Xroniki stres ürəkdə gizli dəyişikliklərə səbəb ola bilər
Uzunmüddətli stress yalnız insanın psixoloji vəziyyətinə deyil, ürək-damar sisteminə də təsir göstərə bilər. Yeni araşdırma xroniki iltihab ilə ürəyin strukturunda zədələyici dəyişikliklər və ürək-damar xəstəlikləri riski arasında əlaqə olduğunu göstərib.
Medical Research Council və London İmperial Kollecinin alimlərinin apardığı araşdırmada Böyük Britaniyada təxminən 480 min insanın məlumatları təhlil edilib. Tədqiqatçılar qanda xroniki iltihabın göstəricilərindən biri olan GlycA ilə yanaşı, ürəyin görüntüləmə və genetik məlumatlarını da araşdırıblar.
Nəticələrə görə, iltihab göstəriciləri ən yüksək olan insanların infarkt və insult keçirmə riski ən aşağı göstəricilərə malik qrupla müqayisədə 43 faiz daha yüksək olub. Araşdırmada yüksək iltihab səviyyəsinin ürəyin strukturunda bəzi dəyişikliklərlə də əlaqəli olduğu müəyyənləşdirilib. Bu dəyişikliklər ürək divarlarının qalınlaşması, ürək boşluqlarının kiçilməsi və ürəyin qanla dolmasının zəifləməsi kimi əlamətləri əhatə edib.
Alimlərin diqqət çəkdiyi məqamlardan biri də bu dəyişikliklərin ürək-damar xəstəliyinin aşkar simptomları ortaya çıxmazdan illər əvvəl baş verə bilməsidir. Araşdırma həmçinin sosial-iqtisadi vəziyyət, psixoloji gərginlik, siqaret istifadəsi və artıq bədən çəkisi kimi amillərlə xroniki iltihab arasında əlaqə olduğunu göstərib.
Tədqiqatçılar bildirirlər ki, nəticələr xroniki iltihabın gündəlik həyatdakı stress faktorlarının ürək-damar sisteminə təsir etdiyi mümkün bioloji mexanizmlərdən biri ola biləcəyini göstərir. Bununla belə, alimlər vurğulayırlar ki, genetik meyllilik və ya əlverişsiz həyat şəraiti insanın mütləq ürək xəstəliyinə tutulacağı anlamına gəlmir. İltihab və ürək-damar xəstəlikləri riskinə təsir edən bir sıra amilləri dəyişmək mümkündür.
Tədqiqatın nəticələri 18 sentyabr 2026-cı ildə “European Journal of Preventive Cardiology” jurnalında dərc olunub.
Lalə Mehralı