Mədəniyyət

  • 1 665

Teatr Xadimləri İttifaqının son uğurları TEATR

image

Keçmiş tarixə bir nəzər

Azərbaycan Teatr Xadimləri İttifaqı Qafqazın ən qocaman yaradıcılıq təşkilatlarından biridir. 1897-ci ildə “Artistlər İttifaqı” adı ilə yaradılan bu təşkilat, 1917-ci ildən “Müsəlman Artistlər İttifaqı”, 1920-ci ildən “Türk Aktyorlar İttifaqı”, 1945-ci ildən “Azərbaycan Teatr Cəmiyyəti” kimi fəaliyyətini uğurla davam etdirib. 1987-ci ilin 27 fevral tarixli təsis Konfransının qərarı ilə “Azərbaycan Teatr Xadimləri İttifaqı” adlandırılıb. Belə ki, həmin vaxtlar Sovetlər Birliyində olan bütün teatral cəmiyyətlər, İttifaq adlandırılmağa başlanıldı. Yadımdadır ki, bununla bağlı hətta düya şöhrətli məşhur teatr xadimlərinin çox böyük müzakirələri də gedirdi. Bu təşkilatın İttifaq olmasını dəstəyənlər daha çox idi. Mən də bu haqda mətbuatda yazmışdım və televiziya çıxışımda İttifaq olmasını dəstəkləmişdim. Azərbaycanda da həmin vaxtı bu İttifaqın sədri SSRİ Xalq artisti, çox xeyirxah insan Lütfiyar İmanov oldu. O vaxtlar mən Ağdam Dövlət Dram Teatrının baş rejissoru və direktoru idim. Elə o vaxtdan bizim bu İttifaqla sıx əlaqələrimiz başladı.... Yarandığı ilk günlərdən bu təşkilat özünün zəngin tarixi boyu bir məqsədə - Milli Teatr sənətimizin inkişafına və təbliğinə xidmət edib.Şərəfli inkişaf yolu keçmiş Teatr Xadimləri İttifaqına Azərbaycanın müqtədir sənətkarları başçılıq edib, onların zəngin təcrübəsi və uğurlu rəhbərliyi ilə bu təşkilkatda işlər dövrün tələblərinə uyğun qurulub. Mustafa Mərdanovun, Mehdi Məmmədovun, Şəmsi Bədəlbəylinin bu Cəmiyyətə rəhbərlik etdikləri vaxtlarda da burada işlər yaxşı gedib.Ötən əsrin 50-ci illərindən etibarən teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşan qurum bu gün ölkədaxili tədbirlərlə yanaşı, beynəlxalq münasibətlər sahəsində də zəngin təcrübəyə malikdir. Teatr prosesinin daha da fəallaşmasına yaradıcı təsir göstərən layihələrin həyata keçirilməsi, mədəniyyətlə bağlı dövlət qurumları, yaradıcılıq birlikləri və ittifaqları, elm və təhsil ocaqları ilə mövcud qanunvericilik əsasında əlaqələr, gənclərlə iş, yubileylərin, konfransların, anım günlərinin keçirilməsi, böyük və kiçik səhnələrdə tamaşalar hazırlanması və sairə maraqlı istiqamətlərdə fəaliyyət göstərən Teatr Xadimləri İttifaqı bu gün də öz işini uğurla davam etdirir, ölkə daxili tədbirlərlə yanaşı, milli teatr sənətimizin Azərbaycanın hüdudlarından kənarda da təmsil olunması üçün yorulmadan və var qüvvəsilə çalışır.Mənim bu təşkilatla tanışlığım 1971-ci ildən başlayır. Belə ki, həmin il mən Azərbaycan Dövlət İncəsənət İnstitutunun darm və kino aktyorluğu fakültəsinə ( SSRİ Xalq artisti Mehdi Məmmədovun sinifinə) qəbul olmuşdum. Sənət dərslərimiz həmin vaxtı Teatr Cəmiyyəti adlanan bu binada keçirdi. Çünki Mehdi Məmmədov bu cəmiyyətin sədri idi və bizimlə də sənət dərslərini burada kiçik səhnədə keçirdi. Sözsüz, sözlü etüdləri, tamaşalardan parçaları və tamaşalarımızı böyük səhnədə göstərirdik....

Teatr Xadimləri İttifaqının Həsənağa Turabov dövrü

Sonra mən artıq teatrlarda aktyor, rejissor və teatr rəhbəri olanda bu təşkilatla sıx əlaqə saxlayırdıq. Hətta bu təşkilatın adı və maliyyə dəstəyilə MDB məkanında keçirilən tədbirlərdə və festivallarda jürinin üzvü kimi də iştirak edirdim.Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rəhbəri və direktoru işləyəndə 1990-cı ildə, xalqın sevimli aktyoru, Xalq artisti, çox maraqlı şəxsiyyət Həsənağa Turabov Azərbaycan Teatr Xadimləri İttifaqının prezidenti seçilən vaxtı, Azər Paşa Nemətov sədr, Bala Qasımov, Qəzənfər Topçiyev, Lyudmila Duxovnaya, Yaşar Nuriyev, Kamal Aslanov və mən katib seçildik. Həmin illərdə biz Teatr Xadimləri İttifaqı üçün çox böyük işlər gördük. O vaxtlar Həsənağa Turabovun respublikada hörməti çox böyük idi və demək olar ki, məmləkətimizdə olan imkanlı təşkilatlar Həsənağa müəllimə görə Teatr Xadimləri İttifaqına çox böyük maliyyə köməklikləri eləyirdilər. Hətta həmin vaxtı teatr xadimləri üçün istirahət evi də tikdirmək istəyirdik. Bu müqəddəs işin başlanğıcını da Lütfiyar İmanov qoymuşdu. Hətta bununla bağlı layihə də hazırlatdırmışdıq. Amma yüksək rütbəli məmurlar bu müqəddəs işi reallaşdırmağa imkan vermədilər... Amma Azərbaycanın bölgələrində olan bütün teatrları burada, Abbas Mirzə Şərifzadə adına Aktyor evinin səhnəsində tamaşalar oynamağa dəvət elədik. Klassik və mono tamaşalar festivalları və hətta beynəlxalq səviyyəli festivallar da keçirdik. “Qızıl Dərviş” və başqa mükafatları təsis elədik. Orada olduğum təxminən on il müddətində Teatr Xadimlər İttifaqı bütün yaradıcı heyyətlər üçün ən doğma, əziz bir ev oldu. Müqtədir aktyorlardan, aktrisalardan tutmuş, müasirlərə qədər üzdə olan bütün sənətkarların yubileylərini çox təntənəli səviyyədə keçirtdik.

Həsənağa Turabov haqq dünyasına qovuşandan sonra bu təşkilata Xalq artisti Azər Paşa Nemətov sədr kimi rəhbərlik elədi. Həsənağa Turabovun qurduğu işi o da yüksək səviyyədə aparırdı. Və ətrafına da teatr sənətini yaxşı bilən, respublikada tanınan insanları toplamışdı. Onlar da Azər Paşa Nemətova çox yaxşı köməklik edirdilər. Elə Xalq artisti, Dövlət Mükafatı laureatı, Prezidentin Fərdi Təqaüdçüsü, xalqımızın sevimli aktyoru Hacı İsmayılovun yaradıcılıq işləri üzrə birinci müavin seçilməsi buna əyani sübut idi. Çünki Hacı İsmayılovda yaxşı təşkilatçılıq və natiqkik qabiliyyətinin olması, insanlarla tez dil tapmaq, xasiyyətindəki mehribançılıq, səmimilik, kindən, paxıllıqdan uzaq olması yaradıcı insanları Teatr Xadimlər İttifaqına daha yaxın etdi. Məhz buna görə də son beş ildə burada işlər daha böyük uğurla getdi.

Son beş ildə görülən işlər

Ona görə də bu yazımda Teatr Xadimləri İttifaqının zəngin və çoxşaxəli fəaliyyətinin son 5 ilini əhatə edən dövrü barədə çoxminli oxuculara məlumat vermək məqsədi ilə 14-cü Konfransdan sonra keçirilən tədbirlərin siyahısına sizinlə birlikdə nəzər salmaq istəyirəm. Siz də görəcəksiniz ki, bu İttifaq və burada çalışanlar həqiqətən də Azərbaycan teatr xadimləri və teatrları üçün necə böyük işlər görüblər.

Beləliklə, 2019-cu ildə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə Milli Dram Teatrına Dövlət statusu verilməsinin 100 illiyi münasibəti ilə tədbir böyük tarixi hadisə oldu. Bu tədbirin davam isə respublika teatrlarında keçirildi.

Həmin ilin 7 noyabr tarixində Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Bakı şəhəri, Həzi Aslanov adına 175 saylı orta məktəbin şagirlərinin ifasında görkəmli Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir də tamaşaçılar tərəfindən maraqla qarşılandı. 1-10 dekabr tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “2+1” Üçüncü Eksperimental Teatr Festivalı keçirildi və qaliblər mükafatlandırıldı. 14 dekabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə “Müasir Gənclər Şəbəkəsi” tərəfindən “Milli mənəvi dəyərlərimizi gələcəyimiz naminə qoruyaq” adlı layihə çərçivəsində “Ocaq” qısametrajlı filminin təqdimatı oldu. 20 dekabr tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə teatr tarixinin təbliğində əvəzsiz xidmətləri olan teatrşünas-alim, hamımızın böyük hörmət etdiyi Məmmədşah Atayevin 80 illiyinə həsr olunmuş xatirə gecəsi indi də mənim yadımdadır. 21 dekabr tarixində Teatr Xadimləri İttifaqının təşkilati dəstəyi ilə “Günay” Uşaq Teatrının hazırladığı Azərbaycanın dahi şairi İmaddədin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir yüksək səviyyədə keçdi. Bu tədbir də həmin uşaqların yaddaşına əbədi həkk olundu.

2020-ci il də bu təşkilatın işi özünün maraqlı tədbirləri ilə yaddaşlarda qaldı. Belə ki, 28 yanvar tariximdə görkəmli sənətkar, Azərbaycan Respublikasının Əməkdar artisti, Dövlət mükafatı laureatı Səməndər Rzayevin 75 illiyinə həsr olunmuş xatirə gecəsi çox maraqlı keçirilib. 10 mart - Milli Teatr sənətinin inkişafındakı xidmətlərinə görə və 60 illik yubileyi ilə əlaqədar Lənkəran Dövlət Dram teatrının aktyoru, Əməkdar artist, mərhum Adil Ağakərim oğlu Zeynalovun Azərbaycan Teatr Xadimləri İttifaqının Fəxri Fərmanı ilə təltif olunması da əyalət teatr kollektivləri tərəfindən maraqla qarşılandı. 2020-ci ilin mart ayından başlayaraq dünyanı lərzəyə salan KOVİD-19 Pandemiya xəstəliyi vaxtı da bu İttifaq kənarda qalmadı. Belə ki, 25 mart tarixində Teatr Xadimləri İttifaqı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürməklə teatr mütəxəsisiləri tərəfindən hörmətlə qarşılandı. Bu dəhşətli xəstəlik bir neçə sevimli aktyorlarımızı, aktrisalarımızı haqq dünyalarına apardı. Teatr Xadimlər İttifaqı həmin ailələrə də baş çəkib maliyyə köməklikliyi elədi.

Həmin ilin sentyabr ayının 29-da Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətovun və teatr ictimaiyyətinin Azərbaycanın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə müraciəti teatr xadimləri tərəfindən maraqla qarşılandı və hamının qələbəyə inamını artırdı.

Əvvəldə yazdığım kimi 1990-cı illərdən Teatr Xadimlər İttifaqı MDB məkanında olan ölkələrlə sıx əlaqə saxlayırdı. Bunun davam olaraq, həmin ilin 1 oktyabr tarixində Gürcüstanın Lado Mesxişvili adına Kutaisi Dövlət Professional Dram Teatrının 160 illik yubileyi münasibəti ilə Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, professor Azər Paşa Nemətovun təbriki də maraqla qarşılandı.

Belə ki, Azər Paşa Nemətov təbrikində Kutaisi Teatrının Qafqazın qocaman teatrlarından biri olduğunu qeyd edib, onun keçdiyi zəngin inkişaf yolundan, bu yolda olan çətinliklərdən, uğurlardan, habelə Kutaisi Teatrının Azərbaycan səhnəsində çıxışından danışmışdı. Sonda o, Kutaisi teatrının bədii rəhbəri Konstantin Abaşidzeyə və teatrın kollektivinə yeni yaradıcılıq uğurları arzulamışdı.

Artıq ordumuz torpaqlarımızı erməni faşistlərindən azad etməklə, xalqımızda böyük ruh yüksəkliyi yaradırdılar. Təkcə təşkilatlar yox, həm də həmvətənlərimiz özləri imkanı daxilində Azərbaycan orusuna maliyyə yarımı edirdi. Həmin vaxtı Teatr Xadimlər İttifaql da bu müqəddəs işdə geridə qalmadı. 16 oktyabr tarixində Azərbaycan Teatr Xadimləri İttifaqı tərəfindən Silahlı Qüvələrə Yardım Fonduna vəsaitin köçürülməsi də teatr xadimləri tərəfindən maraqla qarşılandı.

2021-ci ilin 4 fevral tarixi yaddaşımızda Xalq artisti Əlabbas Qədirovun 75 illiyinə həsr olunmuş maraqlı xatirə gecəsi kimi qaldı. Azərbaycan Teatr Xadimlər İttifaqı bu maraqlı tədbiri, Azərbaycan Dövlət Teatr Muzeyi ilə birlikdə keçirtdi.

9 mart tarixində Xalq artisti Arif Quliyevə “QIZILGÜL” mükafatının təqdim olunması, 10 mart - Milli Teatr Günü münasibəti ilə təntənəli tədbir və mükafatlandırma mərasimi, 31 mart tariximdə Əməkdar artist Cəmilə Kərimovaya “Sənətkar” medalının təqdim olunması da yaddaşlarda qaldı. 12 aprel tarixində isə Şuşa Dövlət Musiqili -Dram Teatrının kollektivinə Fəxri fərmanların təqdim olunması, 29-30 aprel tarixində dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Sənsiz” bədii qiraət müsabiqəsi, 27 may - 28 may tarixlərində Respublika Günü münasibətilə bir qrup mədəniyyət xadiminə İttifaqının Fəxri fərmanlarının təqdim olunması, 14 iyulda “Mədəniyyətimiz – Tariximiz” silsiləsindən Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri Əbdürrəhim bəy Haqverdiyevə həsr olunmuş tədbir də tarixi hadisə kim yaddaşlarda qaldı.

14 iyulda Xalq artisti Cənnət Səlimovanın Azərbaycan Teatr Xadimləri İttifaqının “QIZILGÜL” mükafatı ilə təltif olunması, 22 iyul tarixində Azərbaycan Teatr Xadimləri İttifaqında Milli Mətbuat Günü münasibəti ilə mükafatlandırılma mərasimi də maraqla keçdi. 6 sentyabr tarixində Xalq artistləri Yaşar Nurinin 70 illik yubileyi və Səyavuş Aslanın doğum günü münasibəti ilə qəbrüstü ziyarəti də hamımızın ürəyincə oldu və bir daha hamımız başa düşdük ki, Teatr Xadimlər İttafı Azərbaycan teatrı üçün xidmətləri olanları yaddan çıxarmır. 26 dekabr tarixində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubileyi münasibəti ilə təltif olunma mərasiminin keçirilməsi də tarixi hadisələr kimi qəbul olundu.

Burada tarixi bir məsələni də vurğulamaq istəyirəm ki, 2-5 noyabr - 44 günlük Vətən müharibəsində tarixi qələbəyə həsr olunmuş “Qalib olan Azərbaycan” festivalı oldu. 30 noyabr-7 dekabr tarixində MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin IV Teatr Foruunda İttifaqın təşkilatçılığı ilə Azərbaycan gənclərinin iştirakı, 14 dekabrda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Teatr Xadimləri İttifaqı, Yeni Azərbaycan Partiyası Səbail rayon Təşkilatı və Milli Konservatoriyanın təşkilatçılığı ilə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Hünərim bir asimandır” adlı tədbir və tamaşa da tarixi hadisələr kimi yaddaşlarda qaldı. 25 dekabr tarixində Əməkdar artist Nadir Xasıyevin 60 illik yubileyi münasibəti ilə onun “Sənətkar” medalı ilə təltif olunması, bir vaxtlar Sumqayıt Dövlət Musiqili-Dram Teatrının ən istedadlı aktyorlarından biri olduğu dövrü mənə xatırlatdı. Sevindim ki, həmin tetara rəhbərlik etdiyim vaxtlarda Nadir Xasıyevin gələcəkdə maraqlı aktyor olacağına inamımda yanılmamışam. O, bu gün Dövlət Akademik Musiqili Teatrın aparıcı aktyorudur.

Mən həmişə Teatr Xadimləri İttifaqının keçirtdiyi tədbirləri maraqla izləmişəm. 2022-ci ilin 3 yanvar tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Teatr Xadimləri İttifaqı nümayəndələrinin gənc teatr sənətçiləri ilə görüşü, 06-09 mart tarixlərində İttifaqda fəaliyyət göstərən yaradıcılıq laboratoriyalarının “Baxış-2” festivalı, 10 mart - Milli Teatr Günü münasibəti ilə təntənəli tədbir və mükafatlandırma, 12 mart tarixində Xalq artisti Məbud Məhərrəmovun 65 illik yubileyi və ona “Sənətkar” medalının təqdim olunması, 05 aprel tarixində Azərbaycan Respublikasının Xalq artisti Vaqif Əsədovun 75 illik yubileyi, 01 may tarixində Teatr Xadimlər İttifaqının “1873” You Tube kanalının açılışı, 18 may tarixində Şəki Dövlət Dram Teatrının aktyoru, Əməkdar artisti Əbülfət Salahovun 60 illik yubileyinin keçirilməsi və ona “Sənətkar” medalının təqdim olunması, 13 iyun tarixində Əməkdar artist Rəhman Rəhmanovun 65 illik yubileyi və onun Fəxri Fərmanla mükafatlandırılması da maraqla qarşılanan tədbirlər oldu. 20 iyun tarixində xalqımızın klassik qadın şairəsi Xurşidbanu Natavanın 190 illik yubileyinə həsr olunan “Cənnətim Qarabağ” adlı bədii qiraət müsabiqəsi də tarixi teatral hadisə kimi qarşılandı. 22 iyul tarixində Milli Mətbuat Günü müasibəti ilə tədbir və mükafatlandırma keçirildi. Azərbaycan teatrları və onların tamaşaları haqqında yazan jurnalistlər mükafatlandırıldı. 09 sentyabr tarixində Rusiyanın tanınmış rejissoru Boris Katayev və aktrisa-müğənni Tamara Katayeva ilə görüş də maraqlı keçdi.

14 oktyabr tarixndən Teatr Xadimlər İttifaqı çox maraqlı bir layihəyə başladı. Belə ki, həmin gün “Sərhədsiz Teatr” layihəsi çərçivəsində Gəncə Dövlət Dram Teatrının və Gəncə Dövlət Kukla Teatrının yaradıcı heyəti ilə görüş, 16 oktyabr tarixində “Sərhədsiz Teatr” layihəsi çərçivəsində Mingəçevir Dövlət Dram Teatrının yaradıcı heyəti ilə görüş və 19 oktyabr tarixində Xalq artisti İbrahim İsfahanlının 125 illiyinə həsr olunmuş tədbir və “Səhnə fədaisi” adlı kompozisiya da maraqla qarşılandı. 23 oktyabr tarixndə Əməkdar artist Füzuli Hüseynovun 60 illik yubileyi tədbirində onun “Sənətkar” medalı ilə mükafatlandırılması da teatr ictimaiyyəti və teatrsevərlər üçün maraqlı tədbirlər oldu.

28 oktyabr tarixində rejissor Namiq Ağayevin 60 illik yubileyinin keçirilməsi və ona “Sənətkar” medalının verilməsi də təkcə Namiq üçün yox, tamaşaçılar üçün də maraqlı idi.

04 noyabr tarixində keçirilən “Zəfər sədası” bədii qiraət müsabiqəsi bütün teatr ictimaiətini öz ətrafına toplamışdı. 15 noyabr tarixində Bakı Bələdiyyə Teatrının 30 illiyi və onların mükafatlandırılması, 14 noyabr tarixində Qax Dövlət Kukla Teatrının 50 illiyi və Fəxri Fərmanla mükafatlandırılması da maraqlı idi. 11-16 dekabr tarixlərində Azərbaycan Teatr Xadimləri İttifaqının 125 illiyinə həsr olunmuş “Milli klassika” festivalı da özlüyündə teatr ictimaiyyəti üçün tarixi hadisə oldu. Və bir daha təsdiq olundu ki, Teatr Xadimləri İttifaqı sözün həqiq mənasında teatrlarımızın işini yüksək səviyyədə təbliğ edən təşkilatdır.

2023-cü ildən başlayaraq Teatr Xadimləri İttifaqında işlər daha maraqla getməyə başladı. Sədr Azər Paşa Nemətovun ilin əvvəlindən xəstə olması və sonra aprel ayının 9-da haqq dünyasına qovuşmasından sonra onun vəzifə səlahiyyətlərini birinci müavin kimi Xalq artisti, Dövlət mükafatı laureatı, Prezidentin Fərdi Təqaüdçüsü Hacı İsmayılov çox yüksək səviyyədə davam etdriməyə başladı. Belə ki, onun yüksək təşkilatçılıq məharəti və insanlarla çox tez dil tapması, bütün tetar ictimaiyyətinin sevimlisi olması və orijinal düşüncəsi ilə Hacı İsmayılov bu təşkilatda işləri daha da canlandırdı. Belə ki, elə artıq 4 yanvar tarixində onun təşkilatçılı ilə Xalq artisti Tofiq Kazımovun 100 illik yubileyi münasibəti ilə qəbrüstü ziyarətin təşkili, 14 yanvar tarində Xalq artisti Əli Nurun 75 illik yubileyin keçirilməsi və ona “Sənətkar” medalının verilməsi, 05 fevral tarixində Xalq artisti Rafiq Əzimovun 85 illik yubileyinin keçirilməsi və onun Fəxri Fərmanla mükafatlandırılması da maraqlı tədbirlər oldu. 05 mart tarixində Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası Xalidə Əliməmmədovanın 50 illik yubileyi və Fəxri Fərmanla mükafatlandırılması,

06-09 mart tarixlərində İttifaqda fəaliyyət gösərən laboratoriyaların “Baxış- 3” festivalı, 10 mart - Milli Teatr Günü münasibəti ilə təntənəli tədbir və mükafatlandırma mərasimi, 03- 05 may tarixlərində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə hər olunmuş “Sən elə bir zirvəsən…” bədii qiraət müsabiqəsinin keçirilməsi tarixi hadisələr oldu və tamaşaçılar tərəfindən maraqla qarşılandı.

Hacı İsmayılovun ideya məhsulu olduğu “Qonaq Teatr” layihəsi elə ilk tədbirlərindən çox maraqla qarşılandı. Bu tədbirləri Azərbaycan Teatr Xadimləri İttifaqı, Mədəniyyət Nazirliyi ilə birlikdə keçirməyə başladı. Belə ki, may ayından başlayaraq “Qonaq Teatr” layihəsi tədbirlərinə hazırlıq görüldü. Çünki həmin vaxtlar Bakıya gələn teatr kollektivləri Teatr Xadimləri İttifaqının maliyyəsilə Bakıya gəlməli, burada mehmanxanalarda yerləşməli və hər gün üç dəfə yeməklə təmin olunmalı idilər. Bütün bu işləri də Hacı İsmayılov, Teatr Xadimlər İttifaqında çalışan işçilərlə yüksək səviyyədə qurdu. Buraya da əsasən əyalət teatrlarının və xarici ölkə teatrlarının gəlməsi nəzərdə tutulmuşdu.

Beləliklə, 15 may tarixindən bu layihə reallaşdı. İlk “Qonaq Teatr” da Ağdam Dövlət Dram Teatrı oldu. Çünki həmin teatrın 100 illik yubileyi idi. Bu teatrın kollektivinin ifasında Nadir Qədimlinin “Şuşadan gələn səs” tamaşası ( quruluşçu rejissor Kərim Həsənov) maraqla oldu.

23 may tarixində Xalq artisti Heydər Anatollunun 60 illik yubileyi keçirildi və ona “Sənətkar” medalı verildi. 26-29 may tarixlərində Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin vəzifə səlaiyyətlərini icra edən, Xalq artisti Hacı İsmayılov Beynəlxalq Teatr İttifaqları Konfederasiyasının iclasında və bir sıra tədbirlərdə iştirak etmək üçün Moskvaya işgüzar səfərə getdi. Onun oradakı yüksək səviyyəli çıxışları MDB məkanından olan teatr xadimləri tərəfindən maraqla qarşılandı və onların Azərbaycana qastrol səfərlərinə gəlməyə maraqları çox artdı.

05 iyun tarixində yenidən “Qonaq Teatr” layihəsi öz işini uğurla davam etdirdi. Belə ki, Şəki Dövlət Dram Teatrının 90 illik yubileyi ilə bağlı, kollektiv türk dramaturqu Toyğun Orbayın “21.15 qatarı” tamaşasını Teatr Xadimləri İttifaqının Abbas Mirzə Şərifzadə adına Aktyor evinin səhnəsində Bakı tamaşaçılarına göstərdi. Tamaşa çox maraqla qarşılandı. Bu tamaşanın quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlidir.

Azərbaycan Teatr Xadimləri İttifaqının maliyyə dəstəyilə 12-23 iyun tarixlərində gənc teatr sənətçiləri Mehman Fətullayev və Anar Məmmədovun Moskva şəhərində Beynəlxalq Çexov festivalı çərcivəsində MDB, Baltikyanı ölkələr və Gürcüstanın gənc teatr rejissorlarının laboratoriyasında iştirakı da maraqlı oldu.

19 iyun tarixində “Qonaq Teatr” layihəsi ilə Mingəçevir Dövlət Dram Teatrı 55 illik yubileyi ilə Əməkdar incəsənət xadimi Əli Əmiirlinin “Varlı qadın” ( quruluşçu rejissor, Xalq artisti Valeh Kərimov) maraqlı tamaşası ilə Bakı teatrsevərlərini sevindirdi. 24 iyun tarixində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gülcahan Salamovanın 60 illik yubileyi və onun Fəxri Fərmanla mükafatlandırılması, 02 iyul tarixində “GÜNAY” Uşaq Teatrının 20 illik yubileyi və onların ifa etdiyi “Çirkin ördək balası” tamaşası iştirakçılarının mükafatlandırılması, 03 iyul tarixində “Qonaq Teatr” layihəsi çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının 55 illik yubileyi və onların ifasında Turqut Özakmanın “Ocaq” tamaşasının Aktyor evinin səhnəsində göstərilməsi, 21 iyul tarixində Milli Mətbuat Günü münasibəti ilə tədbir və teatr haqqında yazan jurnalistlərin mükafatlandırılması, 21 sentyabr tarixində “Qonaq Teatr” layihəsi çərçivəsində Qazax Dövlət Dram Teatrının 85 illik yubileyi və Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlunun “İnan mənə” (quruluşçu rejissor, Əməkdar artist Xəzər Gəncəli) tamaşasının Bakı teatrsevərləri tərəfindən çox maraqla qarşılanması da tarixi hadisə oldu. Belə ki, hər epizod müasir günümüzlə səsləndiyinə görə alqışlarla qarşılanırdı.

30 oktyabr tarixində “Qonaq Teatr” layihəsi ilə Əməkdar mədəniyyət işçisi İftixar Piriyevin “Nurlu ömrün anları” tamaşasının İrəvan Dövlət Azərbaycan Dram Teatrının kollektivinin ifasında maraqla qarşılanması da tarixi hadisəyə çevrildi. 03 noyabr tarixində Səmərqənd Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti ilə görüş və onların mükafatlandırılması da maraqla qarşılandı. Bundan sonra türkdilli xalqların teatrları ilə sıx əlaqələr quruldu.

20 noyabr tarixində “Qonaq Teatr” layihəsi ilə Naxçıvan Dövlət Milli Musiqili- Dram Teatrının 140 illik yubileyinin keçirilməsi və onların məşhur fransız yazıçısı Viktor Hüqonun “Edama məhkumun son günü” tamaşası maraqla qarşılandı.

04, 05 dekabr tarixlərində “Qonaq Teatr” layihəsi çərçivəsində Antalya Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrı 40 illik yubileyi ilə Teatr Xadimləri İttifaqının dəvətilə Pərvin Ünalpın “Gecikənlər” ( quruluşçu rejissor, Əməkdar artist Nofəl Vəliyev) tamaşası çox maraqla qarşılandı. 05 dekabr tarixində də tamaşadan sonra Antalya Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrının yaradıcı heyəti ilə görüş və mükafatlandırma oldu. Bu, həm teatr kollektivinin və həm də teatrsevərlərin ürəyincə idi.

25 dekabr tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin təşkilatçılığı ilə “Azərbaycan teatrı -150 - üç əsrdən keçən teatr” mövzusunda elmi-praktik konfrans bütün teatrsevərləri öz ətrafına toplamışdı və sənət adamları özlərinin maraqlı fikirlərini deyirdilər.

Bu ilin altı ayında Hacı İsmayılovun rəhbərliyi ilə Teatr Xadimlər İttifaqının işləri daha maraqlı və yaddaqalan olub. Belə ki, 18 fevral tarixində Rusiyanın Aleksandrinski Teatrının (Sankt- Peterburq) direktoru Sergey Yemelyanovun “Sənətkar” medalı ilə mükafatlandırılması, 19 fevral tarixində “Qonaq Teatr” layihəsi ilə Lənkəran Dövlət Dram Teatrının “The Müqəssir” tamaşası, 04, 06, 07 mart tarixində İttifaqda fəaliyyət göstərən yaradıcılıq laboratoriyalarının “Baxış – 4” festivalı, 10 martda Milli Teatr Günü münasibətilə təntənəli tədbir və mükafatlandırma, 12 mart tarixində “Qonaq Teatr” layihəsi ilə Qazax Dövlət Dram Teatrının dramaturq Jalə İsmayılın “ Love Butik” tamaşası, 27 mart tarixində “Qonaq Teatr” layihəsi ilə Qusar Dövlət Ləzgi Dram Teatrının Turqut Özakmanın “Adət” ( quruluşçu rejissor, Əməkdar artist Xəzər Gəncəli) tamaşası, 05 və 16 aprel tarixlərində “Amerika cazı ilə əlaqədar monoloq” (Y.Yerpıleva) tamaşası, 08 aprel tarixində “Qonaq Teatr” layihəsi çərçivəsində Ağdam Dövlət Dram Teatrının Təranə Məmmədin “Tor” pyesi əsasında hazırlanan tamaşa ( quruluşçu rejissor Kərəm Həsənov) maraqla qarşılanıb. Bu tədbirlərin də hamısı alqışlarla keçib.

09 aprel tarixində görkəmli rejissor, pedaqoq, ictimai xadim, Xalq artisti Azər Paşa Nemətovun ildönümü ilə əlaqədar qəbrüstü ziyarəti, 22 aprel tarixində “Qonaq Teatr” layihəsi çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının Əməkdar incəsənət xadimi Əli Əmirlinin “İyirmi ildən sonra” tamaşası, 06, 07 may tarixlərində “Qonaq Teatr” layihəsi çərçivəsində Trabzon Sənət Teatrının ifasında Əməkdar incəsənət xadimi Firuz Mustafanın “Neytral zona” tamaşası da çox maraqla oldu. Türk aktyorlarının oynu tez-tez sürəkli alqışlarla qarşılanırdı.

20 may tarixində görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyi münasibəti ilə Şuşa Dövlət Musiqili - Dram Teatrının “Boy çiçəyi” tamaşası, 03 iyun tarixində yenə də görkəmli yazıçı-dramaturq, Xalq yazıçısı İlyas Əfəndiyevin 110 illiyi münasibəti ilə Bakı Bələdiyyə Teatrının “Xan qızı” tamaşası maraqla qarşılandı. Bu ilin sentyabr ayından başlayaraq, Teatr Xadimləri İttifaqı, Xalq artisti Hacı İsmayılovun rəhbərliyilə yeni layihələrə başlamağı planlaşdırıb. İnanıram ki, həmin layihələr də teatr kollektivlərinin və həm də tamaşaçıların ürəyincə olacaq.

Teatr xadimlər İttifaqı bu beş il müddətində gəclərə həmişə böyük dəstək olub. Elə bununla bağlı 01-10 iyun tarixində Qazaxstanın Almaatı şəhərində MDB, Baltikyanı ölkələr və Gürcüstan gənclərinin V Teatr Forumunda Azərbaycanın gənc teatr sənətçilərinin iştirakı bilavasitə bu İttifaqın maliyyə dəstəyilə olub.

• Bütün bu görülən işlərdən demək olar ki, Azərbaycan Teatr Xadimləri İttifaqı Xalq artisti, Dövlət mükafatı laureatı, Prezidentin Fərdi Təqaüdçüsü Hacı İsmayılovun rəhbərliyi ilə çox böyük işlər görür və böyük məhəbbət qazanır. Mən, öpmrünün 50 ilini Azərbaycan peşəkar teatr sənətinə həsr edən aktyor, rejissor və uzun illər ayrı-ayrı teatrların bədii rəhbəri, direktoru işləyən mütəxəssis kimi qətiyyətlə deyə bilərəm ki, bu gün respublikamızda Hacı İsmayılovu əvəz edə biləcək ikinci adamı Azərbaycan Teatr Xadimləri İttifaqının sədr kimi görmürəm. Çünki ömrünün iyirmi altı ilindən çoxunu teatrlara rəhbərlik eləyən teatr mütəxəsisi kimi bilirəm ki, rəhbərlik çox çətin bir sahədir. Buna görə ilk öncə həmin insanda yüksək təşkilatçılıq qabilliyyəti, xalq tərəfindən sevilmə, böyük səbr, hərtərəfli dərin savad, orijinal düşüncə tərzi, kindən, paxıllıqdan uzaq olma, böyük siyasət, dövlətçilik sahəsində yaxşı səriştə olmalıdır. Bütün bu cəhətlər də Hacı İsmayılovda daha yüksəkdir. Deməli, mən inanıram ki, bütün teatr xadimləri məhz onu sədr seçəcək ki, gələcəkdə də Teatr Xadimləri İttifaqında işlər daha yaxşı, maraqlı, orijinal getsin və bütün teatr xadimləri buranı öz doğma evləri bilsinlər. Çünki son bir il yarımdan çox müddətdə Hacı İsmayılov bütün teatr xadimlərini öz ətrafına daha çox toplaya bilib və hamı da onun işindən çox razıdır. Həsən Nail Canat deyib ki, “Teatr, mənim üçün ən gözəl və müqəddəs sənət sahəsidir”. Bu, həqiqətən də belədir. Axı bu sahədə çalışan insanlar bütün insanların müəllimidir. Deməli, bütün insanların müəllimi olmaqdan da böyük şərəf və müqəddəslik ola bilməz. Mən də hər bir sənət insanına belə olmağı arzu edirəm.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi,

yazıçı-rejissor

Digər xəbərlər