PDF Oxu

Köşə

  • 2 992

Əminənin qatığı – ESSE

image

Elçin Bayramlı

Son dövrlərdə insanların həyat tərzi sürətli dəyişikliyə məruz qaldı. Təbii həyatdan tədricən süni həyata keçməyə başladıq. Buraya insan həyatı və sağlamlığı üçün ən vacib sahə olan qidalanma məsələsi də daxildir. Sosialist respublika dövründə qida istehsalı sahəsi əsasən dövlətin nəzarətində olduğu üçün yalnız təbii və keyfiyyətli qidalar istehsal və təklif olunurdusa, bazar iqtisadiyyatına keçəndən sonra bu sahə də özəlləşdi. Kapitalizmdə də şirkətlərin yeganə məqsədi bütün mümkün vasitələrlə maya dəyərinini aşağı salmaq və daha çox gəlir əldə etməkdir. Əhalinin sağlamlığı heç kimi narahat etmir. Nəticədə, qidaların hazırlanmasında kimya sənayesinin “nemətlərindən” gen-bol istifadəyə keçildi, təbii qida əvəzinə qidanın imitasiya olan kimyəvi, saxta, keyfiyyətsiz məhsullar qida adı ilə satılmağa başlandı.

Hazırda həm ölkədə istehsal olunan, həm də xaricdən gətirilən qida məhsullarının böyük əksəriyyəti artıq təbii qidaya heç bir aidiyyatı olmayan naməlum mənşəli məhsullardır. Genetik modifikasiya olunmuş toxumlar yerli toxumları getdikcə sıradan çıxardı, nəticədə meyvə, tərəvəz, paxlalılar və sair məhsulların dadı duzu da getdi, təbiiliyi də, faydası da. İnsan üçün dərman olan qida artıq boş kütləyə çevrildi, nəinki fayda verməyə başladı, üstəlik sağlamlığa zərərli hala gəldi.

Emal olunmuş qidaların isə tərkibi təbilikdən çıxıb, ultrakimyəvi maddələrlə zənginləşdi. Məsələ təkcə iri təsərrüfatların, qida emalı zavodlarının və fabriklərinin istehsalı ilə bağlı deyil, fərdi şəxslər də istehsal etdikləri qidaya haram qatmağa, onu saxta şəkildə düzəltməyə, başqalarını aldadıb daha çox pul qazanmağa başladı. Kərə yağı, pendir, süd, bal və qida növlərinin saxtaları dükan-bazarı başına götürdü. Bir çox kəndlilər də daha çox qazanmaq üçün başqalarının sağlamlığını məhv etməyi üstün tutdular. Lakin az da olsa, hələ də vicdanını itirməmiş insanlar var ki, onlar uzun illərdir ki, təbii məhsul istehsal edir və insanlara təklif edirlər. Düzdür, onların qazancları saxtakarlardan xeyli az olur, amma bu şəxslər halal çörək yeməyi, haram bal yeməkdən üstün tuturlar.

Tovuzda yaşayan anam çox uzun illərdir ki, həmişə qatıq, süd alanda yalnız 1 nəfərdən alır. Binamızın həyətinə yaxın kənddən- Düz Cırdaxandan Əminə adlı bir qadın satmaq üçün qatıq, süd gətirir. Onun gətirdiyi südün, qatığın təbiliyindən, dadından doymaq olmur. Bakıya gəlib-gedən olanda anam bizə də Əminə xalanın məhsullarından göndərir. Mən süd sevməsəm də, qatıq yeməyi xoşlayıram. Başqa yerlərdə yediyim bütün qatıqlarla bunun fərqini aydın hiss edirəm.

Yayda məzuniyyət vaxtı Tovuzda gedəndə də həmişə ilk növbədə Əminə xalanın düzəltdiyi qatıqdan dadıram. Bəzən hansısa səbəbdən Əminə xala süd, qatıq gətirməyəndə anam məcburən başqa yerdən 1 litr alırdı, amma mən onun dadına baxan kimi fərqi tuturam və deyirəm ki, “yemirəm, bu Əminə xalanın düzəltdiyi qatıqdan deyil”. Ona görə də, mən Tovuza gələnə yaxın anam məxsusi mənim üçün ehtiyatda həmişə “Əminənin qatığı”ndan saxlayır. Çox uzun illərdir ki, bu belə də davam edir. Əminə xala mənim üçün süd məhsulları üzrə əbədi və əvəzolunmaz bir brenddir, qatıq, süd barədə söhbət düşəndə gözümün qabağına Əminə xala gəlir.

Beləliklə, təxminən 20 il keçsə də, o dadın, o təbilliyin dəyişmədiyini ardıcıl formada və aydın şəkildə gördüm. Bu gün də evdə Əminə xalanın düzəltdiyi məhsullardan var və mən başqa yerlərdə məcburi qəbul etdiyim qatıqların heç birinin tam təbii qatıq olmadığını real müqayisədə görə bilirəm.

Əminə xala mənim nəzərimdə təkcə təbii və keyfiyyətli süd, qatıq istehsalçısı deyil, o vicdanlı, halal, təmiz adamın nümunəvi obrazıdır. İstənilən quruluşda, istənilən ağır şəraitdə, istənilən dövrdə halal insanlar mövcud olur, bəzən onların sayı az olur, bəzən çox. Amma belələri heç bir halda öz insanlığını, öz vicdanını itirmir, beş-on manat artıq qazanmaq üçün insanları, körpələri zəhərlərmirlər. Acından ölərlər, amma bunu etməzlər.

Mən bir tənqidçi jurnalist kimi, bütün yazılarımda həmişə problemləri göstərir, məsul hökumət orqanlarını, istehsalçı şirkətləri tənqid edirəm, çalışıram həmişə sadə xalqın tərəfindən çıxış edəm. Lakin insanlarımız da gərək özləri vicdanlı, düzgün, ədalətli olsunlar ki, başqalarından da bunu tələb etməyə üzləri olsun. Qidamıza haram qatmayaq, bir-birimizi aldadıb zəhərləməyək, Yaradanın bəxş etdiyi nemətləri təbii və sağlam şəkildə hazırlayıb başqalarına təqdim edək.

Bunu etməmək üçün heç bir bəhanə yoxdur və ola da bilməz. Sadəcə, insan olmaq kifayəfdir. Əsl insan öz ruzisini halal zəhməti, vicdanı ilə qazanmalıdır. Özü də halal çörək yeməlidir, başqalarına da halal məhsul yedirtməlidir. Hərdən, “bu çətin zəmanədə halal insan necə ola bilər” deyə soruşurlar. Cavab çox sadədir.

Əminə xala kimi...

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” istiqaməti çərçivəsində hazırlanıb

Digər xəbərlər