"8 Noyabr - Zəfər Günü ilə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdirib. Qələbə nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirilib, xalqımızın qəddi düz, başı uca olub, qürurumuz özümüzə qaytarılıb. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qalıblar". Bini açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Deputat qeyd edib ki, artıq 4 ildir ki, Müzəffər Azərbaycan Ordusu xilaskar Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirdi: "Noyabrın 8-də qədim Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabrın 10-da Azərbaycan və Rusiyanın prezidentləri İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. “Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə haqlısan məntiqi hökm sürür”, - deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm addımların atılmasını təmin etmişdir. 44 günlük Vətən müharibəsində qazanılan Şanlı Qələbə nəticəsində düşmən məğlub oldu və ötən ilin sentyabrındakı bir günlük lokal antiterror aksiyasindan sonra isə 30 ildən çox işğal altında qalmış torpaqlarımız azad edilərək ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Bu il noyabrın 8-də isə Bakıda Zəfər parkı açılışı oldu. Zəfər parkında - şəhərə gedən iki yolun kəsişməsində Zəfər tağı yerləşir. Müasir üslubda inşa edilən tağ əzəmətliliyi ilə göz oxşayır. Simvolik olaraq tağın hündürlüyü 44 metr, sütunlarının da sayı 44-dür. Həmin gün abidənin açılışını edən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm də xalqımıza müraciət etdi: "Biz şəhidlərimizin qisasını, qanını döyüş meydanında aldıq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir, parlaq Qələbəmizdir. Biz həm Birinci Qarabağ müharibəsinin, həm İkinci Qarabağ müharibəsinin, eləcə də antiterror əməliyyatının şəhidlərinin qanını döyüş meydanında aldıq, öz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etdik".