PDF Oxu

Köşə

  • 2 321

Parlament seçkiləri onsuz da yıpraşmış müxalifəti pərən-pərən salacaq

image

Ənənəvi müxalifətin qarşıdan gələn parlament seçkilərinə hansı formada və hansı birlikdə qatılacağına dair suallara dəqiq cavab vermək çətindir. Halbuki bu kimi məsələlərə elə indidən aydınlıq gətirilməli idi. Görünən odur ki, müxalifət astagəlliyini davam etdirir, proseslərin fəal müstəviyə keçid alması yönündə konkret addımların atılmasına maraq göstərmir. Belə təşəbbüslərdə bulunanlara isə bəzi partiyalar əngəl yaratmağa çalışır. Qeyd edək ki, bu gün siyasi arenada cərəyan edən prosesləri təhlil etdikdən sonra belə qənaətə gəlmək olar ki, yaxın illərdə arzulanan birlik formatının reallığa çevriləcəyini gözləməyə dəyməz. Çünki bunun üçün əlverişli şanslar artıq demək olar ki, əldən verilib. Söhbət sözsüz ki, bütövlükdə demokratik qüvvələrin, qeyri-hökumət təşkilatlarının, hüquq-müdafiə qurumlarının, ziyalıların, ictimai xadimlərin birliyindən gedir. Əslində, bu, ümumən cəmiyyətin istəyidir. Belə bir güc mərkəzinin yaradılmasına heç də bütün müxalifət partiyaları maraq göstərmir. Arzulanan birliyin yaranma ehtimalı tamamilə ortadan götürüləndən sonra isə heç olmasa bir neçə aparıcı qüvvənin bir araya gəlməsi barədə müxtəlif fikirlər meydana gəldi, yaranmış situasiyada daha optimal hesab oluna biləcək formatlarla bağlı müxtəlif variantlar mətbuatda müzakirə olunmağa başladı. Hətta siyasi qüvvələr arasında konkret təkliflər ətrafında müzakirələr də aparıldı. Amma təəssüf ki, bu yöndə də hələlik müsbət nəticələr əldə olunmayıb. Elə bu səbəbdən də artıq bəzi iddiaçılar müstəqil qərarlar qəbul etməyin vaxtı çatdığına dair bəyanatlar səsləndirirlər. Həqiqətən də artıq siyasi qüvvələrin hamısının mövqeyinə aydınlıq gətirilməlidir. Yəni hər ötən gün əslində müxalifətin itirdiyi gün kimi qiymətləndirilməlidir. Lakin müxalifət qızmar yayın olmasına baxmayaraq, hələ də "qış yuxusu"ndan ayılmaq istəmir. Fəallıq göstərənlərin isə ortaya bir nəticə qoya bilməməsi üçün müxtəlif maneələr yaradılır. Yəni köhnə mərəz hələ də bəzi "liderlər"in canından çıxmayıb. Özləri bir yaralı barmağa məlhəm qoya bilmirlər, siyasi səhnədə müəyyən mənada fəallıq göstərməyə, qüvvələri bir araya gətirməyə, düşərgənin 2015-ci ilin noyabr ayında baş tutacaq parlament seçkilərində pərakəndə şəkildə iştirak etməməsi üçün vahid təşkilatdan ibarət ittifaqın yaradılmasına çalışanların fəaliyyətinə də kölgə salmağa cəhd edir, xoşagəlməz fikirlər səsləndirir, özlərindən başqa kiminsə önə çıxa biləcəyindən ehtiyatlanaraq təşəbbüsləri boğmağa can atırlar. Əslində, müxalifətə başqa bir düşmən lazım deyil. Çünki düşərgə təmsilçiləri özləri özlərinə ən ağır zərbəni endirirlər. Müxalifətin içində elələri var ki, onlar öz əməllərilə düşərgəyə daha çox zərbə vururlar. Bəs kimdir onlar? Əlbəttə ki, düşərgəyə 2005-ci ildən sonra ən ciddi zərbəni Müsavat başqanı vurub. Artıq siyasi təşkilatların müstəqil və konkret qərarlar qəbul etməsinin vaxtı çatdığı kimi, düşərgənin zəif duruma salınmasında müstəsna xidmətlər göstərmiş siyasətçilərin də kənara itələnməsinin vaxtıdır.

Elçibəy hakimiyyətini də Surət Hüseynovun tankları deyil, məhz İsa Qəmbərin komandasının xəyanəti yıxdı. İsa Qəmbər imkan vermədi ki, Elçibəy öz komandası daxilində söz sahibinə çevrilsin. Çünki o, daim Elçibəyin yerində özünü görürdü... Maraqlıdır, bəs müxalifət indi niyə birləşə bilmir? Əslində, bu sualın cavabı olduqca sadədir. Buna yalnız İsa Qəmbər deyil, eləcə də AXCP sədri Əli Kərimli imkan vermir. Onların məkrli niyyətləri üzündəndir ki, bu gün düşərgə toparlana, qüvvələri səfərbər edə, vahid bir komanda kimi seçkilərə hazırlaşa bilmir. Şəxsi ambisiyalar o qədər yüksəkdir ki, o, müxalifət "liderlərindən" hansısa birinin özündən irəli getməsilə razılaşa bilməz. Özünün seçilmək, önə çıxmaq imkanları isə yox dərəcəsindədir. Nəyə qadir olduğunu 2003-cü ildə o qədər qabarıq şəkildə nümayiş etdirdi ki, indi bu ölkədə İsa Qəmbərin, ya da Əli Kərimlinin nə vaxtsa prezident ola biləcəyinə heç kəs inanmır, bundan sonra da belə olacaq. Onların yaxın ətrafı da artıq bu barədə götür-qoy edir. Onlar da görürlər ki, İsa Qəmbər və Əli Kərimlidən "lider" çıxa bilməz. Lakin bu cütlük hələ də elə zənn edir ki, narazı elektoratın böyük bir hissəsi məhz onları dəstəkləyir. Əgər bu siyasi ölülər həqiqətən də bu cür düşünürsə, deməli, böyük yanlışlığa yol verirlər. Çünki onlar artıq sadə vətəndaşların, daha dəqiq desək, müxalif yönümlü insanların böyük bir qismi üçün siyasi cəhətdən sanki ölüdür. Ölünün isə dirilməsi heç cür mümkün deyil.