PDF Oxu

Mədəniyyət

  • 7 048

Heydər Əliyev obrazı ilmələrin gözü ilə

image

Milli atributlarımızdan danışarkən tariximizi özündə əks etdirən, göz oxşayan xalçalarımız da xüsusi qeyd olunur. Azərbaycan xalçaları dünyanın milli sənət nümunələri içərisində öz xalqının həyat tərzini, adət-ənənələrini, görkəmli şəxsiyyətlərini ilmələrlə tərənnüm edən ən gözəl incilərdəndir. Bu mənada Qarabağ, Gəncə xalçaları ən möhtəşəm dünya sərgilərində, muzeylərində nümayiş olunaraq daim Ölkəmizin də mühüm təbliğat amillərindən olub. Bu yüksək əhəmiyyətli sənəti yəni xalçaçılığı və ümumiyyətlə, tikmə sənətini Ulu öndərimiz Heydər Əliyev də yüksək qiymətləndirib və onun inkişafına xüsusi diqqət ayırıb. Məhz Ulu öndərin təşəbbüsü və sərəncamı ilə Azərbaycanda Xalça Muzeyi yaradılıb. Bununla da qədim xalçaçılıq sənəti müasir dövrün də sənət meyarları ilə qovuşaraq daha mükəmməl inkişaf yoluna qədəm qoyub.

Odur ki, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi çərçivəsində “Heydər Əliyev obrazı ilmələrin gözü ilə” adlı tədbirin keçirilməsi də məhz bu sahədə Ulu öndərin xidmətlərinin bir daha bugünkü nəslə çatdırılması və ilmələrdə Heydər Əliyev obrazının tərənnümü ilə bağlıdır.

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin təşkilatçığı ilə Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi çərçivəsində bu yaxınlarda “Nur Art House” Xalça Qalereyasında “Heydər Əliyev obrazı ilmələrin gözü ilə” adlı tədbirdə peşəkarlar mövzu ilə bağlı maraqlı çıxışlar edib və Ulu öndərin obrazını xalça və tikmələrdə əks etdirən çox gözəl sənət nümunələri təqdim etdilər.

Tədbiri giriş sözü ilə açan “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, “Qızıl qələm”, “Heydər zirvəsi” və digər mükafatların laureatı Səadət Təhmirazqızı “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi çərçivəsində keçirilən tədbirlərdən danışaraq iştirakçıları layihə ilə ətraflı şəkildə tanış etdi. Sonra söz Azərbaycan tətbiqi sənət nümunələrinin dərin tədqiqatçısı olan sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyevaya söz verildi. Kübra xanım Ulu öndərin xalça sənətinə və xalçaçılara olan qayğısından, diqqətindən söhbət açaraq, onunla bağlı öz xatirələrini də yada saldı. Kübra xanım Heydər Əliyev obrazını xalçalarda əks etdirən sənətkarlar haqqında da danışıb, onların öz çıxışında əsərlərinin təhlilinə də geniş yer verdi. O, Lətif Kərimovun bu işdə xidmətlərini xüsusi vurğuladı.

Tədbirdə Nazilə Əbilova, Tahir Məcidov, Esmira Musayeva, Mehriban Kərimova və Elşən Hüseynovun əsərləri nümayiş olundu. Eyni zamanda, gənclərin də mövzuya dair rəsm və tikmələrdən ibarət sərgisi təşkil olunmuşdu.

Tədbirin ən maraqlı əsərlərindən biri də Əməkdar rəssam Adil Şıxəliyevin Heydər Əliyev obrazını ilmələrdə əks etdirən qobileni idi. Bu irihəcmli əsərin hər ilməsində sanki Ulu öndərin – “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamından doğan Heydər Əliyev və Azərbaycan obrazı canlanır. Adil müəllim və digər sənətkarlar nümayiş olunan əsərlərinin yaranması barədə öz fikir və xatirələrini söylədilər.

Tədbirin sonunda sənətkarlara – “İrsimizin tədqiqi və təbliği” İctimai Birliyinin diplom və sertifikatları təqdim olunub, uzun illər Azərbaycan xalça sənətinin təbliğində və inkişafında xidmətləri olan “Nur Art House” Xalça Qalereyasının rəhbəri Roza xanım Tağıyevaya təşkilat adından təşəkkürnamə təqdim olundu.

Fidan Nəsirova-Əhmədova

Üzeyir Hacıbəyov adına BMA-nın elmi laboratoriyasının elmi işçisi

Digər xəbərlər