15 il öncə Dağlıq Qarabağ cəbhəsində atəşin kəsilməsi çeşidli yozumlarla şərh olunsa da, gerçək birdir: bu, Azərbaycan cəmiyyətinin toparlanması, dövlətin iqtisadi və hərbi qüdrətinin möhkəmlənməsi üçün müstəsna şans idi. Ümummilli lider Heydər Əliyevin uzaqgörən addımı zamanın sınağından uğurla çıxdı və bugünkü Azərbaycan onun ən bariz sübutudur. Ulu öndərimiz Heydər Əliyev 15 il öncə atəşkəsə razılıq verərkən Azərbaycan əsgərinin gerçək durumundan xəbərdar olduğu kimi, müzəffər ordu quruculuğu üçün nə etmək lazım olduğunu da yaxşı bilirdi...
KRİTİK DÖVR
1994-cü il mayın 12-də qüvvəyə minən "Bişkek protokolu" ötən müddət ərzində çoxsaylı diskussiyalar doğurub. 15 il öncə Qarabağ müharibəsində atəşkəs əldə olunanda, bəziləri bunu "təslimçilik" kimi qələmə verməyə çalışırdı. Hətta bu razılaşmanın Ermənistanın maraqlarına uyğun olduğunu deyənlər də tapıldı, onun gerçəkdə heç bir əhəmiyyəti olmayan sənəd kimi təqdim edənlər də oldu.
Amma Azərbaycan cəmiyyəti atəşkəsin o vaxtkı şərait baxımından zəruri addım olduğu qənaətində idi. Sonrakı proseslər isə atəşkəsin taktiki nöqteyi-nəzərdən bizim üçün üstün cəhətlərini sübuta yetirdi. Lakin bu məqamı aydınlaşdırmazdan öncə bir qədər geriyə qayıdıb, atəşkəs ərəfəsindəki vəziyyəti nəzərdən keçirmək vacibdir.
1994-cü ilin yazı Ermənistan-Azərbaycan müharibəsində kritik dövr idi. 1993-cü ilin yay-payızında ağır itkilərə məruz qalan Azərbaycan 1994-cü ilin yanvarında bir neçə uğurlu əks-hücum əməliyyatı (Horadiz qəsəbəsinin və Füzuli rayonunun Arazboyu kəndlərinin azad olunması) həyata keçirsə də, ümumilikdə, cəbhədəki qış kampaniyası gözlənilən nəticəni vermədi. Səbəblər isə çox idi. Əvvəla, 1992-1993-cü ilin məlum proseslərindən (başıpozuq özünümüdafiə dəstələri şəklində "mövcud olan" ordunun ifrat dərəcədə siyasiləşməsi, üstəgəl 1993-cü ilin yaz-yayında cəbhədə yaşanan ağır itkilər) sonra Silahlı Qüvvələri monolit və dinamik hərbi qüvvə halına gətirmək mümkün deyildi. Baxmayaraq ki, Heydər Əliyev hakimiyyətə gələndən sonra qısa müddətdə bu sahədə radikal addımlar atılmış, real ordu quruculuğu başlanmışdı.
Bununla belə, Azərbaycanın hərbi qüvvələri cəbhə xəttində real güc halında çıxış edə bilmirdi. Ordu son nəfəsində vuruşurdu və ona yenidən toparlanmaq üçün ciddi şəkildə nəfəs almaq vacib idi. Hərbi quruculuq və cəbhədəki qoşunların maddi-texniki təchizatı avtomobilin hərəkət edə-edə təmir edilməsini xatırladırdı.
ATƏŞKƏS ZƏRURƏTİ
Qoşun birləşmələrinin idarə olunması faktiki olaraq bir nəfərin- Heydər Əliyevin çiyinləri üzərində idi. Ümummilli lider şəxsən cəbhə xəttinə baş çəkir, döyüş mövqelərində konkret tapşırıqlar verirdi.
Ordu rəhbərliyində siyasi intriqa və oyunbazlıq hələ də aradan qaldırılmamışdı. Məlum səbəblər üzündən baş nazirliyə yüksəlmiş Surət Hüseynovun iqtidar daxilindəki "votçina" siyasəti Silahlı Qüvvələrin idarəçiliyində də özünü büruzə verirdi. Onun "proteje"si sayılan sabiq müdafiə naziri Məmmədrəfi Məmmədovun səbatsız fiqur olduğu aşkar idi. Üstəlik, müdafiə nazirinin bir neçə dəfə Rusiya və Ermənistan müdafiə nazirləri ilə görüşlərdə Azərbaycan rəhbərliyi tərəfindən sanksiyalaşdırılmamış hərəkətlərə yol verməsi, onun fəaliyyətinə ciddi şübhələr yaratmışdı. 1993-cü ilin dekabrında M.Məmmədov Moskvada səfərdə olarkən Rusiya sülhməramlı kontingentinin Qarabağda yerləşdirilməsinə dair protokolu imzalamaq cəhdi isə, Heydər Əliyevin təcili müdaxiləsindən sonra, böyük çətinliklə önlənmişdi.
Bir sözlə, 1994-cü ilin yazında Azərbaycan cəbhədə müəyyən lokal uğurlar qazansa da, ordu quruculuğuna fundamental şəkildə başlamaq, Müdafiə Nazirliyinin rəhbər heyətindən yerlərdəki qoşun hissələrinin komandirlərinədək kadrların düzgün yerləşdirilməsi üçün vaxt lazım idi. Nəhayət, Azərbaycan üçün vacib məsələ - dövlətin toparlanması, ictimai-siyasi sabitliyin bərqərar edilməsi, zəruri islahatların aparılması və ordu quruculuğunun şah damarı olan iqtisadiyyatın xarici sərmayələrin üzünə açılması və tədricən dirçəldilməsi yalnız atəşkəs şəraitində mümkün idi. Amma atəşkəsi zəruri edən təkcə bu səbəblər deyildi.
1994-cü ilin əvvəlindən Azərbaycan Ordusunun cəbhədə böyük rəşadət göstərməsi Ermənistan cəmiyyətində də rezonans yaratmışdı. Qarabağdan gələn tabut saylarının artması Yerevanda müharibə əleyhinə çıxışlara rəvac vermişdi. Belə bir vaxtda Qarabağ müharibəsinin əsas istiqamətvericisi sayılan Rusiya amili önə çıxdı. Moskvada görürdülər ki, müharibə tədricən onlar üçün idarəolunmaz vəziyyətə yuvarlanır. Bu isə Qarabağ münaqişəsini lap əvvəldən nəzarətdə saxlayan Kremlin planlarına uyğun deyildi. Odur ki, Rusiya 1994-cü ilin yazında israrla tərəfləri atəşkəsə təşviq etməyə başladı. Xatırladaq ki, o vaxt Rusiya ATƏT-in Minsk Qrupuna faktiki olaraq təkbaşına sədrlik edirdi.
Moskvanın təşviq-təhdid siyasəti, ilk növbədə, özünün strateji maraqlarına hesablanmışdı. Rusiya regionda vəziyyətin dəyişəcəyini görürdü və bu səbəbdən təcili sülhün memarı olmaq əzmində idi. Bu hədələrin heç də nəzəri səciyyə daşımadığını rəsmi Bakı yaxşı başa düşürdü.
Moskvanın təcili atəşkəsə nail olmaq cəhdi isə konkret məqsədlər güdürdü: təkbaşına sülh vasitəçiliyi ilə regionun gerçək sahibi olduğunu nümayiş etdirmək, bunun nəticəsi kimi Cənubi Qafqaza yenicə ayaq açmağa hazırlaşan ABŞ və Avropanı qabaqlamaq və nəhayət, əsas məqam - Qarabağda öz ssenarisi üzrə sülhü "bərqərar etməklə" Azərbaycana qayıtmaq, burada hərbi kontingent (sülhməramlı adı altında) yerləşdirmək, ardınca isə ölkəmizin sərhədlərinə, hava məkanına nəzarəti ələ keçirmək. Sözsüz ki, Azərbaycan Rusiyanın bu planları qarşısında seyrçi deyildi və Heydər Əliyevin bacarıqlı siyasəti, müdrik diplomatiyası sayəsində nəinki Kremlin sözügedən iddialarının heç biri gerçəkləşmədi, üstəlik, Rusiya rəhbərliyi Azərbaycanın müstəqil siyasət amili ilə barışmağa və son nəticədə bizimlə bərabərhüquqlu tərəfdaş kimi davranmağa məcbur oldu.
Rusiyanın atəşkəslə bağlı planları 1994-cü il mayın əvvəlində intensivləşdi. Mayın 4-də Qırğızıstanın paytaxtı Bişkekdə açılan MDB Parlamentlərarası Assambleyasının iclasında Rusiya konkret layihə ilə çıxış etdi. Lakin MDB PA-ya sədrlik edən Rusiya Federasiya Şurasının başçısı V.Şumeyko və Qırğızıstan spikeri M.Şerimkulovun vasitəçiliyi ilə mayın 4-5-də keçirilən Ermənistan-Azərbaycan danışıqları nəticə vermədi. Əsas fikir ayrılığı protokolda Azərbaycan və Ermənistanla yanaşı, Dağlıq Qarabağın erməni icmasına da bərabər tərəf kimi yer ayrılması idi. Bu prinsip həm ATƏT-in Minsk Qrupunun 24 mart 1992-ci il tarixli mandatına, həm də Azərbaycanın prinsipial mövqeyinə zidd idi. Azərbaycan heyəti protokolu imzalamadan Bakıya qayıtdı. Belə olduqda Rusiya vasitəçilik missiyasının iflasını göz önünə alaraq məcburi addım atdı və Kazimirov "Bişkek protokolu"nu Azərbaycanın prinsiplərinə uyğun şəkildə imzalanmaq üçün Bakıya gətirdi.
Azərbaycan sənədin mətninə iki mühüm əlavə ilə imza atdı. Protokolun 5-ci abzasında "tutulmuş ərazilər" sözü "işğal olunmuş ərazilər"lə əvəzləndi və atəşkəsdən sonra cəbhə xəttində yerləşdiriləcək müşahidəçilərin, məhz "beynəlxalq müşahidəçilər missiyası" olması qeyd olundu. Bu isə, o demək idi ki, Azərbaycan "Bişkek protokolu"nda Rusiyanın Qarabağa yalnız özünün müşahidəçilərini göndərmək niyyətini elə ilk addımda əngəllədi. Sonrakı proseslər göstərdi ki, atəşkəs rejiminə nəzarət üçün hansısa müşahidəçilər kontingentinə, ümumiyyətlə, ehtiyac yoxdur.
Sənəd mayın 12-də qüvvəyə mindi. Qeyd etmək lazımdır ki, sənədə Dağlıq Qarabağ separatçılarının imza atması o vaxt Azərbaycanda birmənalı qarşılanmadı. Müxalifət dairələri böyük ajiotaj qaldıraraq "Bişkek protokolu"nu Dağlıq Qarabağ separatçılarının legitimliyini tanıyan akt kimi dəyərləndirdilər. Lakin sonrakı gerçəklik bu isteriya və ajiotajın tamamilə əsassız olduğunu təsdiqlədi. Qarabağ erməniləri, 15 il öncə olduğu kimi, indi də danışıqlar prosesində marginal vəziyyətdədir və beynəlxalq müstəvidə kimsə tərəfindən tanınmayıb.
"Bişkek protokolu" na əsasən, atəşkəs rejimi real sülh addımları ilə müşayiət olunmalı idi. Sənədə görə, "ən yaxın günlərdə" işğal olunmuş ərazilərin boşaldılması, kommunikasiyaların bərpası və köçkünlərin geri qaytarılmasını nəzərdə tutan "etibarlı sülh sazişi" imzalanmalı idi. Lakin "ən yaxın günlər" illərlə əvəzləndi, sülh təşəbbüslərinin hansı səbəbdən gerçəkləşməməsi də məlumdur...
SÜLH STRATEGİYASI
Beləliklə, atəşkəsin 15 ili tamam olur və bu illərdə Azərbaycan bütün təhdid və təzyiqlərə rəğmən Dağlıq Qarabağ nizamlanmasında özünün dövlətçilik prinsip və maraqlarından bir addım da olsa, geri çəkilməyib.
Ermənistan bütün səylərinə və ona verilən xarici dəstəyə rəğmən savaş meydanında hərbi nəticələri hüquqi müstəvidə rəsmiləşdirməyə nail olmayıb. Əksinə, bu illər beynəlxalq müstəvidə Azərbaycanın nüfuzunun güclənməsi, Qarabağ münaqişəsinə ədalətli münasibətin formalaşması və buna paralel olaraq Ermənistanın işğalçı siyasətinin ifşa olunması ilə müşayiət edilib. Bu isə, nəticə etibarilə, münaqişənin ədalətli həllinə töhfə verəcək amildir. Ən əsası isə, Azərbaycan bu illərdə özünün iqtisadi və hərbi qüdrətini möhkəmləndirib. Azərbaycan bu gün regionun nəhəng iqtisadi layihələrini uğurla həyata keçirir. Ötən illərdə iqtisadiyyata qoyulan ümumi sərmayənin həcmi 50 milyard dollara çatıb, bunun 37 milyard dolları birbaşa xarici sərmayədir. Təkcə neft-qaz layihələri üzrə Azərbaycan iqtisadiyyatına hər gün 10 milyon dollar sərmayə yatırılır. Ermənistan isə 1994-cü il mayın 12-dən bu yana praktik olaraq heç nəyə nail olmadığının, zamanın artıq onun ziyanına işlədiyinin fərqindədir. Azərbaycanın böyük neft müqavilələrindən regional əməkdaşlıq layihələrinədək əldə etdiyi bütün nəticələr Ermənistana gözdağıdır.
Bəli, artıq 15 ildir ki, Qarabağ müharibəsində atəş kəsilib, qan tökülmür, şəhid analarının sayı günbəgün artmır. Amma müharibə bitməyib. Bunu cəbhə xəttində ara-sıra səslənən atəş, atəşkəs dövrünün itkiləri də sübut edir. Ən əsası isə işğal altındakı torpaqlar və o torpaqlara qayıdacaqları günü gözləyən soydaşlarımızın intizar dolu çöhrəsi bunu hər gün, hər saat bizə xatırladır. Biz problemi qan tökmədən, dinc yolla həll etmək istəyirik. Amma bu, o demək deyil ki, Azərbaycan öz torpağından əl çəkmək, işğalla barışmaq niyyətindədir. Hər şeyin həddi olduğu kimi, sülh danışıqlarının da bir limiti var və o nə zamansa tükənə bilər. Odur ki, 15 il öncə kəsilən atəşin nə vaxtsa bərpa olunmayacağına heç kim təminat vermir.
Azərbaycan rəhbərliyi ötən illər ərzində bu gerçəyi dəfələrlə dünya birliyinə bəyan edib və işğalçı Ermənistanı illüziyalara uymamağa çağırıb. Prezident İlham Əliyev də çıxışlarında daim bu məqamı vurğulayır. Dövlət başçısı bəyan edir ki, münaqişəni sülh yolu ilə həll etmək barədə Azərbaycanın götürdüyü öhdəlik ehkam deyil və əgər sülh danışıqları nəticə verməsə, ölkəmiz bu məsələdə öz siyasətinə yenidən baxmalı olacaq. Həyatda çox şey, o cümlədən, atəşkəs də müvəqqətidir. Sözsüz ki, ölkəmizə daimi və möhkəm sülh lazımdır...