Köşə

  • 4 206

O sudan içməyin! – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Son vaxtlar maddi dəyərlər mənəvi dəyərləri üstələyib. Hiyləgərlik üsulları xeyli rəngarəngləşib və təkmilləşib. Ümumi cəmiyyət maraqları şəxsi maraqlara qurban verilir. Əsas məqsəd çoxlu pul qazanmaq, vəzifə, şöhrət əldə etmək və özünü başqalarından üstün göstərməkdir. Qanunu, qaydanı pozmaq üstünlük sayılır, başqalarından fərqlənmək (bu hətta pis şeylərdə olsa belə) azarı gənclər arasında geniş yayılır.

İnsanlar arasında münaqişələrin, boşanmaların və ailədaxili qətllərin sayı artır. Böyük sözünü vecinə alan da yoxdur. Bir çox gənclər açıqca deyirlər ki, biz hər şeyi yaxşı bilirik, siz yaşlı nəsil heç nə bilmirsiniz və səhv edirsiniz. Lakin reallıq bütün dövrlərdə və bütün ölkələrdə olduğu kimi tam əksini göstərir.

Heç kim etiraz etməz ki, son vaxtlaradək milli-mənəvi dəyərlərimiz həyatımızın əsas sütunu idi. El arasında yazılmamış qanunlar adlandırılan ictimai davranış kodeksləri var idi və buna əməl olunurdu.

İnsanlar bir-biri ilə ədəb-ərkanla davranır, böyük-kiçik, qadın-kişi yeri bilinirdi. Ayıb deyilən şeylər var idi, utanılası hərəkətlər var idi. 20-ci əsrin sonunda situasiya 180 dərəcə dəyişdi- sanki insanlara kimsə dedi ki, artıq utanmaq, qızarmaq ləğv olunur.... Əvvəl sadəcə yaşamaq, sonra isə hamıdan daha yaxşı yaşamaq uğrunda aparılan mübarizə mənəvi dəyərləri tədricən arxa plana keçirdi.

Təhsilə, elmə, mədəniyyətə marağı əyləncənin əvəz etməsi, ağsaqqal-qarasaqqal münasibətlərinin çərçivədən çıxması, TV-lərdən şou, serial və kriminal verilişlərlə kütləvi əxlaqsızlaşma, psixotron terror, davamlı reklam təcavüzü ilə zövqlərin, xüsusiyyətlərin, davranışların, dəbin hansısa şübhəli xarici mərkəzlərdən formalaşdırılması... siyahı təəssüf ki, xeyli uzundur. Bu psixotron terror mənəvi zombiləşmənin əsasını qoymaqdadır...

İnternet məkanında biabırçılıq baş alıb gedir. Bu məkanda hər cür murdarlığın, hər növ əxlaqsızlığın açıq təbliği gedir. Bu qlobal prosesi ölkəmizdə aparan mütəşəkkil qüvvələr mənəvi dəyərləri müdafiə edənləri “geridə qalmış” adlandırır və az qalırlar linç edələr.

“Overton pəncərəsi” haqda oxuyun, prosesin necə aparıldığını, cəmiyyət dəyərlərin kəskin və sürətli dəyişməsindən şoka düşməsin deyə “diri qurbağının qaynar suda necə bişirdildiyini”görəcəksiniz.

Bəli hər şey tədricən dəyişdi. İindi müsbət şeylər mənfi sayılır, mənfi şeylər müsbət. Mənfilər çoxaldıqca müsbətlər azalır. Azlıq çoxluğa tabe olur. Burada qədim bir hind pritçasını yada salmağa dəyər.

Rəvayətə görə, qədimdə bir şəhərin ətrafındakı meşəlikdə tək yaşayan, ibadət və elmlə məşğul olan bir zahid müdrik varmış. Dünyanın qızıl dövrü imiş. Hər yanda əmin-amanlıq bolluq və mehribanlıq. Bir gün bu müdrik dağdan enir şəhərə və adamlara deyir ki, tezliklə hər şey dəyişəcək, tam tərsinə olacaq. Bunun əlamətini onda biləcəksiniz ki, su dadını dəyişəcək bir qədər acı dadmağa başlayacaq. İnsanlar ona inanmırlar. Yalnız bir gənc inanır və gedib şəhər kənarında özünə koma tikir, yeri qazıb anbar düzəldir və oraya su daşıyıb toplayır və ancaq o sudan içir.

Vaxt keçir, vədə yetişir, gənc bir dəfə şəhərə düşdükdə baxır ki, adamlar dəyişib, əvvəl ayıb sayılan şeylər indi yaxşı, əvvəl yaxşı sayılan işlər indi pis sayılır. Onunla bununla mübahisə etməkdən yorulur, heç kimə izah edə bilmir ki, elə deyil belədir. Hər dəfə bunu döyüb qovurlar ki, sən bizdən ağıllısanmı. Gedir o müdrikin yanına ki, mən neyləyim. Müdrik deyir ki, 3 yolun var, ya axıradək mübarizə aparacaqsan, amma səni fiziki olaraq öldürə bilərlər, ya onların suyundan içib onlar kimi olacaqsan, bu halda mənəvi cəhətdən öləcəksən, ya da cəmiyyəti tərk edib mənim kimi uca dağların başında tək yaşayacaqsan. Bu gənc çox düşünür, axırda 3-cü yolu seçir. Gedir müdrikin yanına və ona xidmət etməklə ömrünün sonunadək orda yaşayır.

İndi həmin “su” bəzi xarici mərkəzlər tərəfindən ölkəmizə, cəmiyyətimizə təklif olunur, çoxumuz isə bu suyun tərkibi haqda məlumatlı deyilik, elə sudur deyib içirik. Lakin hələ də o “su”dan içməyənlər var, onları “o sudan içməyə” məcbur etmək, ya da qaçıb dağ başına getmələrinə səbəb olmaq lazım deyi.

İndiki qloballaşma dövründə milli-mənəvi dəyərlərimizi daha çox qorumalıyıq, çünki indiyədək heç vaxt olmadığı qədər güclü təzyiq və terror altındadır. Elmə-təhsilə daha çox fikir verib irəli getməliyik. Sağlam düşüncəli, savadlı uşaqlar yetişdirib tərbiyə etməli, xalqımızı, ölkəmizi dünyanın inkişaf etmiş ölkəsinə çevirəcək insanları qorumalı, küçə müğənnilərini və yarıçılpaq modelləri dinləmək əvəzinə alimləri, ziyalıları önə çıxarmalıyıq. Yalnız bu yolla bir millət kimi yaşaya və inkişaf edə bilərik.

Mənəvi Dəyərlərin Təbliği Fondu bu istiqamətdə böyük işlər, milli mədəniyyətimizi, mənəvi dəyərlərimizi yaşatmağa, gənc nəslə təbliğ etməyə çalışır. Lakin ehtiyac səviyyəsi bu Fondun imkanlarından dəfələrlə böyükdür. Bu səbəbdən Fondun imkanlarını və gücünü xeyli artırmağa ehtiyac var. Dövlət və cəmiyyət bu məsələdə yekdil olmalı və birgə çalışmalıdır. Əks halda qloballaşma kampaniyasnda əriyib gedəcək və mənəvi deqradasiyadan qurtula bilməyəcəyik.

Digər xəbərlər