Analitika

  • 2 555

Ramazanı Bütöv Azərbaycanda qeyd edirik - TƏHLİL

image

Prezident İlham Əliyev: "Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır"

"Ramazan ayı insanların qəlbini və təfəkkürünü nurlandıran, onları əmin-amanlığa, vəhdətə, əxlaqi saflığa dəvət edən mübarək aylardandır. Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu bu ayda müsəlmanlar Uca Yaradan qarşısında vicdani borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək, mənəvi-əxlaqi zənginliyin fərəhini yaşamaq fürsəti qazanırlar". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrikində bildirib.
Hikmətlər xəzinəsi "Qurani-Kərim"in nazil olduğu mübarək Ramazan ayını xalqımız böyük sevinclə qarşıladı. Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlam olmasına səbəb olur. Ramazanın fəzilətləri barədə müqəddəs kitabımız "Qurani-Kərim"də belə yazılır: "Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun.."

XEYİRXAH ƏMƏLLƏR NAMİNƏ BİRLİK

Bu hikmət dolu sözlər insanların saflığa, doğru yola çağırışıdır. İslamda ilin ayları arasında ən şəfaqətli və ən müqəddəs ay hesab edilən Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır ki, Azərbaycan xalqı da bu ay ərizində əmin-amanlıq, qardaşlıq kimi dəyərləri nümayiş etdirmiş oldu. Oruc tutmaqla insanlar iradə qüvvələrini, dözümlüyünü, təmiz olduqlarını da göstərə bilirlər. Müsəlmanlar bu ayda Allah və din qarşısında borc və vəzifələrini ləyaqətlə yerinə yetirmək fürsəti qazanmış oldular. Oruc tutmaqla inanclı insanlara mənəvi-ruhi ucalığın, əxlaqi saflığın fərəhini, şəfqət, mərhəmət, həmrəylik duyğularının sevincini yaşamış oldular. Ramazan ayı ilahi hikmətlər xəzinəsi müqəddəs "Qurani-Kərim"in nazil olması ilə əlamətdardır. İslamda ilin ayları arasında ən şəfaqətli və ən müqəddəs ay hesab edilən Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır ki, Azərbaycan xalqı da bu ay ərizində əmin-amanlıq, qardaşlıq kimi dəyərləri nümayiş etdirmiş oldular. Təbii ki, milli-mənəvi dəyərlərimizin qorunması, onların müəyyən bir çərçivədə təbliği əsas məsələlərdən biri kimi hər bir azərbaycanlını düşünməyə vadar edir. Zamanın müxtəlif illərində milli-mənəvi dəyərlərimiz meyar olaraq, xalqın milli düşüncəsinə, onun bir vətəndaş kimi formalaşmasına təsirini göstərmiş, bu gün də yetişən nəsil, məhz bu prosesin içərisində özünü, azərbaycançılıq məfkurəsini dərk edərək, mövqeyini müəyyənləşdirir. Sözsüz ki, mənəvi dəyərlərimiz mənəviyyatımızı yaşadan dəyərlərin geniş bir məkanda təbliği əsasında reallaşır. Təbrikdə qeyd olunur ki, "Xalqımız taleyinin ən çətin dönəmlərində belə, öz tarixi köklərini, milli-mədəni dəyərlərini, adət-ənənələrini qoruyub saxlamışdır. İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycanda dini bayram və mərasimlər hər il qeyd olunur və müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi təcəssüm etdirir."

MİLLİ-MƏNƏVİ DƏYƏRLƏRİ QORUYUB SAXLAMAQ HƏR BİR AZƏRBAYCANLININ MƏNƏVİ BORCUDUR

Milli-mənəvi dəyərləri ilə tarixə söykənən Azərbaycan əsrlərdən bizə gəlib çatan abidələri, daş yaddaşı, milli əxlaqi dəyərləri, milli mədəniyyəti ilə yüksək məfkurəyə malik olduğunu bir daha göstərir. Bu ali dəyərlər milli mövcudluğumuzun, bir xalq olaraq yaşam tərzimizin, milli kimliyimizin göstəricisi, fərdi və fərqli modelimizdir. Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər bir azərbaycanlının müqəddəs, mənəvi borcudur.
Müstəqil Azərbaycan ölkə Prezidenti İlham Əliyevin dövlət-xalq birliyinə əsaslanan müdrik siyasəti, qətiyyətli iradəsi sayəsində yeni zəfərlər qazanır və qlobal təşəbbüslərin mərkəzinə çevrilir. Ölkəmiz multikultural dəyərləri təşviq edir, dünyanı həmrəyliyə dəvət edir. Ölkə başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan ekstremizm, radikalizm, terrorizmə qarşı mübarizənin önündə gedən dövlətlərdən biridir və islam dünyasının inkişafında özünəməxsus rolu var.
Azərbaycanda tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisi olan tolerant mühit, multikultural dəyərlər insanların dinindən və irqindən asılı olmayaraq siyasi sabitliyi, əmin-amanlığı ilə seçilən ölkədə firavan həyat sürməsinə əsas verir.
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə İslam, xristian və digər səmavi dinlərin mədəniyyət nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayiş, inanc yerlərinin təmiri və bərpası ilə bağlı görülən işlər deyilənləri bir daha təsdiqləyir.

"DUA VƏ NİYYƏTLƏRİNİZ TANRI DƏRGAHINDA QƏBUL OLUNACAQ"

İslam və onun mahiyyətindən irəli gələn sülhpərvərlik, dözümlülük, bərabərlik, qardaşlıq və bu kimi dəyərlər Azərbaycanda tolerantlıq mühitinin, cəmiyyətdə vəhdət və harmoniyanın yaranmasında, multikulturalizm və humanizm ideyalarının bərqərar olmasında müstəsna rol oynayıb. Xalqımız artıq dördüncü ildir ki, Ramazan ayına qalib xalq, Vətən və şəhadət eşqi sayəsində 30 illik işğala son qoymuş millət kimi qədəm qoyur. Builki Ramazan bayramı bizim üçün daha dəyərli və əlamətdardır. Azərbaycan xalqı bu mübarək ayı Vətən müharibəsində əldə etdiyimiz şanlı Zəfər sevinci ilə yanaşı, separatçı rejimin süqutu - müqəddəs bayrağımızın Xankəndidə dalğalanması qüruru ilə qarşılayır. Təbrikdə bildirildiyi kimi, "Builki Ramazan bayramı həm də otuz illik düşmən tapdağından azad edilmiş dədə-baba yurdlarımızda, Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə əlamətdardır. Əziz bacı və qardaşlarım! Orucluğun sınaqlarından alnıaçıq çıxan inanclı vətəndaşlarımız Ramazan ayını qürur və şükranlıq hissləri ilə yola salırlar."
Bildiyimiz kimi, Ramazan ayı təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Orucluğun başa çatdığı gün fitr bayramı adlanır ki, həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Təbrikdə o da qeyd olunur ki, "Ölkəmizin hər yerində xalqımıza xas xeyriyyəçilik və yardımlaşma tədbirləri həyata keçirilir, şəhidlərimizin ölməz xatirəsi minnətdarlıqla yad edilir. Ümidvaram ki, dua və niyyətləriniz Tanrı dərgahında qəbul olunacaq, bu mübarək bayram xeyirxahlığın, şəfqət və mərhəmət duyğularının təntənəsinə çevrilərək cəmiyyətimizdə birliyi və həmrəyliyi daha da gücləndirəcəkdir."
Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.
Ramazan bayramınız mübarək!

Zümrüd BAYRAMOVA

Digər xəbərlər