Cəmiyyət

  • 945

Pirləri ziyarət etmək doğrudurmu? - MÜNASİBƏT BİLDİRİLDİ

image

"Pirləri ziyarət etmək, onlardan yardım diləmək düzgündürmü?" sualı sual olaraq sələfilikdən qaynaqnalan sualdır". Bu sözləri SİA-ya açıqlamasında Təzə Pir məscidinin axundu Mircəfər Əyyubov deyib.O bildirib ki, etiraf edək ki, vəhabilik yaranmazdan öncə heç bir müsəlmanın zehnində bu sual yaranmırdı: "Hamı bunu müqəddəs ritual kimi həyata keçirirdi. Necə ki, bütün şiə və sünni alimlərinin əsərlərində bu, savab əməl kimi qəbul olunur, buna riayət etməkdə heç bir problem görünmür. Təəssüflər olsun ki, 17-18-ci əsrdə vəhabilik yarandıqdan sonra bu, ortalığa atıldı və müsəlman ölkələrində sürətlə yayıldı.Pirlər, ziyarətgahlar Azərbaycan dövləti tərəfindən də nəzarətə götürülüb, tarixi abidə kimi yaşanır. Prezident tərəfindən Bibiheybət məscidi, Gəncə İmamzadəsi, digər ziyarətgah, pirlər təmir olunur. Burada heç bir problem yoxdur. Amma yenə də vəhabiliyin ortalığa atdığı və təkidlə üzərində durduğu bu suala cavab vermək indiki reallıqda lazım görünür.Pirlər, ziyarətgahlar Allah-taalanın iradəli, Allaha itaət edən, ömrünü Allaha həsr etmiş böyük şəxsiyyətlərin məzarlarından ibarətdir. Bəzən onlar Peyğəmbər, İmamlardır, bəzən də onların övladlarıdır, bəzən də özləri həyatlarında bu məqama nail olmuş insanlardır. Allah-taalanın dinində tarix yaranandan etibarən insana ehtiram, hörmət dində ən mühüm yer tutur. İnsanlığın yarandığı vaxtlarda baş verən hadisələrə müqəddəs kitabların münasibətini görsəniz, bunu açıq-aşkar təsdiq edəcəksiniz. Bütün müqəddəs kitablarda yazıldığı kimi Allah-taala şeytan, yəni məşhur iblis olan varlığı öz dərgahından məhz insana səcdə etmədiyi üçün qovdu. İblisin Allah-taalaya iradı o deyildi ki, "mən sənə qulluq etmək istəmirəm". İblis 6 min il Allaha ibadət etmişdir. Yeganə iradı bu idi ki, "mən niyə adəmə səcdə etməliyəm?" Allah-taala da "niyə mənə ibadət etmirsən?" demədi, "sən niyə adəmə səcdə etmirsən?" dedi. Bəşəriyyət yarandığı vaxtdan etibarən Allahın ən böyük düşməni sayılacaq şəxs məhz insan faktorunu istisna edən varlıqdır. O da şeytandır. Sadə dildə desək, şeytan Allahın dərgahından ona görə qovuldu ki, Allah ondan tələb edirdi ki, "mənə doğru gələrkən hökmən bir insanı vasitə seçməlisən, özün birbaşa gələ bilməzsən". Məncə, hər bir ağıllı insan üçün bu, kifayət qədər güclü dəlildir. Digər elmi dəlillərə çox da ehtiyac duyulmur. Amma kifayət qədər Qurani-Kərim, məntiqi-fəlsəfi dəlillər mövcuddur"."Dinə görə insanların etdiyi bütün əməllər Allahın izni ilədir. Allah icazə verməsə, nə diri, nə ölü, heç bir insan heç nə edə bilməz. Bu nöqteyi-nəzərdən baxdıqda əgər biz hər hansı diri insandan nəsə istəsək, bu günah sayılacaqsa, o zaman ölü insandan da nəsə istəsək, günah sayılacaq. Məsələn, diri həkimdən müalicə istəyirik, diri alimdən elm öyrənmək istəyirik, taksi sürücüsündən bizi ünvana çatdırmasını istəyirik. Bunların heç birində heç kim demir ki, "niyə Allahı qoyub başqasından istədin?" Amma dünyadan köçmüş bir övliyadan nəsə istədikdə dərhal bu mövzu ortalığa atılır. Diqqət etsək, görərik ki, bu sualın özü əslində günahdır. Çünki belə çıxır ki, Allah dirilərə icazə vermir, amma ölülərə icazə verməlidir? Bu, absurt və paradoksal bir vəziyyətdir.Biz diridən istəyəndə heç bir şirk duyğusu yaşamırıqsa, ölüdən də istədikdə heç bir şirk duyğusu yaşamayacağıq. Dinimiz demir ki, Allahı qoyub başqasından istə. Dinimiz deyir ki, Allahdan istə, lakin başqasını vasitə et. Digər ifadə ilə desək, kimdən nə istəyirsən, istə, zehnində bu olsun ki, əgər Allah izin verməsə, bu adam bunu edə bilməyəcək. Belə olan halda pirlərdən istəməklə hər hansı həkimdən müalicə istəmək arasında qətiyyən fərq yoxdur. O doğrudursa, bu da doğrudur, o günahdırsa, bu da günahdır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Digər xəbərlər