Mədəniyyət

  • 4 415

Antalya Teatrının tamaşası Azərbaycan səhnəsində - FOTOLAR

image

Yola saldığımız 2023-cü il Azərbaycan Teatr Xadimləri İttifaqının gördüyü işlərin ən maraqlı illərindən biri oldu. Belə ki, bu il Teatr Xadimləri İttifaqı “QONAQ TEATR” layihəsi ilə respublikamızın yubiley ili olan bir neçə teatrını Bakıya dəvət edib, onların maraqlı tamaşalarını paytaxt tamaşaçılarına göstərdilər. Hər bir tamaşa da böyük anşlaqla, coşqu ilə keçdi. Bir daha vurğulayım ki, bu teatrlar əsasən yubileyləri olan teatrlar idi. Və bir daha biz gördük ki, bölgələrdə fəaliyyət göstərən teatrlarımız yüksək peşəkarlıqla işləyir və bir-birindən maraqlı tamaşalara quruluş verirlər. Bu teatrlarda çox yaxşı aktyor ansambılı çalışır və çox istedadlı rejissorlar yüksək, peşəkar səviyyədə tamaşalara quruluş verirlər. Sadəcə bu teatrların tamaşaları Kütləvi İnformasiya Vasitələri nümayəndələri və televiziyalar vasitəsilə lazım olan səviyyədə işıqlandırılmalıdır. Əgər belə olsa, onda bölgələrimizdə teatrlara maraq çox artar.

Bu il biz həm də qardaş Türkiyənin Antalya Bələdiyyə Teatrını qonaq çərçivəsində Azərbaycana dəvət etmişdik. Belə ki, bu teatr 4 dekabr 2023-cü il tarixində saat 19.00-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə "QONAQ TEATR" layihəsi çərçivəsində Antalya Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrı çox maraqlı və baxımlı pyes olan Pərvin Ünalpın "Gecikənlər" ("Gec kalanlar") tamaşasını Bakı tamaşaçılarına təqdim etdilər. Bu, maraqlı tamaşanın quruluşçu rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Nofəl Vəliyevdir. Tamaşa Antalya Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrının 40 illik yubileyi münasibəti ilə Teatr Xadimlər İttifaqının səhnəsində göstərildi. Tamaşadan sonra Azərbaycan Teatr Xadimlər İttifaqı sədrinin əvəzi, Xalq artisti, Prezidentin Fərdi Rəqaüdçüsü, “Şöhrət” ordenli Hacı İsmayılovun rəhbərliyilə mükafatlandırma mərasimi oldu. Eləcə də bu tamaşa ilə əlaqədar 5 dekabr 2023-cü il tarixində saat 14.00-da Azərbaycan Teatr Xadimləri İttifaqında mətbuat konfransı keçirildi. Mətbuat konfransında iştirak edən Azərbaycan sənətçiləri teatr və tamaşa, aktyorların peşəkarlığı haqqında çox maraqlı fikirlər dedilər. Həm də bir rejissor kimi bu tamaşanı Nofəl Vəliyevin ən böyük uğuru kimi dəyərləndirdilər.
Mən istəyirəm ki, çoxminli oxuculara Antalya Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrı haqqında bir qədər geniş məlumat verim. İnanıram ki, oxucular üçün də maraqlı olacaq.
Bu teatr 1983-cü ildən öncə bir çox teatr əməkçisinin fəaliyyəti ilə yaranıb. Yəni həmin vaxta qədər teatr bir neçə il fəaliyyət göstərib. Amma, fəqət professional olaraq fəaliyyətə 1983-cü ildə başlayıb. Bu il isə teatr 40 illik yubileyini qeyd edib. 2016-cı ilin əvvəlində də Antalya şəhər Bələdiyyə Teatrı adını alıb.
Bu teatrın repertuarında Avropa və dünya dramaturqlarının çoxlu maraqlı əsərləri var.

Bunlardan "Nobel" mükafatı laureatı Slavomir Mrojekin “Polislər” (rejissor Murat Karasu), Laurent Baffienin “Vəsvəsələr" (rejissor Dəniz Hamzaoğlu), Hans Kristian Andersenin “Kralın təzə libası” eyni adlı əsəri əsasında hazırlanmış “İnsan var libas yox, libas var insan yox“ (rejissor Jacques Matias və Mehmet Özgür), Maurisio Yöndetinin “ Teatr makinası” ( rejissor Mehmet Özgür) və bir çox başqa yazarların əsərlərindən ibarət tamaşalar Türkiyə tamaşaçılarının sevə-sevə baxdığı tamaşalardır. Ümumiyyətlə, bu teatr qardaş Türkiyədə ən maraqla qarşılanan teatrlardan biridir.

Antalya şəhər Bələdiyyə Teatrı üç bölümdən ibarətdir. Böyük, uşaq - gənclər və kukla teatrı. Ümumən hal -hazırda repertuarda 15-16 tamaşa var. Burada 45-50 nəfərdən ibarət aktyor heyəti çalışır. Teatrda aktyor, rejissor, texniki və musiqi, idarə heyətilə bərabər ümumilikdə 135 nəfər işləyir.

Bu gəliş Antalya Teatrının Azərbaycana ilk gəlişi idi. Bu il Azərbaycan peşəkar Teatrının 150 illiyi ilə əlaqədar Azərbaycan Teatr Xadimləri İttifaqının dəvətilə “QONAQ TEATR” layihəsi çərçivəsində Antalya teatrının da 40 illik yubileyi münasibətilə həmin teatr Azərbaycana dəvət olundu. Bu xeyirxah işdə tamaşanın quruluşçu rejissoru Nofəl Vəliyevin də xidməti oldu.

Beləliklə, Azərbaycan Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının “QONAQ TEATR” layihəsi çərçivəsində iştirak etmək üçün onlar ölkəmizə təşrif buyurdular. Onlar Teatr Xadimləri İttifaqının səhnəsində iki gün Pərvin Ünalpın "Gecikənlər" tamaşasını oynadılar. Hər iki tamaşa böyük anşlaqla keçdi.
Teatrın yaradıcı kollektivi həm də Nofəl bəyin Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində quruluş verdiyi Jan Anuyun “ Antiqona” tamaşasının məşqlərinə baxdılar. Tamaşa xoşlarına gəlib.

Onu da vurğulamaq istəyirik ki, Antalya Bələdiyyə Teatrında oynanılan Pərvin Ünalpın “Gecikənlər” tamaşasına Nofəl Vəliyev 2014-cü ildə quruluş verib. Həmin tamaşa bu gün də teatrın repertuarında ən önəmli yerlərdən birini tutur. Belə ki, bu tamaşa 10 ildir Antalya Şəhər Teatrının repertuarındadır. Bütün bu illərdə tamaşa 69 dəfə oynanılıb. Bu vaxta qədər tamaşaya 12900 tamaşaçı baxıb. Təkcə bu mövsümdə tamaşa 10 dəfə oynanılıb.

Antalya Teatrının rəhbərliyi bildirdi ki, onlar ilk dəfə Türkdilli ölkələrdən yalnız Azərbaycanda qastrolda olublar. Və vurğuladılar ki, “Təəsüf hələ başqa Türkdilli ölkələrdə olmamışıq. Mühüm tədbirlərlə əlaqədar çox getmək istəyərik. Yəni bu festival və ya teatr və incəsənətlə bağlı başqa bir tədbir olarsa dəvət edilsək təbii ki, getmək istəyərik. Amma gedə bilmək üçün teatrın içində bəzi bürokrat qaydalar var. Əgər Bələdiyyə sədri getməyimizə icazə verərsə gedə bilərik. Bunun üçün əvvəlcədən iki üç ay hazırlıq müddəti gərəkdir. Məktublaşmalar, icazələr, hazırlıq və sairə”.

Oxucular üçün maraqlı olduğunu bildiyimizə görə onu da vurğulayırıq ki, Antalya Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrında çalışan aktyorların hamısı ali təhsillidir. Onların hamısı Konservatoriya məzunudurlar. Belə ki, universitetlərin nəzdində olan Konservatoriyaların aktyorluq və ya səhnə sənətləri fakültəsini bitiriblər. Yəni bir başa teatrla bağlı olan bölmələrində təhsil alıblar. Bu, onların oynadığı tamaşadan və səhnə ustalığından da aydın görünürdü.

Beləliklə, 2023-cü il Azərbaycan Teatr Xadimləri İttifaqının ən məhsuldar illərindən biri oldu və bu ilə 40 illik yubileyi olan Antalya Böyük Şəhər Bələdiyyəsi Şəhər Teatrının oynadığı Pərvin Ünalpın "Gecikənlər" ("Gec kalanlar") tamaşası da Əməkdar artist Nofəl Vəliyevin quruluşunda bir tarixi hadisə kimi yazıldı.
Gələn il – 2024-cü ildə isə Azərbaycan Teatr Xadimləri İttifaqında daha maraqlı layihələr olacaq. İnanırıq ki, tamaşaçılar bizdən razı qalacaqlar.

Biz də öz növbəmizdə Dünya Azərbaycanlılarını Həmrəylik günü və Yeni il münasibətilə Qalib Xalq kimi təbriki edirik. Bu il bizim xaqlımız üçün həqiqətən də ən uğurlu il oldu. Belə ki, uzun illər həsrətində olduğumuz Qarabağın bütün bölgələrində artıq Azərbaycanın üçrəngli bayrağı dalğalanır.
Yaşasın Qalib Azərbaycan Xalqı! Yaşasın Ali Baş Komandanımız və qüdrətli, igid, cəsur ordumuz!

Aida QAFAROVA,
Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi

Digər xəbərlər