Astara Pedaqoji Kollecinin direktoru, Filologiya elmlər doktoru, şəhid atası Kamran Kazımov və kollecin bir qrup əməkdaşı Vətən uğrunda canından keçərək adını tariximizin qəhrəmanlıq səhifələrinə yazan şəhid mayor Kamran Fərəcovun anım günü ilə əlaqədar onun məzarını ziyarət edib və ailəsinə baş çəkiblər.
Ziyarət zamanı şəhidin məzarı önünə əklil qoyulub, tər çiçəklər düzülüb. Vətən torpağının azadlığı və bütövlüyü uğrunda həyatını fəda edən qəhrəmanımızın əziz xatirəsi dərin ehtiramla yad edilib, onun həyat və döyüş yolundan, Vətənə sədaqətindən bəhs edən xatirələr bölüşülüb.
Şəhid mayor Kamran Fərəcovun qəhrəmanlığı, Vətən sevgisi və fədakarlığı hər zaman ehtiramla xatırlanacaq. Onun müqəddəs xatirəsi qəlblərdə yaşayacaq, keçdiyi şərəfli ömür yolu gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində daim örnək olacaq.
Məlumat üçün bildirək ki, Kamran Qılman oğlu Fərəcov 14 yanvar 1978-ci ildə Astaranın Səncərədi kəndində anadan olub. Astara şəhər 2 saylı məktəbdə təhsil alıb. 1995-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbinin Taktik Tank Qoşunları Komandiri fakültəsinə daxil olub. 1999-cu ildə leytenant rütbəsində Bakıda taqım komandiri vəzifəsində xidmətə başlayıb. Sonra Ağdamda, Gəncədə, Goranboyda cəbhə bölgəsində xidmət keçib. 2018-ci ildə “Azərbaycan Ordusunun 100 illiyi “ yubiley medalına layiq görülüb.
Azərbaycan Ordusunun mayoru Kamran Fərəcov peşəkar zabit kimi 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Oktyabrın 21-də Qubadlı döyüşləri zamanı şəhid olub. Astara rayonunda torpağa tapşırılıb. Ailəli idi, 2 əkiz qızı - Dəniz və Şəms yadigar qalıb. Ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
Elnarə Heydərova,
Astara Pedaqoji Kollecinin tələbəsi
Yoxlamadan sonra onlar dövriyyədən çıxarılıb…