Sosial

  • 2 031

Cəbhənin birində savaş bitsə də digərində davam edir - TƏHLİL

image

Covid-19 vurusu, yaxud koronavirus termini artıq iki ilə yaxındır ki, hər yerdə, özü də ən çox istifadə edilir və bu virusdan, bu xəstəlikdən qorunmağın vacibliyi dönə-dönə vurğulanır. Bütün dünyanı bürüyən bu virusun, dünya ictimaiyyətinin yaşam tərzinə əhəmiyyətli dərəcədə təsir edən, milyonlarla insanın həyatını itirməsinə səbəb olan bu xəstəliyin miqyası nəzərə alınaraq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya adlandırılması heç də təsadüfi deyil. Bu qərar əslində, böyük bir həyəcan təbilinin çalınması deməkdir və harada olmasından asılı olmayaraq insanlar bu virusa, bu xəstəliyə dırnaqarası baxmamalıdırlar, bununla mübarizəyə qatılmalı, qarşıya qoyulan tələblərə əməl etməlidirlər.

Bu virusa yoluxan insanlar bir zamanlar səhlənkarlıq, saymazlıq etsələr də, mühafizə olunmasalar da, tələblərə əməl etməsələr də artıq bu xəstəliyə yoluxduqdan sonra hansı halda olduqlarının, həyati təhlükə qarşısında qaldıqlarının fərqində olur, yaşamq uğrunda mübarizə aparırlar. Hər dəfə karantin rejimi qaydalarının yumşaldılması, qadağaların azaldılması, nəticədə də bunu düzgün qiymətləndirməyən insanların, bir çox vətəndaşların məsuliyyətsiz davranışları onların xəstəliyə yoluxmalarına, həyati təhlükə ilə qarşılaşmalarına, bəzilərinin hətta həyatını itirməsinə də gətirib çıxardı. Halbuki, daha diqqətli, məsuliyyətli davranmaqla bu mənzərəni dəyişmək də olardı. Koronavirusa yoluxanların özlərinn də dediklərinə görə, vaxtında peyvənd olunmadıqlarına görə peşiman olurlar, təəssüf edirlər. Onlar hansısa xəstəxanada müalicə almaqdansa, əvvəlcədən gündəlik həyatlarında daha diqqətli və məsuliyyətli olmalı olduqları qənaətindədirlər. Əlbəttə ki, xəstəlikdən əziyyət çəkənlər bu hala düşmək istəməzdilər və məhz buna görə də hefslənirlər. Deməli, bu dəhşətli virusdan qorunmaq məqsədi ilə hamı mütləq qaydada peyvənd olunmalı və tələb olunan qaydalara əməl etməklə, gündəlik həyatda daha ehtiyatlı davranmalıdır. Bu xəstəliyin, bu virusun tez bir zamanda yox olması, keçmişdə qalması üçün hamımız məsuliyyətli olmalıyıq.

İtgilərimizin mümkün qədər az olması üçün dövlətimiz bir çox dünya ölkələrinidən daha tez reaksiya verdi bu virusa qarşı və qabaqlayıcı tədbirlərə demək olar ki, hamıdan əvvəl əl atıldı. Yeni xəstəxanaların istifadəyə verilməsi, modul tipli xəstəxanaların qurulması, karantin rejimi, təcrid olunmalar, bu zaman aztəminatlılara maddi yardımların verilməsi və sair sosial addımlar həmin tədbirlər silsiləsindəndir və məqsəd yoluxma səviyyəsini və itgiləri minimuma endirmək idi. Əlbəttə ki, bu məqsədə də nail olundu və bir çox qabaqçıl dünya ölkələri ilə müqaisədə Azərbaycan ən az itgilər verdi. Ölkəmiz bu istiqamətdə qlobal miqyasda da öz tövhələrini verdi, xəstəliklə mübarizə üçün yardımlar ayrıldı, şəxsən ölkə rəhbərinin təşəbbüsü ilə qlobal müzakirələr təşkil olundu və beynəlxalq təşkilatların bu istiqamətdə Azərbaycanın fəaliyyətini qənaətbəxş, uğurlu hesab etməsi də təsadüfi deyil. Bir sözlə, bütün addımlar, səylər itgilərin mümkün qədər az olması naminə idi.

Hal-hazırda müəyyən yumşalmalar olsa da, müəyyən qadağalar ləğv olunsa da bu, virus təhlükəsinin tamamilə sovuşduğu anlamına gəlmir. Əbəs yerə deyil ki, qapalı məkanlarda insanların qoruyucu vasitələrdən istifadə edib-etməsinə nəzarət edilir və hətta tələblərə cavab verməyənlərə qarşı inzibati cəza tədbirləri, cərimələr də tətbiq edilir. Çünki, tibbi maskaların, qoruyucu vasitələrin istifadəsi, sosial məsafənin saxlanılması kimi tələblərə cavab verməməklə, yoluxma sayını, bununla da itgiləri artırmış olarıq və bunun qarşısı da dövlət tərəfindən, hüquq-mühafizə orqanları tərəfindən məharətlə alınır. Amma, vətəndaşlar öləri də öz məsuliyyətini dərk etməli, bilməlidirlər ki, məsuliyyətsiz davranış arzuolunmaz nəticələrə, yoluxmaların, itgilərin sayının artmasına gətirib çıxara bilər. İlk növbədə bilmək lazımdır ki, söhbət insan həyatından gedir və insanların həyatdan məhrum olmamaması üçün çalışmaq, qaydalara əməl etmək, qorunmaq lazımdır. Bu gün məhz qapalı məkanlarda tələblərə riayət olunması ilə bağlı vətəndaşlara olan tələblər bu məqsədlədir.

Xatırladığımız kimi, hələ bir il bundan öncə 44 günlük vətən müharibəsi dövründə də vətəndaşlarımızın istər Covid-19 virusundan, istərsə də döyüşlər zamanı hərbçilərimizin ən minimum həddə itgisi ilə əlaqədar tədbirlər görülürdü. Azərbaycan dövləti, Azərbaycan Ordusu, xalqımız cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə düz bir il bundan əvvəl qələbələrə imza atır, işğal altında olan torpaqlarımızı işğaldan azad edir, bir sözlə, şanlı tarix yazırdı və tarixin bu şanlı səhifələri yazılarkən vətənin ən ləyaqətli, ən şərəfli oğulları canlarını qurban verir, bununla da şəhidlik zirvəsinə ucalırdı, hansıki, bu şəhidlərin xatırəsi əbədi olaraq Azərbaycan xalqı tərəfindən böyük hörmət və ehtiramla anılıb, anılır, daim anılacaq da. Bununla belə əsgər və zabitlərimizin həyatlarını itirməməsi üçün ən optimal hərbi taktika seçilir, ən səmərəli hərbi əməliyyatlar aparılırdı. Hər bir halda şəhidlik zirvəsinə ucalan qəhrəman, ləyaqətli hərbçilərimiz, əsgər və zabitlərimiz, Azərbaycan xalqının övladlarıdır və onların şəhidlik məqamına ucalmalarına görə fəxarət hissi ilə yanaşı, bu məğrur, ləyaqətli, şərəfli vətən oğullarının həyatlarını itirmələrinə görə təəssqüf hissi də var. Vətən torpaqlarını düşmən tapdağından, işağaldan azad edən oğullarının şəhidlik zirvəsinə ucalmalarına görə qürur hissi keçirən anaların övlad itgisi ilə qarşılaşdığı həqiqət də var və bu bir reallıqdır. “Torpaq, əgər uğrunda ölən varsa vətəndir”, bu doğrudur, amma 44 günlük müharibə dövründə itgilərin minimum həddə olması üçün çox çalışıldı və bu barədə Ali Baş Komandanımız da dəfələrlə bəyan edib.

Məsələ burasındadır ki, Covid-19 virusu səbəbindən həyatını itirənlərin sayı Vətən müharibəsində cəbhədə həyatını itirənləri sayından indi iki dəfə artıqdır. Bu günkü statistikaya əsasən koronavirus xəstəliyi səbəbindən həyatını itirənlərin sayı 6720 nəfərdir ki, bu da 44 günlük savaş zamanı şəhid olan 3 minə yaxın hərbçilərimizin sayından həqiqətən də iki dəfədən də çoxdur. Maraqlıdır, 44 günlük savaş zamanı insanların həyatını itirməsinə görə narahat olurduq, amma bundan daha artıq sayda vətəndaşlarımızın itgisinə səbəb olan xəstəliyə görə narahat olmuruq, yaxud da ən azından qoruyucu vasitələrə, tədbirlərə dırnaqarası yanaşırıq?

Bəli, 44 günlük savaş bitdi, özü də qələbəmizlə, torpaqlarımızın işğaldan azad olunması ilə, Azərbaycanın zəfəri ilə. Bu cəbhədə bir il bundan əvvəl itgilərimiz oldusa da indi artıq savaş bitdiyindən bu cəbhədə artıq itgilər vermirik. Amma, nəzərə almaq lazımdır ki, koronavirus cəbhəsində hələ də savaş bitməyib və həyatını itirənlərin sayı durmadan, günbəgün artır. Nə vaxt itgilərin bitəcəyi də məlum deyil. Çünki, düşmən gözəgörünməzdir və bu dəfə də erməni kimi bir virus qədər təhlükəli virusla mübarizə aparırıq. Bir sözlə, cəbhənin birində savaş bitsə də digərində hələ davam edir. Əslində, bu gün insanların həyatını itirmələrinə görə daha çox narahat olmalıyıq. İnsanların mütləq əksəriyyətinin peyvənd olunmasına çalışmalıyıq, bunun üçün əlimizdən gələn əsirgəməməliyik, qadağalara, tələblərə riayət etməli, son dərəcə qorunmalı, digərlərinin də qorunmasını təmin etməliyik. Bunun üçün hər bir vətəndaşımız əlindən gələni əsirgəməməli, hər kəs çalışmalı, məsuliyyət hissini unutmamalıdır. Nəzərə almaq lazımdır ki, Vətən müharibəsində həyatını itirənlər şəhidlik zirvəsinə ucalırdılar və buna görə fəxarət hissi keçiririk, amma koronavirus xəstəliyi səbəbindən ölən vətəndaşlara görə yalnız təəssüf hissi keçirə bilərik.

Digər xəbərlər