PDF Oxu

MİA

  • 1 150

Rəqəmsal ekosistemdə milli informasiya təhlükəsizliyi - TƏHLİL

image

Rəqəmsal ekosistemin tələblərinə uyğun olaraq milli informasiya təhlükəsizliyi həm dövlətin, həm cəmiyyətin, həm də fərdin informasiya məkanında təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş tədbirlər sistemidir. Rəqəmsal ekosistemin innovativ inkişaf etdiyi müasir dövrdə informasiya təhlükəsizliyi bütün ölkələrin milli təhlükəsizliyinin əsas tərkib hissələrindən biri hesab edilir. Rəqəmsal təhlükəsizliyini təmin etməməmək, ölkənin sərhədlərini açıq qoymaq ilə eyni məna kəsb edir deyə bilərik.

Milli informasiya təhlükəsizliyinin əsas məqsədləri dövlət informasiya ehtiyatlarının və kritik infrastrukturun qorunması, vətəndaşların şəxsi məlumatlarının məxfiliyinin təmin edilməsi, kiberhücumların, məlumat sızmalarının və dezinformasiyanın qarşısının alınması, elektron hökumət və rəqəmsal xidmətlərin etibarlı fəaliyyətinin təmin edilməsi kimi mühim məsələlərdir. Həmçinin informasiya mühitində milli maraqların qorunması, rəqəmsal ekosistemdə əsas təhlükələrdən mühavizə, kiberhücumlar, yəni kompüter sistemlərinə və şəbəkələrə icazəsiz müdaxilə də bu yolla həyata keçirilir.

Zərərli proqram təminatı da milli təhlükə məsələsi ola bilər. Belə ki, viruslar, saxta, casus proqramları vasitəsilə məlumatların oğurlanması və ya məhv edilməsi, habelə, məlumat sızmaları – şəxsi və ya dövlət məlumatlarının icazəsiz yayılması, dezinformasiya və saxta xəbərlər, o cümlədən ictimai rəyə və dövlət təhlükəsizliyinə mənfi təsir göstərən yanlış məlumatların yayılması da milli informasiya təhlükəsizliyinin təminatı zəif olanda baş verir.Kritik infrastrukturun sıradan çıxarılması kimi hallar da rastlanan vəziyyətlərdir. Enerji, nəqliyyat, rabitə və bank sistemlərinə yönələn hücumlar vasitəsi ilə dünyada bir çox ölkənin milli təhlükəsizliyi sual altına düşüb.

Milli informasiya təhlükəsizliyinin təmin edilməsinin şərtləri var. Müasir kibertəhlükəsizlik strategiyalarının hazırlanması və tətbiqi bu işin əlifbasıdır deyə bilərik. Dövlət və özəl sektorda təhlükəsizlik standartlarının tətbiq olunması, informasiya sistemlərinin mütəmadi monitorinqi və auditinin aparılması təhlükəsizliyin təmanatları sırasında möhkəmliyi vacib olan bəndlərdir. Son illərin fenomeni olan süni intellekt və onun kimi digər müasir texnologiyalar vasitəsilə təhlükələrin vaxtında aşkarlanması milli informasiya təhlükəsizliyi məsələsində inkişafa da kömək etdi.

Milli informasiya təhlükəsizliyi istiqamətində ən zəif bənd insanlardır. Bir çox ghallarda yayılması qadağan oln məlumatlar da məhz informasiya savadlılığı olmayan insanların sayəsində olur. Buna görə də əhalinin rəqəmsal savadlılığının və kibertəhlükəsizlik biliklərinin artırılması qarşıda duran ən vacib məsələlərdəndir. Bu sahədə ən yaxşı üsul beynəlxalq təcrübələri paylaşmaq, olacaq təhlükələrə qarşı savad səviyyəsini gücləndirmək, zərərli linklər, casus proqramlar istifadəsi barədə məlumatlandırmaqdır. Milli informasiya təhlükəsizliyi sahəsində

Milli informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində ən güclü ölkələr adətən texnoloji inkişaf, dövlət siyasəti, kibermüdafiə imkanları və beynəlxalq reytinqlərə görə qiymətləndirilir. Dünyada bu sahələrdə ən güclü ölkələr sırasında lider Amerika Birləşmiş Ştatlarıdır. ABŞ dünyanın ən böyük kibermüdafiə büdcəsinə malikdir və güclü texnologiya şirkətləri, dövlət qurumları fəaliyyət göstərir. Amerikanın həm müdafiə, həm də hücum xarakterli kiber imkanları çox inkişaf edib.

Çin son illər süni intellekt və böyük məlumat texnologiyalarına güclü investisiya qoyur. Dövlət səviyyəsində geniş kibertəhlükəsizlik sistemi mövcuddu və dünyanın ən böyük rəqəmsal infrastrukturuna sahib ölkələrdəndir. Böyük Britaniya da Milli Kibertəhlükəsizlik Mərkəzi vasitəsilə güclü müdafiə sistemi qurub və Avropanın ən inkişaf etmiş kibertəhlükəsizlik ekosistemlərindən birinə malikdir.

İsrail əhali sayına görə dünyanın ən güclü kibertəhlükəsizlik ölkələrindən hesab olunur. Çoxsaylı kibertəhlükəsizlik şirkətləri və startapları var, habelə dövlətin informasiya təhlükəsizliyi naminə dövlət və özəl sektor arasında sıx əməkdaşlıq mövcuddur. Sinqapur dövlət xidmətlərinin böyük hissəsini rəqəmsallaşdırıb və kibertəhlükəsizlik üzrə qabaqcıl qanunvericiliyə və milli strategiyaya malikdir.

Cənubi Koreya internet infrastrukturu və rəqəmsal texnologiyalar üzrə dünya liderlərindəndir və kiberhücumlara qarşı güclü müdafiə mexanizmləri yaradıb. Estoniya isə bütün dünyada "Rəqəmsal dövlət" modeli ilə məşhurdur. Bu ölkənin elektron hökumət və rəqəmsal identifikasiya sistemləri yüksək səviyyədə qorunur. Estoniyanın kibertəhlükəsizlik üzrə beynəlxalq nüfuzu çox yüksəkdir.

Milli informasiya təhlükəsizliyində liderlik üçün güclü milli kibertəhlükəsizlik strategiyası şərtdir. Hməçinin, böyük maliyyə və texnoloji investisiyalar, yüksək səviyyəli mütəxəssis hazırlığı, dövlət və özəl sektorun əməkdaşlığı, süni intellekt və qabaqcıl texnologiyalardan istifadə, kritik infrastrukturun etibarlı qorunması və ən əsası milli informasiya təhlükəsizliyi savadlı cəmiyyət vacibdir.

Azərbaycan son illərdə rəqəmsal transformasiya və kibertəhlükəsizlik sahəsində inkişaf edir. Elektron hökumət xidmətlərinin genişlənməsi, dövlət informasiya sistemlərinin qorunması və milli informasiya və kibertəhlükəsizlik strategiyalarının hazırlanması bu istiqamətdə atılan əsas addımlardır. Bununla belə, dünyanın lider ölkələri ilə müqayisədə kibertəhlükəsizlik ekosisteminin daha da gücləndirilməsi və mütəxəssis hazırlığının artırılması üçün beynəlxalq təcrübədən istifadə də vacib hesab olunur.

Rəqəmsallaşan dünyada transformasiya qaçılmazdır. Hazırkı dünya şəraitində milli informasiya təhlükəsizliyi dövlətin davamlı inkişafı, iqtisadi sabitliyi və vətəndaşların hüquqlarının qorunması üçün həm də strateji məsələdir. Buna görə də informasiya ehtiyatlarının qorunması, kibertəhlükələrə qarşı effektiv müdafiə mexanizmlərinin qurulması və rəqəmsal təhlükəsizlik mədəniyyətinin formalaşdırılması prioritet məsələdir.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər