Mədəniyyət

  • 4 833

Azərbaycanda insanların kinoteatrlara getmək həvəsi nə dərəcədədir? - ŞƏHƏR SAKİNLƏRİ ARASINDA SORĞU

image

Kinoteatrlar kinofilmlərin göstərildiyi ictimai binalardır. Bəs, Azərbaycanda insanların kinoteatrlara getmək həvəsi nə dərəcədədir? SİA bu mövzuda paytaxt sakinləri arasında sorğu keçirib.

Şəhər sakini Şərmin Nəzərova: “Mən daha çox teatra gedirəm. Opera və Balet Teatrında tez-tez oluram. Əvvəllər Kukla Teatrında olmuşam. Sonuncu dəfə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrına getmişəm.

Opera və Balet Teatrında Yusif Qasımovun 75 illik yubileyi keçirilmişdi. Tədbirdə iştirak etmişdim. Çox maraqlı idi. Xalq artisti Təranə Muradovanı tanıyıram. Xoreoqrafiyada oxuduğum üçün aktyorları yox, aktrisaları daha çox tanıyıram.

Azərbaycan filmlərini isə, düzünü desəm, bəyənmirəm. Daha çox xarici filmlərə marağım var".

Şəhər sakini Aytac Cəbiyeva: “Kinoteatrlara getmirəm. Marağım var, amma hələlik, dəvət edən də olmayıb. Tək getmək maraqsız olardı.

Ümumiyyətlə, filmlər mənə motivasiya verir. Həyat daha da maraqlı gəlir. Onların həyatlarını bəzən özümə nümunə götürürəm".

Şəhər sakini Ədalət Mustafazadə: “Bəli, getmişəm. Tələbə olduğum üçün dərslərdən çox da vaxtım olmur, amma sevirəm. Tək maraqlı olmadığı üçün, əlavə bir nəfərlə getməyə üstünlük verərəm. Belə daha zövqlü olur. Hər kəsə də getməyi tövsiyə edərəm.

Sevdiyim hər hansı film yoxdur. Bu barədə fikirləşməmişəm. Dərslərə görə vaxt məhdudiyyətim olur”.

Şəhər sakini Fatimə Əhmədova: “Sonuncu dəfə valideynimlə “Toydan bir gün əvvəl” tamaşasına getmişəm. Filmdənsə, teatra getməyi bəzən daha üstün tuturam. Filmlərdən “Bizim Cəbiş müəllim”, “Otel otağı”nı izləmişəm. Qədim Azərbaycan filmlərini isə teatrda izləmək xoş olardı.

Həftə sonları vaxtım olduqca gedə bilirəm. Məktəbli olduğum üçün məşğələlərdən çox da vaxt olmur. Amma valideynlərim də, mən də teatrı sevən insanlarıq. Vaxt olduqca getməyə çalışırıq".

Şəhər sakini Sadiq Məlikov: “Hələ ki, kinoteatrlara getməmişəm. Amma getmək fikrim var. Ya oğlan dostlarımla, ya da qız dostumla getmək istəyərəm. Dostlarımla atraksion, qız dostumla isə sevgi filminə getmək yaxşı olardı. Azərbaycan aktyorlarını çox da sevmirəm. Azərbaycan filmlərindən bəziləri yaxşıdır, bəzilərinə baxmamışam da.

Televiziyada “Vicdan haqqı”na baxırdım. Tələbə olduğum üçün vaxt edib baxa bilmirəm. Uşaq ikən baxırdım.”

Şəhər sakini Fərhad Məhəmmədov: “Kinoteatrlara getmirəm. Çünki hər şeyə evdə telefonla, kompüterlə rahat baxmaq olar. Kinoteatrlara getmək üçün isə vaxt ayırmaq lazımdır.

Azərbaycan kinolarının səviyyəsi orta dərəcədədir. Ən sevdiyim film yoxdur, bəyəndiklərim var. Ancaq janrları deyə bilərəm".

Şəhər sakini Pərvanə Süleymanlı: “Kinoteatrlara getmirəm. Çünki vaxtımı uyğunlaşdıra bilmirəm. Televiziyadakı kinoların səviyyəsi çox aşağıdır. Yəqin ki, kinoteatrlarda yaxşı olar.

Azərbaycan filmlərindən isə “Uçurum” filminə baxmışam. Amma indi Azərbaycan filmlərini izləmirəm. Xarici filmlərə baxıram. Çox qarışıqdır, indi xatırlamıram".

Şəhər sakini Fatimə Kazımlı: “Kinoteatrlara getmirəm. Universitetdə müəllimlik ixtisasını oxuduğum üçün öz dərslərimi çatdıra bilmirəm deyə, belə şeylərə vaxt ayıra bilmirəm. Məncə, filmlərin səviyyəsi keçmişə baxanda indi aşağı səviyyədədir. Azərbaycan filmlərinə önəm verilmədiyi üçün kinoteatrlara gedən gənclərin sayı azdır. Daha çox məhəbbət mövzulu filmləri sevirəm. Son zamanlar isə milli kinolarımıza daha çox üstünlük vermək istəyirəm".

Şəhər sakini Rahidə Hacıyeva: “Kinoteatrlara gedirəm. Sonuncu dəfə yayda “Barbie” filminə getmişəm. O qədər də sevmədim, normal idi.

Keçmiş filmlərimizdən “Sehirli xalat”ı izləmişəm".

Ayşən Vəli

Digər xəbərlər