Analitika

  • 1 796

İsrail BMT qurumlarını terror təşkilatı olaraq tanıyır TƏHLİL

image

İsrail parlamentinin Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyi UNRWA ilə bağlı qəbul etdiyi qərarlar siyasi mübahisələr doğurub. UNRWA-nı terror təşkilatı kimi tanıyan qanun layihəsinin birinci oxunuşda qəbul edilməsi, İsrailin agentliyin fəaliyyətini ciddi şəkildə məhdudlaşdırmaq, hətta tamamilə dayandırmaq məqsədi daşıdığını göstərir. Bu addımın İsrail və BMT münasibətlərində yeni böhrana səbəb olacağı bilinsə də, qanun layihəsinin tətbiq edilməsi üçün hələ uzun bir proses lazımdır.BMT-yə üzv dövlətlərin könüllü yardımları ilə maliyyələşən UNRWA 1950-ci ildə fəaliyyətə başladığı gündən bəri fələstinli qaçqınlara qida, sağlamlıq, təhsil və sığınacaq kimi humanitar yardımlar göstərən təşkilatdır. Bu gün agentlik 5,9 milyon fələstinli qaçqına dəstək verir. UNRWA təxminən 74 ildir fələstinlilərin humanitar dəstək olmağa çalışsa da, onun qərargahları İsrail tərəfindən dəfələrlə vurulub və tonlarla ərzaq, dərman bazaları məhv edilib. İsrail tərəfi isə UNRWA-nın HAMAS qüvvələrinə dəstəyi məsələsini qabardaraq özünə haqq qazandırıb. Onu da qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş İsrail rəsmilərinin UNRWA əməkdaşlarının "terror təşkilatları ilə əlaqəsi" və "7 oktyabr hücumlarında əlaqəsi olduğu" iddialarının təcili araşdırılmasını tələb etmişdi. Eyni zamanda UNRWA da İsrailin iddiaları ilə bağlı araşdırmaya başlayıb.Beləliklə təyin olunan tədqiqat qrupu 13 min personalı olan UNRWA-nın qərəzsiz işləyib- işləməməsini araşdırarkən, İsrailin 12 UNRWA əməkdaşı ilə bağlı qəti ittihamı mühüm tədqiqat mövzusu olub. Martın 20-də dərc olunan aralıq hesabatında BMT-nin Müstəqil Tədqiqat Qrupu UNRWA-nın neytrallıq prinsipini qorumaq üçün lazımi mexanizmlərə malik olduğuna, lakin bəzi sahələrin təkmilləşdirilə biləcəyinə qərar verib.Bütün bunlara rəğmən İsrail Qəzza zolağına hücumlarını davam etdirərkən, parallel olaraq Birləşmiş Millətlər Təşkilatı Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyi olan UNRWA -nı terror təşkilatı kimi tanımaq üçün səylərini davam etdirir. UNRWA-nın İsrail ərazisində hər hansı missiya həyata keçirməsini, hər hansı xidmət və ya fəaliyyət göstərməsini qadağan edən qanun layihəsinin birinci hissəsi 9 əleyhinə, 58 leyhinə səslə qəbul edilib. UNRWA işçilərinə, İsrailin BMT işçilərinə verdiyi qanuni toxunulmazlıq və imtiyazlardan istifadə etməsini istisna edən qanun layihəsinin ikinci hissəsi 9 əleyhinə 63 leyhinə səslə qəbul edilib. UNRWA-nın “terror təşkilatı” olaraq təyin olunmasını və İsrailin UNRWA ilə əlaqələrini kəsməsini ehtiva edən layihənin üçüncü hissəsi isə10 əleyhinə 50 leyhinə səslə qəbul edilib.Məlumata görə, qanun layihəsi müzakirə üçün parlamentin Xarici əlaqələr və müdafiə komitəsinə göndəriləcək. İsrail qanunvericiliyinə görə, qanun layihəsinin qüvvəyə minməsi üçün daha iki dəfə oxunmalıdır. Qeyd edək ki, qanun layihəsi rəsmi olaraq “Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdə Fələstinli Qaçqınlara Yardım üzrə Agentliyinin (UNRWA) İmtiyazlarının Ləğv edilməsi haqqında Qanun layihəsi” adlanır. Belə bir qanun layihəsinin tətbiq olunacağı təqdirdə dünyada beynəlxalq humanitar hüququn hansı məqama gəlib çatacağı çox acınacaqlı məsələdir.

Müəllif: Zərdüşt Quluzadə

Digər xəbərlər