PDF Oxu

Araşdırma

  • 1 484

Parlamentarizm: ənənələr və perspektivlər - 106 il

image

Bu günlərdə Azərbaycan Parlamenti öz tarixinin ən əlamətdar günlərindən birini – müsəlman dünyasında ilk demokratik və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin Parlamentininilk iclasının keçirilməsinin 106-cı ildönümünü qeyd edir.

Bu, Azərbaycan xalqının tarixində olan birliyi xatırladan ən parlaq səhifələrdən biridir. Belə ki, təşkil edilən ilk parlamentdə ölkədə yaşayan bütün xalqların, siyasi partiyaların, eləcə də bütün etnik, eyni zamanda dini qrupların təmsil olunması demokratik iştirakçılıq dəyərlərinə verilən ən əsas diqqət idi. Parlamentdəki sözü gedən yüksək təmsilçiliyi şübhəsiz ki, gələcək demokratik və multikultural dövlətin əsas göstəricisi adlandırmaq olar.

Baxmayaraq ki, 11 müxtəlif partiyanın təmsil olunduğu, 99 üzvü olan həmin parlament cəmi 17 ay fəaliyyət göstərib, keçirilən 145 iclas çərçivəsində 270-dən artıq qanun layihəsi müzakirə olunub, 230-u isə qəbul edilib.
Daha sonra Sovetlər İttifaqı dövründə mövcud olan Azərbaycan Parlamenti yalnız formal xarakter daşıyırdı. Bu baxımdan, ölkəmizdə parlamentarizmin yenidən geniş vüsət alması məhz XX əsrin sonlarına təsadüf etdi.
Qeyd edim ki, 1990-cı ilin əvvəlində Azərbaycanın siyasi və iqtisadi transformasiya prosesi hakimiyyətlə vətəndaş cəmiyyəti arasındakı münasibətlə bağlı problemlərin artmasına səbəb olurdu.Bu münasibətlərin xüsusiyyətləri bilavasitə ölkədaxili sabitliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının, sağlam siyasi dialoqun dərk edilməsiilə bağlı idi, çünki bunlara hörmət edilmədən demokratik siyasi sistem mövcud ola bilməzdi.

1993-cü ilin iyun ayında Azərbaycanda vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi fonunda qədirbilən xalqımızın tələbi iləÜmummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsi, Ulu Öndərin15 iyun 1993-cü il tarixində Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi ilə nəticələndi.

Heydər Əliyev Ali Sovetin sədri kimi ilk gündən parlamentarizm ənənələrinə sadiq qalaraq qanunun aliliyinə üstünlük verdi. Milli Məclisin iclasları, mətbuat konfransları, respublika əhəmiyyətli müşavirələr birbaşa yayımla televiziya ekranlarına verilirdi. Ümummilli Liderin Ali Sovetə rəhbərlik etdiyi dövrdə Azərbaycanda parlamentarizm ənənələriyeni nəfəs, yeni qüvvə aldı. Ulu Öndər qısa müddətdə Parlamentin ruhunukökündən dəyişdi, sağlam siyasi mühit formalaşdırmağı bacardı, Milli Məclisə siyasi mədəniyyət gətirdi.

O zamankı mövcud vəziyyət, əlbəttə ki, insan hüquqlarının müdafiəsi sahəsində Azərbaycan Respublikasının milli qanunvericilik sisteminin inkişafı konsepsiyasının hazırlanmasını diktə edirdi. Beləliklə, Heydər Əliyev demokratik düşüncə və dəyərlərə öz sadiqliyini nümayiş etdirərək 1995-ci ilin 12 noyabr tarixində ümumxalq səsverməsi yolu ilə müəllifi olduğu müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunması ilə yanaşı, eyni zamanda Azərbaycan Respublikasının Milli Məclisinə birinci çağırış seçkilərin keçirilməsinə nail oldu.

Məhz 1995-ci ildən etibarən Azərbaycan Parlamenti ölkənin siyasi arxitekturasının tamamlanması işinə öz fəaliyyəti ilə əməli töhfələrini verməyə başladı. Keçən müddətdə Milli Məclis tərəfindən qəbul olunmuş və Azərbaycan Prezidenti tərəfindən təsdqilənmiş Azərbaycan Respublikasının qanun layihələri bilavasitə ölkə əhalisinin siyasi dayanıqlılığına təkan verərək siyasi dialoqun təşviqini, milli birliyimizi, xalqımızın vəhdətini və dövlətimizin müstəqilliyinin qorunmasını ehtiva edib.

Bu gün Parlament Azərbaycanın çoxvektorlu xarici siyasətində mühüm rol oynamaqdadır. Uzun illər ərzində istər palamentlərarası dostluq qrupları, istərsə də müxtəlif nüfuzlu beynəlxalq təşkilatlar, keçirilən yüksək səviyyəli konfranslar çərçivəsində Milli Məclis öz beynəlxalq fəaliyyətini formalaşdırmağa nail oldu.

Təsadüfi deyil ki, 7 dekabr 2024-cü il tarixində, Azərbaycan parlamentarizmi üçün əlamətdar olan gündə Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirildi. Milli Məclisin üzvü olaraq iştirak etdiyim Konfransda 13 ölkənin parlamentindən və beynəlxalq təşkilatlardan 100-ə yaxın nümayəndə təmsil olunurdu.

Milli Məclis sədrinin geniş və məzmunlu nitqi ilə açıq elan edilən Konfransda Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Tacikistan, İraq, Belarus, Gürcüstan, Malayziya, Qırğızıstan, Pakistan parlamentariləri və TÜRKPA-nın baş katibi çıxış edərək Azərbaycan parlamentinin fəaliyyətini, müxtəlif platformalarda parlamentlərarası əlaqələrin inkişafına verdiyi töhfəni yüksək dəyərləndirdilər.

Parlament Konfransında Milli Məclisin son 106 ildə fərqli mərhələlərdə keçdiyi çətin və şərəfli yola baxışla yanaşı, eyni zamanda gələcək perspektivə hesablanmış birgə addımların atılması, regionda və dünyada sülhün, təhlükəsizliyin qorunması əsas müzakirə mövzusu oldu.

08 dekabr tarixində Konfrans iştirakçıları işğaldan azad olunmuş doğma Qarabağımızı – Füzuli, Şuşa, Xankəndi və Xocalı şəhərlərini ziyarət edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə burada sürətlə aparılan bərpa və quruculuq işləri ilə tanış olmaq imkanı əldə etdilər.

Əminliklə deyə bilərik ki, müstəqil dövlətimiz yaşadıqca Ümummilli Lider Heydər Əliyevin işıqlı ideyalarını, Prezident İlham Əliyevin gələcəyə olan baxışını və xalqımızın iradəsiniəks etdirən Azərbaycan Parlamenti ölkəmizin davamlı inkişafına bundan sonra da öz töhfəsini verəcəkdir.

Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Milli Məclisinin deputatı

Digər xəbərlər