani hissləri şeytani hisslərə qurban verir. Belə olanda isə bir-birinin ardınca zorakılıq hadisələrinin şahidi oluruq: oğul valideynin üzünə qayıdır, qız ananı saymır, kişi sevgilisi ilə birlikdə həyat yoldaşını döyür, televizora yüksək səs verdiyi üçün ər arvadına qarşı zorakılıq tətbiq edir və sair.
Qeyd etməyi lazım bilirəm ki, ailə münaqişələrinin əksəriyyəti namus, əxlaq məsələlərinə görə baş verir. Bu xalqın mentaliteti var. Bu mentalitet yüksək əxlaqi dəyərlər əsasında formalaşıb. Bizim səbrimiz o vaxt öz kasasından aşır ki, namusumuza, əxlaqımıza xələl gələn hadisələrlə rastlaşırıq. Bəs bu kimi halların yaranması səbəbi nədir? Yenə də internet, sosial şəbəkələr.
Yuxarıda da qeyd etdiyim kimi, sosial “maarifləndirmə”ni hər kəs eyni cür qarşılamır. Kimi bunun altında nələrin yatdığını anlayır, kimi isə bu “maarifləndirmə”nin toruna düşür. Belə ki, filmlər, sosial şəbəkə videoları çağırır ki, siz də bizə oxşayın: yaxşı geyinmək, bahalı avtomobil sürmək, gözəl evlərdə yaşamaq, bahalı yerlərdə yeyib-içmək üçün xəyanət edin, aldadın, əyri yollara əl atın. Cəmiyyətin psixoloji vəziyyəti zəif olan insanları da bu aldatmaların güdazına gedir. Beləliklə də namus məsələsi ailə münaqişələrinin yaranma predmetinə çevrilir. Məsələn, ərin arvadını sevgilisi ilə birlikdə yaxalayıb öldürməsi, qadının özündən dəfələrlə böyük yaşda kişi ilə birlikdə yaşaması, adi bir münaqişə üstündə kişinin hər kəsin gözü qarşısında arvadını döyməsi, yaxşı geyinmədiyi, yemədiyi, gəzmədiyi üçün həyat yoldaşına “sən kişi deyilsən”,- deyən, əvəzində isə yoldaşı tərəfindən bıçaqlanan qadın kimi. Və saya biləcəyimiz yüzlərlə buna bənzər hadisələr...
Deməli, həyatımızın ayrılmaz parçasına çevrilən sosial şəbəkələr bugünkü ailədaxili münasibətləri tənzimləyən alətə də çevrilib.
Narkomaniya da alkoqolizm hadisənin əsasıdır
Ailə münaqişələrinin əsasında digər tərəfdən isə sərxoşluq dayanır. Bütün zamanlarda alkoqol ailə münasibətlərinin qayçısı olub. Yaxın qohumlar arasında nifaq toxumu olub. İnsan sərxoş olub istənilən hərəkəti törədə bilər. Sərxoş olarkən düşünməkdən kənar olan adama bütün bunların əvəzində sanki güc, enerji gəlir. Elə bu zaman da gözləri qarşısına qalın bir pərdə çəkilir və həyat yoldaşına, övladlarına, ən yaxın qohumlarına, hətta ata-anasına qarşı zorakılıq tətbiq edə bilir. Ayılanda isə artıq iş işdən keçmiş olur. Hadisə baş vermiş, ya ölüm var, ya yaralanan. Arıq gecdir.
Narkomaniya da alkoqolizm kimi ailə münaqişələrində başlıca yer tutan qüsurdur. Bu gün ailə münaqişələrinin statistikasına nəzər salsaq, alkoqollu içkiləri və narkotik vasitələri qəbil edənlərin bu kimi çoxsaylı hadisə törətdiyinin şahidi olarıq.
Buradan isə belə bir qənaətə gəlmək olur ki, kim ki həyatına içkini və narkotik vasitələri daxil edir, zaman-zaman onların aludəçisinə çevrilir, o, bəri başdan sayğıdan da, hörmətdən də əl çəkməyi gözə alır. Açıq şəkildə özü də ətrafındakı doğmaları da bilir ki, bu yolun sonu yoxdur. Onlar ya özlərini məhz edəcəklər, ya da ailələrini.
Buna görə də içki və narkotik vasitələrə doğru gedən insanlar ailələri, yaxın və doğmaları ilə bu vasitə arasında bir uçurumun olduğunu görməli və bu uçurumdan yıxılmamaq, arxada olan hər şeyi məhv etməmək üçün yolun nədən ibarət olduğuna bir daha nəzər salmalıdırlar. Əks təqdirdə özləri kimi, əzizlərini də məhv etmiş olurlar.
Nə edək ki, doğmalarımıza qarşı doğma olaq
Bu, həm bizim ailə dəyərlərimizdən, həm də bir xalq kimi insani keyfiyyətlərimizdən irəli gələn məsələdir ki, doğmalarımıza qarşı hər zaman doğma, mehriban, hörmətli münasibətdə olmalı, onlara böyük sayğı ilə yanaşmalıyıq. Bunun üçün əlimizdən gələni etməliyik. İnsan yeri gələndə sosial şəbəkələrdən, yeri gələndə ağılsız, hərdəmxəyal düşüncələrdən, yeri gələndə alkoqollu içkilərdən və narkotik vasitələrdən kənar olmalıdır.
Ailələrimizdə övladlarımız böyüyür. Özümüz azmış kimi, onlara da vəhşiliyi təbliğ edən filmlərə baxmağa şərait yaradır, körpələrin bu mövzuda cizgi filmlərinə baxmasına səbəbkar oluruq. Gələcəkdə bu uşaqlar münaqişə törədəndə, zorakılıq edəndə deyəcəyik ki, görəsən nə üçün belədir. Anlamaq istəməyəcəyik ki, onu bu hala biz özümüz gətirmişik.
Odur ki, nəyin bizə mənfi təsir edəcəyinin qarşısını əvvəldən alaq. Əl-ələ verib ailə dəyərlərimizi qoruyaq. Onların bu gün hansı bir qüvvəninsə qurbanı olmasına icazə verməyək. Bir də bir qədər səbir, hövsələ, bir qədər anlayış, qarşılıqlı söhbət, dinləmə qabiliyyəti ailə münaqişələrinə, doğmalara qarşı balta qaldırmağa son qoya bilər. Məsələn, aşağıdakılar kimi:
- münaqişə haqqında danışmaq üçün münasib zaman və məkan olmalıdır. O zaman ki, ac və ya qəzəblisiniz, çətinlikləri həll etmək üçün münasib zaman deyildir. Həmçinin səs-küylü şəraitdə və insanların içində məsələ həll etmək olmaz. Xüsusilə də uşaqların yanında;
-mənfi hisslərinizi bəyan edin. Bəzən həyat yoldaşları öz çətinliklərini demək yerinə, bu hissləri nümayiş etdirirlər: ufuldamaqla, danışmamaqla, qışqırmaqla. Əgər narahatlıqlarını dillərinə gətirməsələr, qarşı tərəf bu hisslərdən xəbərdar ola bilməz. Hissləri bu cür rəftarlarla nümayiş etdirmək yerinə, münasib sözlərlə ifadə etsələr, onu aradan qaldırmaq üçün daha çox şərait yaranar;
-sözlərinizə diqqət edin. Təhqir etməyin, töhmət vurmayın. Əgər səsiniz yüksələrsə, bir qədər özünüzü çimdikləyin ki, səsinizi dəyişəsiniz. Sonra söhbətinizə davam edin;
-keçmiş sandıqları açmayın. Münaqişəni həll etməyin yollarından biri də keçmiş problemləri yada salmamaqdır. Bu rəftar məsələnin daha da qəlizləşməsinə səbəb olar. Hal-hazırda olan problem haqqında danışın, başqa şey haqqında deyil;
-aranızda olan əsl problemi müəyyən edin. Söhbət edən zaman bu mövzunun üzərində dayanın. Yəni bu problemi müəyyən edib, ona dəqiq tərif vermək sizə bu münaqişəni həll etməkdə həll yolu göstərər;
-özünüzün və həyat yoldaşınızın istəklərinə diqqət edin. Hər ikisi də öz istəyini bəyan etsin. Çalışın ki, öz nəzərlərinizi həyat yoldaşınıza qəbul etdirməyə çalışmayasınız. Bu problemə onun da baxışından nəzər salın;
-bu problemdə hər birinizin payına düşən mövzular haqqında söhbət edin. Tərəflərin bir çoxu bəhs edən zaman təqsirkar olmadıqlarını sübut etməyə çalışarlar. Qarşı tərəfin təqsirkar olduğunu iddia edərlər. Bunu nəzərə alın ki, qarşı tərəfi ittiham etməklə heç bir çətinlik həll olmaz. Bu zaman ancaq özünü müdafiə etmək münasibətləri daha da çətinləşdirər. Bu məsələdə öz payınıza düşən səhvi araşdırın və boynunuza alın;
-hər birinizin problemi həll etmək üçün hansısa addım atması lazımdır. Həyat yoldaşınıza “mənim əlimdən nə gəlirsə, etməyə hazıram”,-deyin. Bu problem haqqında söhbət etmək hər ikinizə də öyrədəcəkdir ki, çətinliklə üzləşən zaman necə rəftar etməlisiniz.
Beləliklə, biz elə etməliyik ki, bir-birini söyən, döyən, təhqir edən ailə üzvləri əvəzinə, bir-birinə sayğı, hörmət bəsləyən ailə üzvlərimiz olsun. Zorakılıq çıxış yolu deyil, unutmayaq!
Mətanət Məmmədova
“Quru yaxtası” olan Rolls-Royce Phantom Regatta necə görünür Bu lüks avtomobil xüsusi sifarişlə hazırlanır...