Köşə

  • 2 581

Gəl, bu şəhərdə nəfəs al...

image

Bu gün şəhər-səhər şəhərimizdə müşahidə etdiyimiz mənzərələr belə deməyə əsas verir ki, gəl, bu şəhərdə nəfəs al, görüm, necə nəfəs alırsan.... Hələ “hərəkət et”, demirik. Çünki bu, yeni dərs ilinin başlanması, məzuniyyətlərin bitməsi ilə ümumiyyətlə, məhdudlaşır.

Metroda, marşrut avtobuslarda yaranan mənzərəni yəqin ki, bu nəqliyyat növlərindən istifadə edənlərin hər biri görür və orada yaranan sıxlığı yaşayır.

Üç, üç ay yarım idi ki, bu şəhərdə sakitlik, seyrəklik hökm sürürdü. Çünki təhsil müəssisələri tətildə idi. İşləyən əhlinin əksəriyyəti isə məzuniyyətdə. Metroda da, marşrut avtobuslarda da, hətta yollarda belə görünən mənzərə bu şəhərin gözəlliyi üzərinə gözəllik qatırdı. Sakitlik hökm sürürdü bütün küçə və yollarda.

Lakin bilirdik ki, bütün bunlar müvəqqətidir. Çünki qarşıda yenidən hər kəs öz məktəbinə, işinə qayıdacaq və Bakıda bəlkə də dünyanın heç bir şəhərində olmayan sıxlıq yenidən yaranacaq.

Nədir bu sıxlığın səbəbi? Biz nə üçün bu şəhərə belə sitəm edirik? Heç bu barədə düşünən olurmu? Küçədə, metroda, yolda sanki bütün Azərbaycan Bakıdaymış kimi gəlir adama. Nə üçün? Bu sıxlığın səbəbi nədən qaynaqlanır?

Sıxlığın birinci qaynağı tələbələrdir. Çünki ali təhsil müəssisələrinin böyük əksəriyyəti paytaxtda yerləşir. Hər birində isə minlərlə tələbə təhsil alır. İkinövbəli təhsildə isə yollarda da, metroda da, marşrut avtobuslarda da təbii ki, sıxlıq olacaq. Çünki tələbələr dərsdən çıxır, dərsə gedir.

Bir neçə il öncə dövlətimizin başçısı ali təhsil müəssisələrinin paytaxtdan kənarda yerləşdirilməsi barədə sərəncam imzalamışdı. Yəqin ki, sərəncamın icrası ilə əlaqədar tədbirlər həyata keçirilir. Belə isə yaxın gələcəkdə sıxlığın ilkin səbəbi olan universitetlərin paytaxtdan kənarlaşdırılması bunun qarşısını alan başlıca səbəb olacaq.

Sıxlıq səbəblərindən digəri isə əhalinin kütləvi şəkildə Bakıya köçməsidir. Təəssüf ki, qəsəbə və kəndlərdə yaşayan soydaşlarımız ev-eşiklərini, həyət-bacalarını qoyub bu şəhərə axın edirlər. Səbəbi isə şəhərdə yaşamaqdır. Şəhərdə yaşamaq isə guya onlar üçün rahatlıqdır. Kənd işinin ağırlığının şəhərdə yüngül olmasıdır. Lakin bu sıxlığın özü bir əziyyət deyilmi? Şəhərin bu başından o başına gedib çıxmaq hansı kənd işindən yüngüldür, deyən olarmı? Belə isə, nə üçün gözəl kəndlərimizi tərk edib şəhərə üz tuturuq. Bol oksigenli, günəşli, yamyaşıl kəndlərimizi nə üçün bu şəhərə dəyişirik? Nə üçün torpaq kimi səmərəli iş yerini qoyub, şəhərdə iş axtarmağa gəlirik? Minlərlə avtomobilin çirkləndirdiyi havanı çiyərlərimizə çəkib şəhərli oluruq?

Olmaz ki, açıq havada, zəngin oksigeni çiyərlərimizə çəkə-çəkə torpağımızı əkib-becərək? Məhsulumuzu bazara çıxarıb satmaqla pul qazanaq? Bu iş şəhərdəki işlərin hansından pisdir, deyən olarmı?

Sıxlığın bir başqa səbəbi isə nəqliyyatda işin düzgün qurula bilməməsidir. Gecikmələr, nəqliyyat vasitələrinin ərazilər üzrə düzgün bölünməməsi təbii ki, sıxlıq yaradacaq. Dəqiqələrlə gözlədiyimiz marşrut avtobuslara elə bu səbəblərdən zor-bəla ilə minə bilirik. Minməyinə minirik, lakin sərnişinlərlə nəfəs-nəfəsə dayanmalı oluruq. Bu, metroda da belədir, avtobuslarda da.

Beləliklə, di gəl, bu şəhərdə nəfəs al. Bitdi, bu gündən nəfəs almaq bitdi. Sıxlıq tətili də, məzuniyyəti də çox keçməz ki, burnumuzdan fitil-fitil tökər. Yığdığımız enerji çox keçməz ki, zərrə-zərrə bədənimizdən bu sıxlığa qurban gedər.

Bəs nə etməli? Dözməli, nə edəcəyik ki?.. O zamana kimi dözməli ki, aid qurumlar bu sıxlığın fərqinə varacaq və bizlər üçün bir gün ağlamağa başlayacaqlar. Ya nəsib, ya qısmət, deyək, səbirlə gözləyək.

Səbir gözəl nemətdir. Səbirli olanları Allah da sevər.

Mətanət Məmmədova

Digər xəbərlər