2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi başa çatdı. Təhsil eksperti Ramin Nurəliyev ixtisas seçimi ilə bağlı təəssüratlarını bölüşüb. Onun sözlərinə görə bu qəbul ilində abituriyentlərin ixtisas seçimi bir neçə gərgin nüanslarla keçib:
“İlkin olaraq deyə bilərəm ki, 1-ci ixtisas qrupunda vəziyyət çox yaxşı görünür. RK altqrupu olaraq blok imtahanında 100 balı keçən abituriyentlərdə balların təxminən 30-80 bal düşəcəyi gözlənilir. Azərbaycan və rus bölməsində plan yerlərinin artması və müsabiqə şərtlərini ödəmiş abituriyentlərin sayının keçən ilə nisbətən azlığı balların keçən ilə görə aşağı düşəcəyindən xəbər verir.”
1-ci qrup RK altqrupunda dövlət sifarişli yerlərin çoxalması bu altqrupda pulsuz yerlərə qəbul imkanlarını özəl ali təhsil ocaqlarında belə artıracağını deyən ekspert bu altqrupda da balların ortalama 20-40 bal ətrafında düşəcəyini proqnozlaşdırır: “2-ci qrupda vəziyyəti orta olaraq qiymətləndirirəm. Həm Azərbaycan, həm də rus bölməsində plan yerlərinin artması xoş təəssüratlar formalaşdırsa da, dövlət sifarişli yerlərin sayında azalma bu ixtisasların ballarında artıma səbəb olacaq. Ümumi olaraq aşağı ballarda 10-15, dövlət sifarişli yerlərdə 20-50 bala kimi artma müşahidə olunacaq. Rus bölməsi 400+ dan ballarda düşmə görünür.”
Ekspert deyir ki, 3-cu qrupda vəziyyət keçən ilə görə çox acınacaqlı görünür: “DT altqrupunda vəziyyət çox gərgin olacaq. Dövlət sifarişli yerlərin balı 30-50 bal artacaq, ümumi olaraq 20-60 bal artım ehtimal olunur. Hüquqda ciddi artım olmasa da, aşağı ixtisaslara doğru getdikcə ballar sürətli artaraq davam edəcək. 300 baldan aşağı ballarda ciddi həyəcan təbili müşahidə edirəm”.
Ramin Nurəliyevin sözlərinə görə müsabiqə şərtlərini ödəmiş 24087 abituriyentdən 9000 nəfəri plan yerlərinə görə, təxminən 5000 nəfəri də səhv kodlaşdırıldığı üçün müsabiqədən kənarda qalacaq: “TC altqrupunda da vəziyyət ürəkaçan deyil, ballarda 20-50 arası qalxma müşahidə olunur. Beynəlxalq münasibətlər ixtisasında artım olacaq.”
Eskpert 4-cu qrupda vəziyyətin çox pis olduğu qənaətindədir: “Tibb ixtisası üzrə ballar artacaq kimi görünür. Hardasa 625 ətrafında müşahidə olunur. Ümumi olaraq Azərbaycan və rus bölməsi üzrə 20-70 bala kimi qalxma müşahidə olunacaq.”
Lalə