PDF Oxu

Araşdırma

  • 705

Azərbaycan–Almaniya münasibətləri yeni strateji mərhələdə

Prezident İlham Əliyevin Almaniyaya səfərinin siyasi və iqtisadi əhəmiyyəti

image

İlqar İlyasov, Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri

Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına 21 iyul 2026-cı il tarixində həyata keçirdiyi rəsmi səfər Azərbaycan–Almaniya münasibətlərində keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Səfər çərçivəsində imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” iki ölkə arasında siyasi dialoqun, iqtisadi əməkdaşlığın və strateji tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edən mühüm sənəddir.

Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulanan məqamlardan biri Azərbaycan və Almaniya arasında artıq strateji dialoqun başlanması oldu. Bu, münasibətlərin yalnız ikitərəfli çərçivədə deyil, Avropa İttifaqı ilə əməkdaşlıq baxımından da yeni perspektivlər açdığını göstərir. Almaniyanın Avropa İttifaqının aparıcı dövlətlərindən biri kimi Cənubi Qafqaz regionunda sabitliyin və əməkdaşlığın möhkəmləndirilməsində oynadığı rol Azərbaycanın xarici siyasət prioritetləri ilə üst-üstə düşür.

Səfər iqtisadi əməkdaşlıq baxımından da mühüm nəticələrlə yadda qaldı. Hazırda 200-dən artıq Almaniya şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərməsi ölkəmizin əlverişli investisiya mühitinin göstəricisidir. Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması isə qarşılıqlı investisiyaların artırılması, yeni layihələrin reallaşdırılması və biznes əlaqələrinin institusional əsaslarla inkişaf etdirilməsi üçün yeni imkanlar açacaq.

Enerji sahəsində əməkdaşlıq Prezident İlham Əliyevin bəyanatında xüsusi yer tutur. Azərbaycanın bu ildən etibarən Almaniyaya təbii qaz ixracına başlaması ölkəmizin Avropanın enerji təhlükəsizliyində strateji rolunu daha da gücləndirir. Neft ixracı ilə yanaşı, gələcəkdə yaşıl enerjinin də Avropa bazarına çıxarılması istiqamətində atılan addımlar Azərbaycanın enerji siyasətinin uzunmüddətli və çoxşaxəli xarakter daşıdığını nümayiş etdirir.

Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsində əməkdaşlıqdır. Azərbaycanın Orta Dəhliz üzrə artan rolu, müasir nəqliyyat infrastrukturu və Asiya ilə Avropa arasında etibarlı körpü funksiyasını yerinə yetirməsi Almaniya ilə bu sahədə əməkdaşlığın strateji əhəmiyyətini artırır. Səfər zamanı bu istiqamətdə birgə işçi qruplarının yaradılması barədə razılığın əldə olunması da əməkdaşlığın praktiki nəticələrə yönəldiyini göstərir.

Prezident İlham Əliyevin bəyanatında regional sülh məsələləri də xüsusi yer aldı. Dövlətimizin başçısı Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində əldə olunan nəticələri yüksək qiymətləndirərək, Almaniya hökumətinin danışıqlar prosesinə verdiyi töhfəni qeyd etdi. Vurğulamaq lazımdır ki, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini təmin etdikdən sonra sülh təşəbbüsləri ilə çıxış etməsi regionda yeni əməkdaşlıq mühitinin formalaşmasına xidmət edən əsas amillərdən biridir.

Ümumilikdə, Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri göstərdi ki, Azərbaycan etibarlı tərəfdaş, Avropanın enerji təhlükəsizliyinə töhfə verən mühüm ölkə, beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçısı və regional sülhün təşəbbüskarı kimi mövqeyini daha da möhkəmləndirir. İmzalanmış sənədlər və əldə olunmuş razılaşmalar Azərbaycan–Almaniya münasibətlərinin gələcək inkişafı üçün möhkəm siyasi və hüquqi baza formalaşdıraraq, əməkdaşlığın yeni strateji mərhələsini müəyyən edir.

Digər xəbərlər