Dekabrın 27-də Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində vakant olan gənclərin çağırışaqədərki hazırlığı rəhbəri vəzifəsinə işə qəbul üzrə müsabiqə keçirilib. SİA-nın məlumatına görə, Nazirliyin mətbuat xidmətindən Naxçıvan bürosuna bildirilib ki, müsabiqəyə sənəd qəbulu sentyabrın 24-dən oktyabrın 10-dək aparılıb. Sənəd verən 21 namizəddən 16-sı müsabiqədə iştirak edib.
Naxçıvan Şəhər Uşaq-Gənclər Şahmat Məktəbində keçirilən müsabiqədə namizədlərə 20 vəzifə proqramı, 5 məntiqi təfəkkür və 5 dünyagörüşü olmaqla, ümumilikdə 30 test tapşırığı təqdim olunub. Tapşırıqların yerinə yetirilməsi üçün 60 dəqiqə vaxt ayrılıb. Şəffaflığın təmin olunması baxımından namizədlərin imtahan nəticələri onların iştirakı ilə yoxlanılıb. İmtahan nəticəsi binanı tərk etmədən namizədə elan olunub. Namizədlərin test imtahanı nəticələrinə əsasən keçid balı 10 bal müəyyənləşdirilib və 5 namizəd keçid balını toplayıb.
Qeyd edək ki, müsabiqəyə ümumi təhsil müəssisələrindən 23 vakant vəzifə çıxarılıb.