Analitika

  • 1 380

Qəzzaya sülh gətirəcək Çin qlobal diplomatiyanın yeni mərkəzidirmi? TƏHLİL

image

Çin son vaxtlar bir çox ölkədən dövlət rəsmilərini qəbul edir. Pekin rəhbərliyi iyulun 23-də isə fələstinli qrupları bir araya gətirərək vasitəçilik edib. Eyni zamanda, Ukraynanın xarici işlər naziri Dimitro Kuleba da Rusiya ilə potensial sülh təkliflərini müzakirə etmək üçün Pekindədir. Çin tərəfindən xüsusilə son illərdə çoxalan diplomatik vasitəçilik cəhdləri diqqət çəkir. Belə ki, 2006-cı ildən Qəzzaya nəzarət edən Həmas və Fələstin muxtariyyətinin lideri Fəth də daxil olmaqla 14 fələstinli qrup Çinin vasitəçiliyi ilə “Pekin bəyannaməsi”ni imzalayıb. Son razılaşma ilə tərəflər İsrail-Qəzza müharibəsindən sonra "milli barışıq hökuməti"nin yaradılması və bu hökumətin Qəzzanı idarə edəcəyi barədə razılığa gəliblər.Bəyannamə, hələlik, yalnız kağız üzərindədir, onun nə vaxt və necə həyata keçiriləcəyi hələ bəlli deyil. Lakin bu addım, HƏMAS-ın 7 oktyabrda İsrailə hücumlarından və İsrailin Qəzzada böyük hərbi əməliyyata başlamasından bu yana tərəflər arasında ən əhatəli razılaşmadır. Razılaşmanın fonunda Çin diplomatlarının aylardır Yaxın Şərqdə apardıqları danışıqlar dayanır. Onu da xatırladaq ki, bütün bunların arxa fonunda may ayında Pekində Çin-Ərəb Ölkələri Əməkdaşlıq Forumu keçirilmişdi.Eyni zamanda Çin 7 ildən sonra 2023-cü ildə Səudiyyə Ərəbistanı-İran münasibətlərinin normallaşmasında da mühüm rol oynayıb. Pekin administrasiyası 2022-ci ilin fevralından bəri davam edən Rusiya-Ukrayna müharibəsini bitirmək üçün də səy göstərir. Çin həmçinin atəşkəsi təmin etmək üçün İsrail və Həmas arasında vasitəçilik diplomatiyası həyata keçirir.Belə deyə bilərik ki, tərəflərin vasitəçilik üçün ABŞ, Qərb dövlətləri və ya qlobal aktorlar əvəzinə Çinə üstünlük verməsi qlobal diplomatik gücün şərqə doğru yönəlməsinin başladığının göstəricisi ola bilər. Belə ki, Çin Yaxın Şərqə təkcə iqtisadi güc kimi deyil, həm də ABŞ tərzində diplomatik güc və güvənli ölkə roluna girməyə çalışır. Yəni, dost super güc statusunu almağa çalışan Çin bunu müyyən qədər bacara bilib. Nəticə olaraq Səudiyyə Ərəbistan-İran əlaqələrinin normallaşması və Suriyanın yenidən siyasi sabitliyə yaxınlaşmasında oynadığı roldan sonra Çin Yaxın Şərqdə etibarlı vasitəçi kimi görünür. Beləliklə, bu vasitəçilik diplomatiyası Çinin təkcə Yaxın Şərqdə deyil, bütün dünyada diplomatik və siyasi baxımdan “mən varam” deməsinin təzahürüdür.Çinin bu mövzuda necə uğurlu olduğuna baxarsaq bir çox nüansla qarşılaşa bilərik. Belə ki, konfliktdə olan tərəflər vasitəçi ölkə axtararkən bölgədə maraqları olan regional aktyorlar yerinə coğrafi baxımdan uzaqda yerləşən Çinə üstünlük verirlər. Digər tərəfdən tərəflər regional güclərin yerinə daha obyektiv və mülayim bəyanatlar verən Çinin vasitəçiliyi onlara daha güvənli gəlir. Eyni zamanda, Çin diplomatik vasitəçilik zamanı iqtisadi yardım vəd edərək tərəflərin marağını cəzb edir. Belə ki, dünyanın ikinci böyük iqtisadiyyatı olan Çinin maliyyə dəstəyi vədi tərəflər üçün həm zəmanət, həm də təminatdır.Öz gücünü iqtisadi fundamentlərə əsaslandıran Çinin bu üsula əl atması təəccüblü deyil. Buna Çinin legitimlik mənbəyi kimi baxmaq olar. Yəni Çin istehsal məhsullarının satışı ilə qazandığı pulları yenidən xammal kimi istifadə edərək legitimlik əldə edir. Bununla da illərdir konfliktlərini həll edə bilməyən ölkələr fərqli perspektiv axtarışında Çinə üz tuta bilərlər.Fələstin barədə 2002 Sülh Təşəbbüsündən bu yana həm regional ölkələr, həm Avropa, həm də ABŞ Fələstin məsələsini rəfdə saxlayıblar. Beləliklə Qoyulan boşluğu məharətlə dolduran Çin daha dürüst vasitəçi ola bilər. Bütün bu iləriləmələrdən ən çox qıcıq olan tərəf isə ABŞ dır. Çünki, Çin İranla tərəfdaşdır, Rusiyaya dəstək verir. Belə olan vəziyyətdə ABŞ ya güclənmiş Çinə qarşı problemli məsələləri bir kənara qoyacaq ya da elə bir vəziyyət yaranacaq ki, sözün əsl mənasında, bir çox cəbhələrdə Pekinlə qarşı-qarşıya qalacaq. Bu, Soyuq Müharibə dövründə ABŞ-Sovet İttifaqı mübarizəsinə bənzər qlobal rəqabətə səbəb ola bilər. Əminliklə demək olar ki, Çinin aktiv diplomatik cəhdlərinin arxasında ABŞ və müttəfiqlərinə qarşı qlobal güc mübarizəsi də rol oynayır.İkinci Dünya müharibəsindən sonrakı beynəlxalq sistem, əslində, ABŞ və Qərbin tətbiq etdiyi və hakim olduğu bir sistem olub. Amma indi zaman çox dəyişib. Belə ki, çoxqütblülüyə doğru inkişaf edən bir proses var. İnsanlar isə bütün dünyada bu prosesin acısını yaşayır. Böyük formatda isə Çin ABŞ tərəfindən qurulan və tətbiq edilən beynəlxalq sistemə meydan oxuyur. Xatırlamaq lazımdır ki, siyasət elminə görə supergüclərin sayı ikidən olan çoxqütblü dünya təhlükəsizlik baxımından ən pis ehtimaldır. Belə olan vəziyyətdə bizə doğru cəbhədə yer almaq və “Oynayan aparsın” demək düşür.

Müəllif: Zərdüşt Quluzadə

Digər xəbərlər