Köşə

  • 6 496

Uşaqpulu veriləcək? – KÜNCDƏN BAXIŞ

image

Elçin Bayramlı

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin ötən həftə keçirilən iclasında deputat Vüqar Bayramov “Əmək pensiyaları haqqında” qanunda 8-ci və “Sosial müavinətlər haqqında” qanunda 4-cü maddələrə yenidən baxılmasını vacib sayıb. Azərbaycanda 3 uşaqlı ailələrin çoxuşaqlı hesab edilməsi və onlara sosial yardım ayrılması təklif olunur. Mütamadi olaraq bu məsələ digər deputatlar, jurnalistlər, ictimai xadimlər tərəfindən də irəli sürülür.

Mən də uzun illərdir daim bu təkliflərlə televiziya və mətbuatda çıxış etmişəm. Belə ki, hazırda bizdə 6 uşaqlı ailələrə yardım verilir 105 manat məbləğində. Lakin ölkədə 6 uşaqlı ailələr yox dərəcəsindədir, hazırda 3 uşaqlı ailələrə belə nadir rast gəlinir. Azərbaycan faktiki olaraq biruşaqlı ailə modelinə keçib.

3 uşaqlı ailənin artıq çoxdan çoxuşaqlı olması inkaredilməz faktdır. Sadəcə bunu rəsmiləşdirmək lazımdır. Bu həm statistikadan, həm də ətrafımızda müşahidələrimizdən də aydın görünür. Bu olduqca təhlükəli, hətta faciəvi bir tendensiyadır. Yəni bir ailədə 3-dən az uşağın olması həmin xalqın tədricən məhv olub sıradan çıxması deməkdir. Bir xalqın davam etməsi, yaşaması üçün hər ailədə minimum 3 uşağın olması şərtdir. Çünki bu uşaqların biri müxtəlif dövrlərdə dünyasını da dəyişə bilər. Hətta 3 uşaq olanda belə əhali artmır, sadəcə say yerində qalır.

Dünyanın bütün mədəni ölkələri çoxuşaqlı ailələrin sayının çox olmasına çalışır. 1 uşaqlı ailənin necə faciə olduğunu artıq dünyada başa düşürlər. Xüsusilə də, Çində bu təcrübənin faciəvi sonluğunu görəndən sonra 2-3 uşaqlı ailələrin təbliğinə başladılar.

3 uşaqlı ailə çoxuşaqlı ailə hesab olunmağa başladıqda artıq dövlətin müəyyən imtiyazlar sistemi işə düşür. Sosial müavinətlər, müxtəlif formada yardımlar və s. bunlara daxildir. Bu sistem bizdə, çox təəssüf ki, yox kimidir.

Əksər ölkələrdə aylıq uşaqpulu verilir. Qonşu Rusiya, İran, Ermənistan kimi ölkələr da bura daxildir. Hətta bəzi ölkələrdə uşaq pulundan əlavə ailələrə ev, torpaq, avtomobil verilməsi qaydaları var- məsələn Rusiyada. Orada uşqpulundan əlavə çox sayda stimullaşdırıcı tədbirlər var- torpaq sahəsi ayırmaq, ev vermək, özünüməşğulluq üçün müvafiq təminatları vermək, valideynlərin əmək hüquqlarından xeyli əlavə güzəştlər və s. Bu dövlətin stimullaşdırıcı tədbirləridir. Məqsəd isə normal ailə modelinin bərqərar olmasıdır.

Bəzən bildirilir ki, bütün uşaqlara uşaqpulu verməyə dövlətin imkanı çatmır. Xeyr, heç bir maliyyə problemi yoxdur, dövlətimizin maliyyə imkanları lazım olduğundan dəfələrlə çoxdur və getdikcə də artır. Buna baxmayaraq əgər bütün uşaqlara vermək istəmirlərsə, onda heç olmasa çoxuşaqlı- yəni 3 və daha çox uşaqlı ailələrə uşaqpulu ödənilməlidir. Ya da ən azı müəyyən bir yaş qrupunda olan uşaqlara verilməsi mümkün ola bilər- məsələn 5 yaaşdək, 10 yaşadək və s. Məbləğin az olması da müəyyən qədər qəbuledilən olardı, bu, yenə də ailəyə dəstək olacaq.

Uşaqpulunun verilməsi belə uşaqların sayını əhəmiyyətli həddə artıracaq gücdə deyil, bu yardım sadəcə möcvud uşaqların sağlam böyüdülməsinə dəstək ola bilər. Hesab edirəm ki, ilkin mərhələdə hər uşağa ayda ən azı 100 manat olmaqla 3 və daha çox uşaqlı ailələrə yardım edilməlidir.

Əgər dövlət büdcəsində maliyyə yükü yaradacağını iddia edirlərsə, onda alternativ də təklif edə bilərik. Məsələn ünvanlım sosial yardımı ləğv edib onu uşaqpulu formasında vermək olar.Ünvanlı social yardım o qədər də ünvanlı deyil və burada çox sayda neqativ hallar var, bu sistemə insan müdaxiləsi çox rahatdır. Lakin uşaqpulunda bu mümkün deyil, çünki uşaqlaırn konkret sayı məlumdur və hər uşaq heç bir xüsusi sənədlər toplanılmadan bu yardımı ala biləcək. Göründüyü kimi, uşaqpulu sistemi daha şəffaf, daha rahat və daha effektivdir.

Hər il dövlət büdcəsində bir neçə milyard manat profisit yaranır- yəni xərclənməsinə yer tapılmayan və büdcədə artıq qalan vəsait. Bu vəsaitin yarısı belə uşaqpulu verilməsi üçün kifayətdir. Aylıq uşaqpulunun bərpası sağlam gələcəyəmizin formalaşmasına dövlətimizin tövfəsi ola bilər. Çünki əhalinin əksəriyyəti aztəminatlı olduğundan uşaqların sağlam böyüdülməsini təmin etməkdə çətinlik çəkir. Ona görə də dövlət bu məsələdə öz sözünü deməlidir.

Digər xəbərlər