World Weather Attribution (WWA) konsorsiumunun mütəxəssislərinin hesablamalarına görə, qlobal istiləşmə İspaniyada isti, quru və küləkli hava ehtimalını ən azı 20 dəfə, Fransada isə iki dəfə artırıb. Bu tapıntı, qitənin isti və ölümcül yayının səbəbinin neft, qaz və kömürün yandırılması nəticəsində yaranan çirklənmə olduğunu deyir.
WWA-nın əvvəlki araşdırması göstərib ki, 20.000 insanın ölümünə səbəb olduğu təxmin edilən iyun ayının sonunda baş verən güclü isti dalğası karbon çirklənməsinin yaratdığı əlavə istilik olmadan baş verə bilməzdi. Başqa bir araşdırma, iqlim böhranının yaratdığı istiliyin Avropada torpaqları qurutduğunu aşkar edib. 2025-ci ildə baş verən meşə yanğınlarının tədqiqatları da hadisələrin həddindən artıq isti hava ilə əlaqələndirib.
Bu il Qərbi Avropadakı meşə yanğınları, rütubətli keçən qış və yazla da əlaqədardır. Belə ki, bitki örtüyünün böyüməsi sürətləndi, sonra isti hava onları qurutdu və yanğınlar üçün yanacaq rolunu oynadı. Qlobal istiləşmə nəticəsində Avropada qış daha rütubətli, yay isə daha quru və isti keçir. Meşə yanğınları atmosferə böyük miqdarda zəhərli tüstü buraxdı. Fransa Milli Sənaye Ətraf Mühiti və Riskləri İnstitutunun rəsmisi Auqustin Kolette deyir ki, tüstü hava çirkliliyini 20 dəfəyə qədər artırdı və yanğınlardan 400 km məsafədə olduqca pis hava şəraiti hakimdir.
Hər il təxminən 1,5 milyon insanın meşə yanğınlarının tüstüsü səbəbindən ömrünün qısaldığı təxmin edilir. İyulun əvvəlindən bəri İspaniya və Fransada şiddətli meşə yanğınları baş verib, insanlar həlak olub, minlərlə ev dağılıb və 300.000-dən çox insan öz yurdundan qaçmağa məcbur olub. Böyük Britaniya və Yunanıstanda da böyük meşə yanğınları baş verib və bu prosesdə üç yanğınsöndürənin həyatını itirdiyi bildirilir. BMT-nin iqlim üzrə rəhbəri Saymon Stil deyir: “Avropa meqayanqları göstərir ki, iqlim pozulub, nəticədə yaranan həddindən artıq istilik və quraqlıq meşə yanğınlarını dağıdıcı milli fəlakətə çevirir. Bəşəriyyətin külli miqdarda kömür, neft və qaz yandırmağa davam etməsi bu şəraiti daha təhlükəli, meqayanqları isə daha ölümcül və dağıdıcı edir”.
BMT rəsmisi deyir ki, həll yolu birdir: "Bütün ölkələr qalıq yanacaqlardan bərpa olunan enerji mənbələrinə daha sürətli keçməli və insanları pisləşən iqlim təsirlərindən, meşə yanğınlarından, meqafırtınalardan, daşqınlardan, qida istehsalına zərbə vuran quraqlıqlardan qorumalıdır”.
Qeyd edək ki, 3 avqust tarixində Yunanıstan – Afina yaxınlığında və ölkənin qərb hissəsində güclü meşə yanğınları baş verib. Yanğınların söndürülməsi zamanı iki yanğınsöndürmə helikopteri toqquşub və iki ekipaj üzvü həlak olub. Güclü külək səbəbindən yaşayış məntəqələri təxliyə edilib, 100-dən çox ev yanıb. Eyni tarixdə Fransada, ölkənin cənubundakı Var bölgəsində iri meşə yanğınları davam edir. Küləyin istiqamətini dəyişməsi alovun yayılmasını çətinləşdirib, yanğınsöndürənlər isə nəzarəti saxlamağa çalışırlar.
Avqustun 2-dən İspaniya yanır. Mərkəzi və cənub bölgələrində meşə yanğınları ilə mübarizə davam edir. Bir sıra ərazilərdə alov nəzarət altına alınsa da, bəzi ocaqlar hələ də aktivdir. Elə həmin tarixdən ABŞ-da, xüsusilə Vaşinqton, Oreqon, Aydaho və Yuta ştatlarında genişmiqyaslı meşə yanğınları qeydə alınıb. Vaşinqton ştatında təxminən 60 min nəfər təxliyə edilib, yüzlərlə tikili yanıb. ABŞ üzrə aktiv iri meşə yanğınlarının sayı son 10 ilin orta göstəricisini keçib. Kanadada, Britaniya Kolumbiyası əyalətində Pear Lake və Bradley Creek yanğınları böyüməyə davam edir. Tüstü havanın keyfiyyətini pisləşdirib və bəzi yaşayış məntəqələrində təxliyələr həyata keçirilir.
Bütün bu hadisələr göstərir ki, hazırda ən kritik meşə yanğınları əsasən Cənubi Avropa ərazisində, Yunanıstan, Fransa, İspaniyada, habelə Şimali Amerikada (ABŞ və Kanada) müşahidə olunur. Nüfuzlu Reuters, Associated Press və digər beynəlxalq agentliklərin məlumatına görə, Yunanıstan, Fransa, İspaniya, ABŞ və Kanada hazırda ən ciddi yanğınlarla mübarizə aparan ölkələr sırasındadır.
Lalə Mehralı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti çərçivəsində hazırlanıb