PDF Oxu

Cəmiyyət

  • 1 059

VİLPA - uzun və sağlam yaşa

image

Hamımızın bildiyi, lakin əməl etmədiyimiz gündəlik fiziki hərərəkətlər sağlamlığınız üçün mütləq faydalıdır və hətta daha uzun ömür sürməyimizə kömək edir. Düzdür, hər kəs bilir ki, sağlam və uzun ömürün açarı idman və yaxşı qidalanmadır, lakin nə qədərimiz buna əməl edirik? İdman etmiriksə, fiziki iş görmürüksə, yaxşı qidalanmırıqsa, bizə nə olacaq?

Biz özümüz özümüzü xəstələndiririk əslində. Pilləkən yerinə liftə minirik, evi özümüz təmizləmək yerinə robot tozsoranla təmizləyirik, əyilib-qalxmırıq, qollarımızı, ayaqlarımızı hərəkət etdirmirik, fast-food yeyirik, günümüz oturaq keçir və bütün bunlardan sonra xəstəlikdən şikayətlənirik. Sizcə də çox absurd deyilmi?

Son üç ildir dünyada idman elmi yeni bir terminlə assossasiya olunur - VILPA. Vigorous Intermittent Lifestyle Physical Activity - qısaca VİLPA bizim anlayacağımız dillə sürətli və hərəkətli həyat tərzi deməkdir. Bu, gündəlik həyat tərzimizə daxil edilmiş qısa və intensiv hərəkətlər ehtiva edən sistemdir. Düşünün, gün ərzində ev işlərində nə qədər fikiki hərəkət motivləri gizlənib? Əyilib-qalxarkən, qolumuzu uzadıb-bükərkən, belimizi hərəkət etdirərkən əslində bədənimizə nə qədər fayda vermiş oluruq. Üstəlik velosiped sürməyi seviriksə, bağda işləyiriksə, liftə minməyib pilləkanlardan istifadə ediriksə fiziki hərəkətlərlə ömrümüzü nə qədər uzatmış oluruq.

Fiziki hərəkəti bol olan insanlarda qan şəkəri, xolesterol, qan təzyiqi daim stabil olur. London Universitet Kollecinin idman və məşq tibb professoru Mark Hamerin sözlərinə görə, VILPA müasir insanların bu kimi zəmanə xəstəliklərindən qorunmaq üçün həyat xilaskarı ola biləcək sistemdir. VILPA vasitəsi ilə gündəlik həyatın içində, qısa-qısa amma intensiv hərəkətlər etməklə insanlar özlərinə yaxşılıq etmiş olurlar. Pilləkənləri sürətlə qalxmaq, avtobusa çatmaq üçün tez addımlamaq, gedəcəyin ünvana bir dayanacaq qalmış avtobusdan düşüb sürətlə piyada getmək, evi sürətlə yığışdırmaq, bağda torpaq belləmək kimi fiziki işlər VİLPA sisteminin tövsiyyə etdiyi hərəkətlərdir. Bu işlər 30 saniyədən 5 dəqiqəyə qədər davam etsə də nəfəsin sürətlənir, ürək döyüntüsü artır, “yoruldum” hissi yaranır.

Araşdırmalara görə bu hərəkətər ürək-damar xəstəlikləri riskini azaldır, metabolizmi sürətləndirir, idman zalına getmədən də sağlam qalmağa kömək edir. Bu, xüsusilə vaxtı olmayan insanlar üçün idealdır. Unutmaq lazım deyil ki, VİLPA klassik idmanı əvəz etmir, amma heç hərəkət etməməkdən də qat-qat yaxşıdır.

2022-ci ildə Böyük Britaniyada 25.241 nəfərin iştirakı ilə edərək aparılan bir araşdırmada Hamer və Sidney Universitetinin alimləri müəyyən etdilər ki, gündə cəmi üç və ya dörd dəqiqəlik VILPA hərəkəti, heç idman etməyən insanlarla müqayisədə bütün səbəblərdən vaxtından əvvəl ölüm riskini 40%, ürək-damar xəstəliklərindən ölüm riskini isə 49% azaldır. Başqa yeni bir araşdırma ilə britaniyalı alimlər müəyyən etdi ki, hər gün 4-5 dəqiqə VILPA hərəkəti etmək oturaq həyat tərzinin yaratdığı ürək, qan-damar xəstəlikləri kimi riskləri aradan qaldıra bilər. Sidney Universitetinin tədqiqatçısı Metyu Əhmədi deyir ki, gündə bir neçə dəfə qısa müddətli yüksək intensivlikli fəaliyyətlə məşğul olmaqla, insanlar xroniki xəstəlik riskini azalda bilərlər.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada təxminən 1,8 milyard insan qeyri-kafi fiziki fəaliyyət səbəbindən xəstəlik riski altındadır. İdmana vaxtı olmadığını bəhanə edənlər, heç hərəkət etməməkdənsə az-çox hərəkət etmək yaxşıdır və VİLPA sistemi bunun üçün ən qısa çıxış yoludur.

Lalə Mehralı

Digər xəbərlər