PDF Oxu

Araşdırma

  • 11

“Tütün və tütün məmulatları haqqında” qanuna düzəlişlər edilib

“Tütün və tütün məmulatları haqqında” qanuna düzəlişlər edilib
Milli Məclisin Sosial siyasət komitəsində Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin rəhbərliyi ilə görüş keçirildi. Görüşdə məqsəd ölkədə əhalinin sağlamlığının daha səmərəli qorunması üçün hüquqi bazanın zənginləşdirilməsi istiqamətlərinin araşdırılması idi.
Ölkə Prezidentinin sosial siyasətinin prioritetlərindən bəhs edən Milli Məclisin komitə sədri Hadi Rəcəbli bildirdi ki, son illər ölkəmizdə idman-sağlamlıq komplekslərinin inşası, su təmizləyici qurğuların quraşdırılması, səhiyyə sistemində profilaktik tədbirlərin önə çəkilməsi məhz əhalinin sağlamlığının qorunmasına xidmət edir. Müqayisəli şəkildə qeyd olundu ki, post-sovet məkanında dövlət siyasəti insanın sağlamlığının qorunmasına yox, xəstəliyin aradan qaldırılmasına yönəldilmişdi. Yəni səbəblə deyil, nəticə ilə mübarizə aparılırdı. Hazırkı dövrdə dünya səhiyyə sistemində profilaktika istiqamətinə daha ciddi diqqət yetirilir. H.Rəcəbli onu da qeyd etdi ki, siqaret çəkmək, alkaqollu içkilər içmək, narkotik və psixotrop maddələr qəbul etmək kimi zərərli vərdişlərin qarşısını almaq daha asandır, nəinki onların törətdiyi fəsadları aradan qaldırmaq.
Görüşdə səmərəli fikir mübadiləsi aparıldı. Bildirildi ki, bu sahədə hüquqi bazanın zənginləşdirilməsi üçün gələcəkdə bir sıra qanunvericilik aktlarına, o cümlədən, "Tütün və tütün məmulatları haqqında", "Sağlamlığın qorunması haqqında" qanunlara, İnzibati Xətalar Məcəlləsinə müəyyən düzəlişlər edilməsi zərurəti yarana bilər. Həmçinin, tütündən istifadənin məhdudlaşdırılmasına dair qanun qəbul olunması ehtimalı da istisna deyil.

Digər xəbərlər