PDF Oxu

Sosial

  • 12

Azərbaycanın ÜTT-yə üzv olması reallaşır

Azərbaycanın ÜTT-yə üzv olması reallaşır
Məlum olduğu kimi, bu günlərdə Cenevrədə Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması üzrə İşçi Qrupunun 7-ci iclası keçirilib. Tədbirdə xarici işlər, iqtisadi inkişaf, ədliyyə, sənaye və energetika, maliyyə, vergilər və kənd təsərrüfatı nazirliklərinin, o cümlədən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi və Müəllif Hüquqları Agentliyinin nümayəndələri iştirak ediblər.
Nümayəndə heyətinin rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycan hökumətinin davamlı sosial-iqtisadi inkişaf, ölkə iqtisadiyyatının diversifikasiyası və qeyri-neft sektorunun inkişafı məsələlərinə mühüm əhəmiyyət verdiyini və bu istiqamətdə son dövr ərzində görülən işlər barədə məlumatı iclas iştirakçılarının diqqətinə çatdırıb. M.Məmmədquliyev, həmçinin, Azərbaycan milli qanunvericilyinin ÜTT-nin Sazişlərinə uyğunlaşdırılması sahəsində ölkədə son 6 ay ərzində görülən və gələcəkdə görüləcək işlərlə bağlı üzv ölkələrə məlumat verib. Xarici işlər nazirliyinin müavini onu da qeyd edib ki, tədbirdə iştirak edən ölkələrin nümayəndələri də çıxış edərək Azərbaycan üçün əlverişli şərtlərlə ÜTT-yə üzvlüyünü dəstəkləyib.
Məsələ ilə bağlı münasibət bildirən millət vəkili Vahid Əhmədov beynəlxalq təşkilat haqqında məlumat verərək bildirdi ki, Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzv olması prosesi 1997-ci ildən başlanıb. Həmin il təşkilata Azərbaycan tərəfindən bildiriş təqdim olunub. 1999-cu ildə Azərbaycan bu məsələ ilə bağlı ilk sənədi hazırlayıb və təşkilata təqdim edib. 2002-ci ildə bununla bağlı yaradılmış İşçi Qrup Cenevrədə ilk iclasını keçirib. Bəzi ölkələrin danışıqlara başladıqdan sonra Ümumdünya Ticarət Təşkilatına 5 il müddətinə qəbul olunduğunu deyən millət vəkili bildirdi ki, Azərbaycanda bu proses bir az uzun çəkib: "Əslində, bildirişin göndərilməsinə baxmayaraq, Azərbaycan bu sahədə danışıqlara 2004-cü ildə başlayıb. Həmin vaxtdan bu günə qədər Azərbaycan 6 dəfə görüş keçirib. Həmin vaxtdan sonra Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olması üçün 6 ölkə ilə danışıqları yekunlaşdırıb və 3 ölkə ilə ikitərəfli protokol imzalayıb. Prosesin yubanması isə Azərbaycanın maraqlara uyğun öhdəlik götürməsinə çalışmasıdır. Azərbaycan istehsal bazarını qorumaqla bu təşkilata üzv olmaq istəyir. Belə olan halda, Azərbaycan bazarında rəqabət artacaq və ölkə xeyli inkişafa nail olacaq".
V.Əhmədov onu da bildirib ki, Ümumdünya Ticarət Təşkilatına qəbul olunacağı halda Azərbaycan bazarına müdaxilə etmək mümkün olmayacaq. ÜTT-yə daxilolma prosesinin artıq Azərbaycan bazarına təsir etdiyini deyən millət vəkili qeyd edərək vurğulayıb ki, bu təsirlərin azaldılması üçün Azərbaycan hökuməti tədbirlər görür. Onun sözlərinə görə, hazırda təşkilata üzv olmaq üçün işçi planının hazırlandığını deyərək bildirib ki, ilin sonuna kimi sənədin hazırlanması prosesi başa çatacaq və sənəd qanunvericiliyə uyğunlaşdırılacaq.
Millət vəkili prosesə qlobal maliyyə böhranının təsirindən də danışaraq qeyd edib ki, böhran əksinə, bu prosesə qoşulmanı sürətləndirir. Çünki qlobal maliyyə böhranına görə əksər ölkələr Ümumdünya Ticarət Təşkilatına qoşulma prosesində danışıqları tezləşdirməyə başlayıb. Həmin ölkələr danışıqlar prosesinin tezliklə başa çatmasını istəyir. ÜTT-yə daxil olma prosesi bir sıra çətinliklər yaratsa da, bu proses Azərbaycanın inkişafında xeyli irəliləyişlərə nail olmağa yardımçı olacaq. Artıq bu proses bəzi ölkələrdə hiss olunub. Məsələn, Çin Ümumdünya Ticarət Təşkilatına daxil olandan sonra son iki ildə ölkənin iqtisadi inkişafı iki dəfə, Bolqarıstanın isə sərmayəsi 5 dəfə artıb. Ümumdünya Ticarət Təşkilatına qəbul olunandan sonra Ukraynanın son 6 ayda ticarət dövriyyəsi 2 milyard manat manat artıb. Azərbaycanın daxili bazarı hazırda lazımi səviyyədə qorunur və bu proses davam etdiriləcək. Əgər qəbulolma prosesində daxili bazara qarşı hansısa bir təhlükə yaranarsa, Azərbaycan hökuməti bu təhlükənin qarışısını ala biləcək.
V.Əhmədov qeyd edib ki, hazırda hökumət bu məqsədlə daxili bazarda həssas hesab edilən məhsulları siyahısını yenidən dəqiqləşdirməyə başlayıb. ÜTT-yə qəbul olma prosesində bu tip məhsulların qorunmasına ciddi diqqət yetiriləcək. ÜTT-yə qəbul olunma prosesində Azərbaycanın qarşısına bəzi öhdəliklərin qoyulduğunu deyən nazir müavini bildirdi ki, həmin öhdəliklər də Azərbaycanın maraqlarına uyğun olacağı halda qəbul ediləcək. Öhdəliklər Azərbaycanın maraqları çərçivəsində qəbul olunacaq. Bununla bağlı danışıqlar prosesi davam etdirilir.
Millət vəkili onu da bildirdi ki, ÜTT-yə üzv qəbul olmaqla Azərbaycanın bütün problemləri həll olunmayacaq. Bu prosesdə ciddi hesablama və araşdırmalar aparmalıyıq ki, hansı mərhələdə hansı şərtlərlə Azərbaycan Ümumdünya Ticarət Təşkilatına daxil olmalıdır. Bir çox ölkələrin, o cümlədən, Moldova və Qırğızıstanın təcrübəsi göstərdi ki, tələsik bu təşkilata daxil olmaq ölkənin milli iqtisadiyyatına ciddi zərbə vurur. Ona görə də, biz çalışmalıyıq ki, bu prosesin bütün mərhələlərində rəqabətə davamlılığı artıraq. Dövlət başçısı da bütün çıxışlarında bildirir ki, rəqabətə davamlılığı artırmaq üçün bütün imkanlardan istifadə etməliyik. Bu məsələni həll etsək, Ümumdünya Ticarət Təşkilatına daxil olmaqda bizim itkilərimiz az ola bilər.

Digər xəbərlər