Araşdırma

  • 1 154

Qubadlının dirçəlişi hər birimizi ürəkdən qürurlandırır - ŞƏRH

image

"2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri işğaldan azad olunandan sonra növbəti istiqamət Qubadlı rayonu idi. Düşmənin güclü müdafiə xətləri qurduğu Qubadlıda döyüş əməliyyatları xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərdi. Əvvəlcə şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Daha sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizlədilər. 2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildilər". Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, bu gün Qubadlıda geniş tikinti-quruculuq işləri görülür, rayon yeni inkişaf dövrünü yaşayır: "Qubadlı rayonunun bütün kəndləri, o cümlədən Qubadlı şəhəri yenidən qurulacaqdır. Artıq şəhərin baş planı hazırlanıb və baş plan ən müasir normalara uyğun olacaqdır. Planda Qubadlının təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaqdır. Tarixi Qələbə günlərinin əbədiləşdirilməsi ilə bağlı Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Sözügedən Sərəncama əsasən 25 oktyabr Qubadlı şəhəri günü kimi müəyyən olub. Azərbaycan xalqı bu unudulmaz tarixi qürurla qeyd edir. 25 oktyabr 2021-ci il tarixində Qubadlı rayonuna səfər edən möhtərəm cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhər mərkəzinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “Azərenerji” ASC-nin sistem əhəmiyyətli 110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışlarında iştirak etdilər. Ölkə başçımız Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəbin, 91 çarpayılıq Mərkəzi Xəstəxananın, Xanlıq, Mahruzlu və Zilanlı kəndlərinin təməlqoyma mərasimlərində yaxından iştirak edib. Dövlət başçımızın Qubadlıya və digər azad olunmuş bölgələrimizə səfərləri hər birimizi ürəkdən qürurlandırır. Azərbaycan xalqı əmindir ki, uğurlarımız davamlı olacaq".

Digər xəbərlər