Dünən YAP Qusar rayon təşkilatının təbliğat-təşviqat kampaniyasının yekun tədbirində YAP-ın bələdiyyə üzrə səlahiyyətli nümayəndələri, millət vəkilləri Şəmsəddin Hacıyev, Əli Hüseynov, Əhəd Abıyev, rayon təşkilatının təbliğat qrupunun üzvləri, ziyalılar, ağsaqqallar, gənclər, ictimaiyyətin nümayəndələri iştirak etmişdir. Seçicilərə bələdiyyə üzvlüyünə namizədlərin tərcümeyi-halı, fəaliyyətləri barədə məlumat verilmişdir.
Görüşü YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov açaraq, qeyd etdi ki, respublikamızın bütün şəhər və rayonlarında bələdiyyə seçkilərinin təbliğat-təşviqat kamapaniyası çərçivəsində keçirilən tədbirlər yüksək səviyyədə yekunlaşır: "Bu gün də YAP Qusar rayon təşkilatının təbliğat kampaniyası çərçivəsində, yekun görüşünü keçirir. Seçicilərlə keçirilən görüşlər zamanı bir daha aydın oldu ki, xalqımız, o cümlədən, qusarlılar bu seçkidə də xalqın inam yeri olan Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər".
YAP Qusar rayon təşkilatının sədri onu da bildirdi ki, 1999-cu ildən fəaliyyət göstərən bələdiyyələrin, bələdiyyə idarəçiliyi sahəsində kifayət qədər təcrübəsi var, müəyyən uğurlar əldə edilibdir. Bu faktor növbəti seçki ərəfəsində bələdiyyə üzvlüyünə qeydə alınan namizədlərin sayının çoxluğunda özünü göstərir. Növbəti mərhələ üçün bütün bu əsaslara, əldə olunan təcrübəyə söykənərək, yenidən formalaşacaq bələdiyyələr öz fəaliyyətlərini genişləndirməli, maliyyə imkanlarını artırmalı, səlahiyyətlərindən maksimum istifadə etməli, əhali və dövlət orqanları ilə sıx ünsiyyətdə olaraq, fəaliyyətlərində səmərəliliyə nail olmalıdırlar.
YAP-ın bələdiyyə üzrə səlahiyyətli nümayəndəsi, millət vəkili Əli Hüseynov çıxış edərək Ümummilli Liderimiz Heydər Əliyevin müdrik siyasətinin uğurlu bəhrələrindən, Onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri cənab İlham Əliyevin genişmiqyaslı fəaliyyəti sayəsində Azərbaycanın qüdrətli dövlətə çevrilməsindən, yerli özünüidarəetmə sisteminin cəmiyyətdə rolundan və fəaliyyətindən söhbət açdı. Bildirdi ki, bələdiyyələr birbaşa inzibati ərazi vahidində əhalinin mənafeyinə uyğun qanunlar çərçivəsində yerli sosial-iqtisadi məsələləri əhalinin rəy və təkliflərini öyrənməklə, müstəqil qərar qəbul etməklə həll edirlər: "Azərbaycanda növbəti bələdiyyə seçkilərinə əhali tərəfindən bu qədər marağın artması, həm bələdiyyələrin keçən dövrdə gördüyü işlərin nəticəsi kimi, həm də bələdiyyələrin üstün cəhətlərinin əhalidə maraq oyatmasından irəli gələn bir məsələ kimi qiymətləndirmək olar".
Görüşdə çıxış edən YAP-ın bələdiyyə seçkilərində səlahiyyətli nümayəndəsi, millət vəkili Əhəd Abıyev Yeni Azərbaycan Partiyasının, həmişə olduğu kimi, bu seçkilərdə də qələbəsinin labüd olduğunu söylədi: "Yeni Azərbaycan Partiyası bu seçkilərə "Xalqa xidmət naminə" proqramı ilə gedir. Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülən hər bir partiya üzvü bu proqramın tələblərinin həyata keçirilməsinə çalışmalıdır. Bir məsələni də vurğulamaq istərdim ki, bu seçkinin digər ölkələrdə keçirilən seçkilərdən fərqli cəhəti var. Belə ki, yerli özünüidarəetmə orqanlarına namizədliyini irəli sürən şəxs əhali ilə yerlərdə görüşərək, onların problemləri ilə yaxından tanış olur. İnanırıq ki, Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlər seçicilər tərəfindən dəstəklənəcək və seçilən namizədlər də əhaliyə yüksək xidmət nümayiş etdirəcək".
YAP-ın səlahiyyətli nümayəndəsi, millət vəkili Şəmsəddin Hacıyev çıxış edərək, əvvəlki seçkilər kimi, bu seçkilərin də şəffaf və demokratik şəraitdə baş tutacağını bildirdi: "Bu gün müasir və güclü Azərbaycan dövlətinin əsas qayəsi olan vətəndaşların hüquq və azadlıqlarının geniş aspektdə təbliği ilə bağlı yetərli addımlar atılıb. Bu istiqamətdə, Seçki Məcəlləsi ölkəmizdə daha geniş anlamda təbliğ olunmaqdadır. Məhz bunun nəticəsidir ki, ötən prezident və parlament seçkilərini uğurla başa vuran Yeni Azərbaycan Partiyasının əldə etdiyi qələbələr qurumun ictimaiyyət arasında nüfuzunu, çoxsaylı sosial bazasının olduğunu göstərdi. Xalqın yüksək inamını və etimadını qazanan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin seçicilər tərəfindən dəstəklənəcəyinə inanırıq".
Sonda YAP-ın səlahyyətli nümayəndələri namizədlərə vətəndaşlarla təmasların qurulması və təşviqat kampaniyasının daha keyfiyyətli təşkil olunması haqqında tövsiyələrini çatdırdılar.