Cənub mirvarisi kimi tanına Lənkəranın mətbəxi də özünəməxsus yeməkləri ilə yaxşı ad qoyub. Burada bişirilən yeməkləri dadanda uzun müddət ləzzəti adamın damağında qalır. Özü də hər yeməyin tarixi çox-çox uzaqlardan xəbər verir. Lənkəranlılar keçmişdə nənələrin bişirdiyi xörəkləri indi də süfrələrə gətirirlər. Unudulmayan belə yeməklərdən biri murqutuş adlanır. Əsasən Lənkəran mətbəxinə məxsus olan yemək toyuq əti, qoz və göyərtidən hazırlanır. O, qidalı olmaqla, həm də fərqli dadı ilə seçilir.
Lənkəranlı xanımların dediyi kimi, murqutuşun hazırlanmaq üçün 1 ədəd kənd çolpası, 1 ədəd soğan, 2 dəstə cəfəri, 100 qram qoz ləpəsi, 150 qram kərə yağı, 1,5 stəkan toyuq bulyonu, abqora və ya yarım limonun suyu, duz, qara istiot, həmçinin istəyə görə yarım stəkan nar dənəsi sərf olunur.
Bu dadlı xörəyi hər evdə bişirmək asandır. Belə ki, əvvəlcə toyuq tikələrə bölünüb suda bişirilir. Bişdikdən sonra bulyonu saxlanılır. Soğan xırda-xırda doğranıb kərə yağında qızılı rəng alanadək qovurulur. Ardınca ona doğranmış cəfəri qatıb bir neçə dəqiqə birlikdə bişirilir. Qovrulmuş qarışığın üzərinə toyuq tikələri, duz və qara istiotu əlavə edilir. Təxminən 4-5 dəqiqə bişdikdən sonra xırdalanmış qoz ləpəsini, abqora və ya limon suyunu, 1,5 stəkan toyuq bulyonunu üstünə töküb 15 dəqiqə zəif odda saxlanılır.
Yeməyi plovla süfrəyə verəndə daha yaxşı alınır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Əzələ toxuması bədən kütləsinin təxminən 40 faizini təşkil edir...
Gündəlik qida rasionunda adi bir əlavə insanın fərqinə varmadan ürək-damar sisteminə zərər verə bilər...
Vaşinqton onları milli təhlükəsizliyə təhdid kimi görürdü…