Köşə

  • 3 218

Səngiməyən İran məsələsi KÖŞƏ

image

İran fars rejimi buynuzunu türkün çomağına sürtməkdə davam edir. Azərbaycanın həm siyasiləri, həm ictimai fəalları da mövzu ilə bağlı davamlı fikirlərini səsləndirməkdədirlər. Nələr baş verir? Bu söz davası sonda necə nəticələnə bilər? Tarix açmaq istəmirəm. Ancaq həm farslara, həm indi İran adlanan ölkədə yaşayan, farslar tərəfindən manqurtlaşdırılmış sapı özümüzdən olan baltalara, həm də içimizdəki xurafat qurbanlarına qısa bir xatırlatmaya ehtiyac görürəm. İndi İran adlanan bu ölkənin tarixini bilməyənlərə və ya bilib bilməməzliyə vuranlara bu xatırlatmalar hava, su qədər vacibdir. Çox qədimlərə getmirəm. Eramızın 10-cu əsrindən 1920-ci illərə qədər, yəni min illik bir dövr ərzində bu ölkəni idarə edən bir fars hökmdar adı kimsə çəkə bilərmi? Böyük Səlcuqlardan başlamış Ağqoyunlu, Qaraqoyunlu, Səfəvi, Əfşar, Qacar dövlətlərinin hamısı türk dövlətləri deyilmi? Ötən əsrin əvvəllərindən başlayaraq bəzi dünya güclərinin anti-türk siyasətinin tərkib hissələrindən biri də İrandakı türk hakimiyyətinə son qoyub fars hakimiyyəti yaratmaq oldu və nə yazıqlar ki, buna nail oldular. Səttar xanı, Bağır xanı, Şeyx Məhəmməd Xiyabanini fiziki məhv edərək, bu ölkədə demokratik, sivil bir dövlətin yaradılmasına mane olan bu güclər bununla sübut etdilər ki, onlara demokratiyadan daha çox türk dünyasını parçalamaq siyasəti öndədir. Hətta hakimiyyətə gətirmək üçün onlara vassallıq edəcək bir zatlı, köklü adam tapmadıqlarından Hollandiya və İngiltərə səfirlərinin atlarına qulluq edən, əsil şəcərə soyadı Palani olan mehtər Rza adlı birini Rza Şah Pəhləvi adı ilə taxta çıxardılar. 1940-cı illərdə Seyid Pişəvərinin rəhbərliyi altında yenidən haqqını tələb edən İranda yaşayan türklərə tutulan divan da unudulmayıb. Nəhayət 1970-ci illərdə şah rejiminə qarşı ayağa qalxan İran türkləri öz işərilərindən seçdikləri Bəxtiyar adlı Azərbaycan türkünün hakimiyyətdə qalmasına, yenə avropanın “demokratiya” (?) aşiqlərinin köməyi ilə Ayətullah Xomeyni imkan vermədi və yenə bu ölkəni farslaşdırdılar. Damarlarında türk qanı axan hər kəs yaxşı anlayır ki, qərbin bu siyasətinin bir məqsədi var, o da Böyük Turan ərazisinin birləşməsinə mane olmaq! Ermənistan adlanan qondarma dövləti də məhz bu məqsədlə yaratdılar qədim Azərbaycan torpaqlarında. Belə olduğu surətdə farslarla ermənilərin türklərə münasibətindəki eyniliyin mahiyyəti aydın olmurmu? Bu gün İran əhalisinin təxminən yarısı türklərdən ibarətdir. Halbuki İranın hakim xalqı olan farsların nüfuzu bütün əhalinin 30-35 faizini təşkil edir. Bu gün İran adlanan məmləkətin bir milyon kvadrat kilometrdən çox olan ərazisinin 20-25 faizi tarixən farsların yaşadığı ərazi olduğu halda, bu ərazilərin 60-65 faizi tarixən türklərin yaşadığı yurd yerləridir. Bütün bunlar həm tarixi ədalət, həm də müasir beynəlxalq hüquq baxımından bu ölkənin əsas xalqı kimi türklərin tanınmalı olduğu iddiasına tam əsas verir. Lakin Azərbaycan müstəqilliyini əldə etdikdən ötən otuz il ərzində İran adlanan ölkəyə hər zaman xoş məram nümayiş etdirməsinə rəğmən, qarşı tərəfdən adekvat reaksiya görmür. Əksinə, Azərbaycan torpaqlarını işğal edən, məscidləri, müsəlman qəbirstanlıqlarını dağıdan, müsəlmanları özünə düşmən elan edən (ermənilər heç vaxt erməni-türk davası adlandırmırlar bu davanı, hər zaman erməni-müsəlman savaşı kimi təqdim edirlər dünyaya), müsəlman məscidlərində donuz saxlayan ermənilərə həm maddi, həm mənəvi, həm də hərbi dəstək verməyə davam etdilər. 44 günlük Vətən Müharibəsində əldə olunan tarixi zəfərdən sonrakı dövrdə bu ölkənin hakimiyyət dairələrinin sərgilədikləri mövqe isə, necə deyərlər, nə yerə sığandı, nə də göyə. Bütün bunlar artıq səbr kasası dolan quzey Azərbaycan türklərini adekvat cavablar verməyə vadar etdi. Və məni narahat edən isə odur ki, bizim bəzi siyasilərimiz, ictimai fəallarımız, fikir adamlarımız ya populizmə yuvarlanaraq, ya da hansısa qüvvələrdən aldıqları sifarişləri yerinə yetirmək üçün bəzi deyilməməli fikirləri efirlərdə, sosial şəbəkələrdə səsləndirirlər. Belə çıxışlarla həmin adamlar düşməni gələcək strategiya ilə bağlı ya oyaq salırlar, ya da düşmənin əlinə bizə qarşı daha aqressiv çıxışlar etmələri üçün əsas verirlər. Nəticədə, haqlı olduğumuz halda haqsız duruma düşürük. Şəxsən mənim qətiyyən şübhəm yoxdur ki, yenə qərbin müəyyən dairələri fars rejimini qışqırdır. Yenə hansısa məkrli bir plan hazırlanır. O tayda yaşayan 35 milyonluq türk əhalini də zor durumda buraxmış olmağımızı da nəzərə alsaq, hesab edirəm ki, İranla bağlı danışanlar çıxışlarında müəyyən korrektələr etməlidirlər. Qaş düzəltmək istədiyimiz halda gözü tökməmək üçün daha ciddi və daha ağıllı siyasəti anlamalı və ona uyğun çıxışlar etməliyik. Səhvəm, düzəm, bilmirəm, amma mən belə anlayıram!

Təhmasib

Digər xəbərlər