PDF Oxu

Araşdırma

  • 4

Azərbaycanın diaspor təşkilatları etiraz bəyanatları ilə çıxış edib

Azərbaycanın diaspor təşkilatları etiraz bəyanatları ilə çıxış edib
Amerika Azərbaycanlıları Şurası (AAŞ) ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar məbləğində maliyyə yardımı ayrılmasına öz kəskin etirazını bildirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, təşkilatın yaydığı bəyanatda bildirilir ki, ABŞ Konqresinin bu qərarı Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ dövlətinin rəsmi mövqeyi ilə ziddiyyət təşkil edir. Sənəddə kəskin iqtisadi böhranın davam etdiyi, işsizliyin miqyasının sürətlə artdığı bir vaxtda amerikalı konqresmenlərin bir milyondan çox azərbaycanlını öz evlərindən didərgin salmış, etnik təmizləmə siyasəti aparmış rejimə maliyyə yardımı ayırmasından ciddi narahatlıq ifadə olunur.
AAŞ hesab edir ki, ABŞ Konqresinin bu qərarı ölkənin Azərbaycan və Cənubi Qafqazdakı mövqelərinə də zərbə vurur, bununla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması prosesinə xələl gətirir. Bəyanatda o da vurğulanır ki, bunlar azmış kimi, ABŞ-ın qanunverici orqanı hərbi yardımla Azərbaycanla Ermənistan arasında paritetin saxlanılmasına da qərar verib. Halbuki bu, ölkənin xarici siyasət kursuna ziddir. AAŞ xatırladır ki, 11 sentyabr hadisələrindən sonra Azərbaycan ABŞ-ın ən etibarlı müttəfiqlərindən biri olaraq qalır, bir sıra regionlarda aparılan sülhməramlı əməliyyatlara öz dəstəyini verməkdə davam edir.
Bəyanatın sonunda Amerika azərbaycanlıları ABŞ konqresmenlərinə müraciət edərək, onları balanslaşdırılmış mövqe tutmağa, etnik lobbilərin təsiri altında Azərbaycana qarşı ədalətsiz münasibətə son qoymağa çağırır.
Komitənin növbəti məlumatında isə, bildirilir ki, Belorus Azərbaycan İcmaları Konqresi Mərkəzi ofisi Vaşinqtonda yerləşən "Freedom House" beynəlxalq hüquq-müdafiə təşkilatının illik hesabatı ilə bağlı sözügedən təşkilatın ünvanına etiraz məktubu göndərib. Məktubda hərbi xuntanın rəhbərlik etdiyi Ermənistanın demokratik inkişaf yolunda inamla addımlayan Azərbaycanla müqayisə edilməsinə etiraz ifadə olunub.
Məktubda qeyd olunur ki, işğalçı, bir milyon nəfərdən çox insanı öz yurd-yuvasından didərgin salan, dinc sakinlərin gülləbaran edildiyi, dəhşətli soyqırımı aktlarına imza atmış Ermənistanla Azərbaycanın müqayisə edilməsi acı təəssüf doğurur.
Konqres benyəlxalq təşkilatların, dünya birliyinin Azərbaycan ərazisi kimi tanıdığı Dağlıq Qarabağın "Freedom House" təşkilatının hazırladığı xəritədə "mübahisəli ərazi" kimi göstərilməsinə də öz kəskin etirazını bildirib.
Qeyd edək ki, Belorus Azərbaycan İcmaları Konqresi daha bir etiraz məktubunu isə ABŞ Konqresinin ünvanına göndərib. Məktubda ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı rejimə 8 milyon dollar məbləğində yardım ayırmasına etiraz öz əksini tapıb.
Sənəddə qeyd olunur ki, insan hüquqları kimi müqəddəs dəyərlərin təbliği ilə məşğul olan ABŞ-ın qanunverici orqanının bir milyondan çox insanın hüquqlarını kobudcasına tapdalamış, onları öz yurd-yuvasından didərgin salmış, minlərlə insanı qətlə yetirmiş bir rejimə maliyyə dəstəyi verməsinin məqsədi anlaşılmazdır. "Bu gün 8 milyon dollar pul ayırdığınız canilər Azərbaycanın Xocalı şəhərini bir gecədə yerlə yeksan ediblər, 613 insanı - uşağı, qocanı, cavanı, qadını, kişini məhz azərbaycanlı olduğuna görə öldürüblər" -deyə məktubda bildirilir.
Qeyd edək ki, Belorus Azərbaycan İcmaları Konqresinin ABŞ Konqresinə göndərdiyi məktuba Xocalı soyqırımının təfərrüatlarını əks etdirən fotoşəkillər də əlavə olunub.

Digər xəbərlər