“Hər bir xalqın tarixində onun mədəniyyətini formalaşdıran, sivilizasiya yolunun müxtəlif mərhələlərini təşkil edən kultural, mədəni mərhələ olur. Bunlar Azərbaycanda da, digər ölkələrdə də baş verib”. Bu sözləri SİA-ya açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Prezident təqaüdcüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib. Kulturoloq bildirib ki, Azərbaycan dünyanın elə bir yerində yerləşir ki, burada müxtəlif mədəniyyətlərin izlərini görürük: “Qədim zamanlardan bəri bu ərazilərdə Yunan, Roma, Fars, Ərəb, Monqol, Türk izləri var. Yaradılan dəyərlər müxtəlif mədəniyyətlərin izi kimi Azərbaycanın coğrafiyasında öz əksini tapır.
Ərazilərimizdə yerli türk xalqının yaratmış olduğu bir neçə mədəni qat var. Bu mədəni qatlar yerli türklərlə yanaşı, gəlmə türklərin də rənglərdir ki, bunlar da mədəniyyətimizin formalaşmasına öz təsirini göstərib. Bu mətbəxdə, davranışda, ictimai normalar və mədəni etnik dəyərlərdə də belədir. Buna görə də bu müxtəliflik mədəniyyət fərqliliyini ortaya qoyur. Bu da toplumun böyüklüyünə dəlalət edir. Bütün sadalanan fərqliliklər isə bütövlükdə ölkənin ayrı-ayrı yerləri arasında mədəni fərqləri ortaya qoyur”.
Müəllif: Səbinə Hüseynli