Analitika

  • 1 971

Görkəmli oftalmoloq-alim, böyük ziyalı - ZƏRİFƏ XANIM ƏLİYEVA - TƏHLİL

image

Dünya oftamologiya elminə töhfələrini verən, qeyri-adi peşəkarlığı ilə şöhrətlənən böyük qəlbli insan, nəcib qadın Zərifə xanım Əliyeva əməli fəaliyyəti ilə minlərlə insanın gözünə nur verərək, onlara bu dünyanın gözəlliyini görmək kimi böyük xoşbəxlik bəxş etmişdir. Hər insan əməli fəaliyyətində bu səadətə – insanlara nur bəxş etmək səadətinə qovuşa bilmir. Böyük istedad, zəhmət, geniş qəlb və xeyrxahlıq insanı bu yüksəkliyə ucalda bilir. Gərgin əməyi ilə uzun illər elmi nailiyyətlərə imza atan Zərifə xanım elm aləmində nadir istedadlı şəxsiyyət kimi tanınır.

Elmə gətirdiyi yenilik və çəkdiyi zəhməti ilə dünya oftamologiya elmində öz möhrünü vurub. Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olan böyük oftamoloq, Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyeva alimləri sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandıran mənəviyyatca pak və nəcib insan, görkəmli şəxsiyyət olaraq qəlblərdə öz abidəsini ucaldıb.

Ulu Öndər Heydər Əliyev Zərifə xanım Əliyeva haqqında xatirələrində yazırdı: "Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi".

HƏYAT FƏLSƏFƏSİ ÇOXCƏHƏTLİ VƏ ZƏNGİN OLAN BÖYÜK ZİYALI

Onun seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara nur bəxş etmək olub. Bacarıqlı alimin möcüzəli əllərindən süzülən işıq bu gün də şəfa verdiyi insanların gözlərindədir. O, elm sahəsində elə bir yüksək zirvədədir ki, zaman-zaman öyrəniləcək və tədqiq olunacaq məktəbdir. Yaşadığı illərdə araşdırmalar aparmış, elmi zəkası ilə gəldiyi qənaətlər və nəticələr böyük uğurlara yol açmışdır. Bu uğur bir şəxsin olmuş olsa da, bundan minlərlə, milyonlarla insan bəhrələnmişdir. Beynəlxalq aləmdə cəm olunaraq, bir araya gələn alimlərin müzakirə obyektinə çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyaya nüfuz etməsinə gətirib çıxardı.

Azərbaycan və Rusiya alimləri arasında əməkdaşlığın təməlini qoyan, oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan və bütövlükdə, elmin bu sahəsinin inkişafına qiymətli töhfələr verən Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi çoxcəhətli və zəngindir. Onun keçdiyi həyat və elmi yoluna nəzər salaq. Şərəfli bir ömür yolu. Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan MR-in Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb. Uşaqlığı bu kənddə keçsə də, sonradan onlar ailəliklə Bakıya köçüblər. 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və institutu əla qiymətlərlə bitirir. Bu elə bir zaman idi ki, Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Bu xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi.

Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, konkret müalicə təcrübəsindən başqa, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında çoxlu söhbətlər aparırdı. Azərbaycanda traxomanın kökünün kəsilməsini qarşısına məqsəd qoyan Zərifə xanım bu problemin nə qədər çətin və mürəkkəb olduğunu çox yaxşı bilirdi. Lakin işin çətinliyinə və məsuliyyətinə baxmayaraq, o, tezliklə böyük uğurlar əldə edir. Zərifə xanım Əliyevanın bu istiqamətdə apardığı tədqiqatlar 1960-cı ildə uğurla müdafiə etdiyi "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil edir. Traxoma xəstəliyinin müayinəsi və müalicəsi işləri ilə yanaşı, Zərifə xanım oftalmologiya elminin bir sıra aktual məsələlərinə də böyük əhəmiyyət verirdi.

ELMİ ƏSƏRLƏRİN MÜƏLLİFİ

Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Zərifə xanım "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində, H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Onun dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir. Öz həyatını tibb elminə bağlayan Zərifə xanım mərhələ-mərhələ buna nail olub.

Onun elmi nailiyyətlərinə nəzər saldıqda nə qədər böyük əhəmiyyətə malik olduğunu görürük. Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun oftalmologiya kafedrasına müdir seçildikdən sonra onun fəaliyyəti daha da genişləndi. Onun daktriologiyadan bəhs edən - "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların yox, həm də fizioloqların diqqətini cəlb edir. Zərifə xanım xəstəliyin diaqnostikasının yeni istiqamətdə inkişafını ilk dəfə tədqiq edən alimlərdəndir və bu mövzuya bir sıra elmi məqalələr həsr etmişdir. O, "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərin müəlliflərindən biridir. Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.

Zərifə xanım Əliyeva tibb elminə və praktikasına, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına da əvəzsiz töhfələr vermişdir. Onun çoxcəhətli elmi fəaliyyətinin nəticələri 130 əsərdə, o cümlədən, 5 monoqrafiyada, həkimlər üçün bir sıra dərs vəsaitlərində, sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodik tövsiyələrdə öz əksini tapmışdır. Alim gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, "Yüksək etimad" kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir. Zərifə xanım milli oftalmologiyamızın inkişafı üçün çox işlər görmüşdür. Onun arzularından biri də yeni oftalmoloji kompleksin yaradılması olmuşdur. Onun təşəbüssündən sonra Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə həmin kompleksin tikintisinə başlanılmış və istəyi müasir dövrümüzdə gerçəkləşmişdir.

OFTALMOLOGİYANIN MİRVARİSİ

Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə, 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilən Zərifə xanım ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, "Bilik" Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü idi. Elmi və ictimai fəaliyyəti diqqətdən kənarda qalmamış və dünya oftalmologiya elminin tanınmış simaları Onun haqqında tarixi sözlər demişlər.

Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun direktoru, professor Nazim Əfəndiyevin, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi, dövlət mükafatı laureatı A.Nesterovun, tibb elmləri doktoru, professor Z.Skripinçenkonun, Sankt-Peterburq Gigiyena İnstitutunun göz xəstəlikləri kafedrasının müdiri, professor A.N.Dobromislovun və başqalarının yazılarında alimin şərəfli və zəngin elmi fəaliyyətinin nailiyyətlərindən danışılır. Zərifə Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi "Oftalmologiyanın aktual məsələləri" monoqrafiyasında (professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə) öz əksini tapıb. Moskva Oftalmoloji Məktəbi Zərifə xanımı oftalmologiyanın mirvarisi, professor A.Brovkina Onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü M.M.Krasnov isə yazırdı: "Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsaydım, deyərdim: O, həm xeyirxah idi, həm ağıllı idi, həm də qüdrətli idi!"

ZİYALI İŞIĞINDAN İNSANLARA VERİLƏN NUR

Onun elmi nailiyyətləri ilə yanaşı, ziyalı işığı da daim insanlara nur, qüvvət verib. Zərifə Əliyevanın hər sözü, hər bir hərəkəti nümunəyə çevrilib. Hətta həmkarlarına verdiyi tövsiyələr onun ziyalılığının nümunəsidir. İnsana tibbi yardım göstərmək, sağlamlığı uğrunda mübarizə aparmaq onu özünə qaytaran əsl humanist xidmətdir kimi tövsiyələri diqqəti çəkir. Bu, Zərifə xanımın təbabət fəlsəfəsinin başlıca qayəsi olub. Həkimin başlıca peşəsi müalicə kursunu müəyyənləşdirməklə yanaşı, xəstəyə insani dəyərlər prizmasından yanaşmaq, onun şəxsiyyətinə dərin ehtiram göstərməkdir ki, bu da Zərifə xanım Əliyevada özünü açıq-aydın büruzə verib.

Çox alimlər, ziyalılar onun ünvanına – şəxsiyyətinə, elmi uğurlarına, tədqiqatlarına yüksək fikirlərini bildiriblər. Müasirləri Onun haqqında söz açarkən, nəcib bir Azərbaycan qadını olduğunu qeyd ediblər. Zərifə xanım işinin gərginliyinə baxmayaraq, həmişə bir qadın kimi mülayimliyi ilə, həssaslığı, insanlara mehriban və qayğı ilə yanaşması ilə seçilib. Özünün insani təravəti, səmimiliyi, başqalarının kədərinə yanması və köməyinə çatması, ən ağır anlarda insana dayaq durması məxsusi dəyərləri sırasında hallanır. Bəli, bu keyfiyyətləri, peşəkarlığı, ictimai fəallığı ilə Zərifə xanım Əliyeva yüksəkdə dayanır və zaman-zaman xatırlanaraq, fəaliyyətinə nəzər yetirilir.

"ZƏRİFƏ XANIM BİR QADIN, BİR HƏYAT YOLDAŞI, BİR ANA, BİR HƏKİM, BİR ALİM, BİR İCTİMAİ XADİM OLARAQ ELƏ SAĞLIĞINDA ƏFSANƏVİLƏŞMƏYİ BACARIB"

Bu həyat yoluna nəzər saldıqda, bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir. Bir ana ömrü, bir tədqiqatçı ömrü, bir həkim ömrü, bir alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü. Bu keyfiyyətlər və dəyərlər, məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçmışdır. Zərifə xanım incə və zərif duyğuların vəhdətində Azərbaycan xanımına məxsus olan əlvan çalarlı ömrünü yazılı salnamələrdə əks etdirdi.

Görkəmli dövlət və elm xadimi, bütün bilik və bacarığını xalqa xidmətə sərf etmiş Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım valideynlərinə layiqli bir övlad, məşhur alim, tanınmış həkim, istedadlı insan, sədaqətli ömür yoldaşı və qayğıkeş ana idi. Zərifə xanım Əliyeva Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin Memarı və Qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş Dahi Şəxsiyyət Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və etibarlı silahdaşı olmuşdur. Ulu Öndər Heydər Əliyevin bildirdiyi kimi, Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib.

"MƏNİM ANAM ƏSL ALİM İDİ"

Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub. Övladlarını Ulu Tanrı tərəfindən bəxş olunan nur payı tək qəbul edib. Zərifə xanım Əliyeva cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə etmişdir. Bu, Onun fədakar ana olmasından irəli gəlirdi. O, nə edirdisə, böyük sevgi ilə edirdi. Zərifə xanım qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olaraq iki övlad böyüdüb - ata-anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlar kimi. Azərbaycan Prezidenti İlham Əliyev Zərifə xanım haqqında belə deyir: "Mənim anam əsl alim idi. O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir."

NƏSİLLƏR ÜÇÜN ÖRNƏK OLACAQ NÜMUNƏVİ YOL

Göründüyü kimi, Zərifə xanımın bir qadın olaraq ətrafında nə qədər məsuliyyət cəmləşib: ana, həyat yoldaşı, övlad, Vətən keşiyində duran elmli-zəkalı ziyalı. Elm, ədalət, səxavət, səbr, həya və ismət kimi keyfiyyətlər Onun həyat simvoluna çevirildi. Bu dəyərlər içərisində güclü və fədakar oldu. Azərbaycan tarixinə məxsusi dəyərləri ilə iz saldı. Yaşanılan ömür yolunun sərlövhələri Onu zamanımızın seçilən xanımı etməklə yanaşı, gələcək nəsillər üçün örnək olacaq bir simaya çevirdi. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur.

Bildiyimiz kimi, ölkəmizdə tibb elminin inkişafında xüsusi xidmətlər göstərmiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncamı imzalamışdı. Sərəncama əsasən, ötən il Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə akademik Zərifə Əliyevanın 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirdi.

15 aprel Zərifə xanımın anım günüdür. Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişib. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur

Zümrüd BAYRAMOVA

Digər xəbərlər