Ümumdünya Şəhərsalma Forumu dünyada şəhərsalma sahəsində ən böyük beynəlxalq tədbirlərdən biridir. Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramı tərəfindən təşkil olunan bu aparıcı beynəlxalq forum sürətli urbanizasiya, yaşayış məntəqələrinin inkişafı və dayanıqlı şəhərsalma məsələlərinin müzakirəsi üçün əsas qlobal platforma hesab olunur. İlk sessiyası 2002-ci ildə Nayrobidə (Keniya) keçirilən bu forum 2 ildən bir təşkil olunur. 13-cü sessiyası ölkəmizdə keçiriləcək forum çərçivəsində Bakıya 20 mindən çox xarici mütəxəssis və qonağın gələcəyi proqnozlaşdırılır. Qeyd edək ki, Bakı ən çox qonağı COP29 Konfransı zamanı qarşılamışdı, 70 mindən çox xarici qonaq konfrans üçün qeydiyyatdan keçmişdi.
Doğrudur, bu cür beynəlxalq tədbirlərin Bakıda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunu artırır, dünyanın müxtəlif ölkələrindən minlərlə qonaq və nümayəndə iştirak edir. Lakin paralel olaraq Bakı kimi yetəri qədər sıxlığı olan bir şəhər üçün əlavə problemlər də yaratması qaçılmazdır. Pik saatlarda yollarda sıxlığın müşahidə edilməsi, avtobusların marşrut xətlərinin dəyişdirilməsi, qonaqların iştirak edəcək sessiyaların təşkili saatlarında görüləcək tədbirlər zamanı hərəkət məhdudiyyəti paytaxt sakinlərini narahat edən məsələlərdəndir. Çünki belə böyük tədbirlər zamanı harada keçirilməsindən asılı olmayaraq şəhərdə tıxaclar və sıxlıq artır, dolayısı ilə hərəkət məhdudiyyəti də yaranır.
Məktəb və universitetlərin distant rejimə keçməsi də bu sıxlığın qismən də olsa aradan qaldırılmasına xidmət edir. Bizim artıq həm pandemiya dövründən, həm də şəhərimizdə keçirilən beynəlxalq konfransların təşkili zamanından distant təhsil təcrübəmiz formalaşıb. Sözügedən forumun keçiriləcəyi günlərdə məktəb və universitetlərin distant təhsilə keçməsi nəqliyyat yükünü azaldacaq, şəhər daxilində hərəkəti rahatlaşdıracaq ki, bu da iş və marşrut rejimi dəyişəcək ictimai nəqliyyat vasitələrində yaranması ehtimal olacaq sıxlığın aradan qalxmasına, işə gedib-gələn paytaxt sakinlərinin daha rahat hərəkət etməsinə şərait yaradacaq. Məktəbə gedən uşaqların dərsə bir çox halda valideynlərin şəxsi maşını ilə aparılması səhər və günorta saatlarında yollarda daha çox sıxlıq yaranmasına səbəb olduğu üçün distant təhsil zamanı bu problem də aradan qalxmış olacaq.
Qeyd edək ki, distant təhsil zamanı dərslər olduğu kimi keçirilir, sadəcə onlayn formada davam edir. Müasir texnologiyalardan (Zoom, Teams və s.) istifadə etməklə təhsilin fasiləsiz olmasına imkan yaradılır. Bu, həmin günlərdə Bakıda yaranacaq sıxlıq səbəbindən həm tələbə və şagirdlər, həm də müəllimlər üçün daha əlverişli və rahatdır. Elm və təhsil naziri Emin Əmrullayevin imzaladığı əmrə görə forumun olacağı 17-22 may tarixlərində Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində nəzərdə tutulmuş 1-5 may tarixlərindəki tətil əvəzinə mayın 18-dən 22-dək tətil müəyyən ediləcək.
Həmçinin, forum iştirakçılarının marşrutlarına daxil olmayan Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla, Bakı şəhərinin digər rayonlarında fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin V-XI siniflərində, ali və peşə təhsili ocaqlarında dərslər mayın 18-dən 22-dək distant formada keçiriləcək.
Bizim ölkəmiz pandemiya dövrünədək distant təhsillə bağlı heç bir təcrübəyə malik deyildi. Buna görə də həmin ərəfədə online platformanın yaradılması, distant təhsil rejiminin təşkil edilməsi, cədvəllərin tərtibatı, dərslərin davamiyyəti və effektivliyi məsələsi müəyyən problemlər yaratmışdı. Həm müəllimlər, həm məktəb rəhbərliyi, həm də şagird və tələbələr belə bir təcrübəyə sahib olmadıqları üçün müəyyən çətinliklər qaçılmaz oldu. Lakin sonrakı təcrübələr zamanı yavaş-yavaş adaptasiya prosesi getdi, sistem relsə oturduldu.
Təhsil prosesinin davamlılığına xidmət edən bu cür tədbirlər sonrakı illərdə - 2023-cü ildəki Qoşulmama Hərəkatının Zirvə Görüşü, hər il keçirilən Bakı Enerji Həftəsi və Formula yarışları, 2024-cü ildə keçirilən COP29 Konfransı, TEKNOFEST Azərbaycan və s. kimi beynəlxalq tədbirlərin təşkili zamanı artıq distant təhsil təcrübəmiz var idi və müəyyən müddətə online təhsilə keçmək həm çətin olmadı, həm də dərsin səmərəliliyi itmədi.
Bu cür beynəlxalq tədbirlər zamanı Bakıya gələcək minlərlə qonaq səbəbindən qaçılmaz sıxlığın gözlənildiyi günlərdə təhsilin distant rejimə keçirilməsi həm də ekoloji və sosial fayda verir. Şagird və tələbələrin dərsi məsafədən keçməsi şəhərdə daha az nəqliyyat, dolayısı ilə daha az hava çirklənməsi deməkdir. Nəticə etibarı ilə şəhərdə səs-küy, sıxlıq azalır. Həmçinin, xarici qonaqların çox olduğu dövrdə təhlükəsizlik tədbirləri gücləndirildiyi üçün şəhərdə izdiham olması da işə mane ola bilər.
Ümumiyyətlə, Bakı son illərdə beynəlxalq tədbirlərin əsas mərkəzlərindən birinə çevrilib. Bu tədbirlər ölkəmizə turist axınını artırır, iqtisadi inkişaf yaradır, beynəlxalq nüfuzumuzu gücləndirir. Bu cür beynəlxalq tədbirlər çərçivəsində məsafədən təhsilə keçmək qərarı həm şəhərin rahat idarə olunmasına, həm də təhsilin fasiləsiz davam etməsinə xidmət edir. Məsafədən təhsillə bağlı artıq mövcud təcrübəmiz də olduğu üçün distant təhsil effektiv alternativdir.
Lalə Mehralı
Bir şəxsin razılığı olmadan onun rəqəmsal surətini yaratmaq qadağandır...
İnsan beyni ətrafındakı dünyanı “proqnozlaşdıra” bilir…
Müşahidəçilər bu təsirdən çox təsirlənirlər...
98,5 faizə qədər təmizlənmə...