Analitika

  • 4 850

Ermənistana xatırlatmaq lazımdır – hansı yolla olursa-olsun...

image

Qarabağdakı separatçılar üçün qanunsuz evlər tikmək üçün maliyyə vəsaitləri tapılır, amma əsrlər boyu Qərbi Azərbaycanda yaşamış və artıq geri dönmələrini səbirsizliklə gözləyən azərbaycanlılar üçün yox?

Sirr deyil ki, Ermənistan hər il öz büdcəsindən Qarabağ separatçılarına maliyyə yardımı ayırır və həmin vəsaitlərin yaşayış komplekslərinin tikintisinə xərcləndiyi bildirilir. Biz burada göndərilən vəsaitlərin hansı üsullarla separatçı-quldur rejimin ciblərinə axması barədə deyil, fərqli mövzuya toxunmaq istərdik.

Məsələ ondadır ki, Ermənistan rəhbərliyi 1988-89-cu illərdə Qərbi Azərbaycan torpaqlarından deportasiya edilmiş azərbaycanlıların öz doğma yurd-yuvalarına geri dönmələri ilə bağlı qaldırılmış məsələyə fərqli münasibət sərgiləyirlər. Daha dəqiq desək, bəyan edirlər ki, öz ev-eşiklərindən qovulmuş azərbaycanlıların geri dönmələri və təminatları üçün vəsaitləri yoxdur (?!) Buradan meydana belə bir sual çıxır: onda məntiq haradadır? Qarabağdakı separatçılar üçün qanunsuz evlər tikmək üçün maliyyə vəsaitləri tapılır, amma əsrlər boyu Qərbi Azərbaycanda yaşamış və artıq geri dönmələrini səbirsizliklə gözləyən azərbaycanlılar üçün yox?

1987-ci ildən başlayaraq və XX əsrdə İrəvan xanlığı üzərində qurulmuş Ermənistan ərazilərindən azərbaycanlıların sayca üçüncü deportasiya aktı həyata keçirilib

Mövzu ilə bağlı azərbaycanlı tarixçi professor Kamran Rüstəmov maraqlı və diqqətçəkən açıqlaması ilə yadda qalıb. Onun sözlərinə görə, 1987-ci ildən başlayaraq və XX əsrdə İrəvan xanlığı üzərində qurulmuş Ermənistan ərazilərindən azərbaycanlıların sayca üçüncü deportasiya aktı həyata keçirilib. Belə ki, azərbaycanlıların öz doğma torpaqlarından qovulma prosesi xüsusi qəddarlıqlarla müşahidə edilib. Bütövlükdə isə, Ermənistandan zor və güc yolu ilə 250 mindən çox azərbaycanlı deportasiyaya məruz qalıb.

Qeyd edək ki, Qərbi Azərbaycan icması da artıq bu məsələni aktuallaşdırıb və paralel olaraq bir sıra beynəlxalq institutlara müraciətlər ünvanlayaraq həm özlərinin, həm də dədə-babalarının doğma yurdlarına geri dönmələri ilə bağlı tələblər irəli sürüblər.

Ermənistandan qovulan azərbaycanlıların öz doğma yurd-yuvalarına geri dönmələrinə haqları çatır və bu, onların bilavasitə təbii hüquqlarıdır

Onu da xatırladaq ki, Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn krallığının paytaxtı Manamada keçirilən 146-cı Parlamentlərarası ittifaq assambleyasındakı çıxışı zamanı bəyan edib ki, mövcud Ermənistandan qovulan azərbaycanlıların öz doğma yurd-yuvalarına geri dönmələrinə haqları çatır və bu, onların bilavasitə təbii hüquqlarıdır. Onun sözlərinə görə, bu hüquq Ümumdünya insan hüquqları bəyannaməsində, eləcə də digər beynəlxalq aktlarda da qeyd olunub.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev isə mövzu ilə bağlı fikirlərini bildirərkən deyib ki, Ermənistan beynəlxalq proses çərçivəsində hazırda onun ərazisi sayılan coğrafi yerlərdən qovulmuş azərbaycanlıların təhlükəsiz şəkildə öz yurdlarına qayıtması üçün şərait yaratmağa, habelə oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyə borcludur. Biz bu kimi bəyanatlardan daha hansı nəticələri hasil edə bilərik?

Beləliklə, həm parlament spikerinin, həm də Prezident köməkçisinin bəyanatları beynəlxalq hüquqa söykənir və İrəvan azərbaycanlıların Ermənistan ərazilərinə dönmələri üçün qəti addımlar atmalıdır!

Bir ölkə ki əsrlər boyu orada yaşamış insanların geri qayıtmaları tələbini yerinə yetirə bilmirsə, onda Ermənistanın bir ölkə olaraq mövcud olmadığı qənaətinə də gəlmək olar

Daha bir amil budur ki, İrəvan bu məsələdən əsla yaxasını kənara çəkə bilməz. Və ən əsası, əgər bir ölkə əsrlər boyu orada yaşamış insanların geri qayıtmaları tələbini yerinə yetirə bilmirsə, bunu maliyyə vəsaiti tərəfindən mümkün olmadığını bəhanə edirsə, onda Ermənistanın bir ölkə olaraq mövcud olmadığı qənaətinə də gəlmək olar. Hansı ki, İrəvanın bəyanatı artıq bu mövzuda səslənib: “Bizim Azərbaycandan geri dönənlərin yaşayış evləri ilə təmin etməyə vəsaitlərimiz yoxdur” (?!)

Halbuki, yuxarıda da qeyd edildiyi kimi, Ermənistanın Qarabağa – Azərbaycanın iqtisadi regionunda inşa edilən qanunsuz evlərə pul-para ayırmağa gücü çatır, hansı ki, bu ərazilərdə birmənalı olaraq azərbaycanlılar yaşayırdılar.

Ermənistan RSK-nın yerləşdiyi ərazilərə Ermənistan ermənilərini köçürmək marağında qalır?

Üstəlik, Ermənistanın daha bir məqsədi budur ki, Azərbaycanın Qarabağ regionuna gücləri çatacaq qədər erməniləri köçürmək. Bu məqsəd isə birbaşa 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına zidlik təşkil edir. Çünki bəyanata əsasən, həmin torpaqlara da azərbaycanlılar geri dönəcəklər. Daha bir sual – hazırda Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdikləri ərazilərə bir nəfər də olsun azərbaycanlı geri qayıdıbmı? Cavab – yox!

Deməli belə çıxır ki, Ermənistan bu məsələdə də prosesi uzadır və həmin vasitə ilə yaxasını kənara çəkməyə cəhdlər göstərir. Lakin belə cəhdlər nə zamana qədər davam edəcək, ya da Ermənistan rəhbərliyi dalana dirəndiklərinin fərqinə varmayaraq öz müqəddəratının necə olacağı barədə düşünürmü? Düşünmürsə, demək ki, xatırlatmaq lazımdır – hansı yolla olursa-olsun...

Rövşən RƏSULOV

Digər xəbərlər