Mədəniyyət

  • 823

Teatr sənətinin aşiqi və ya ... - Hüseynağa Atakişiyev - 75

image

Ömrün "Qətl günü"ndən "Qara qutu"yadək olan yüksək yaradıcılıq məsafəsi...

(Portret cizgiləri)

Rəhmətlik Sadıq Murtuzayev dediklərindən: "Hüseynağa Atakişiyevi itirməklə biz, Azərbaycan teatrının çox maraqlı bir rejissorunu, aktyorunu, teatr təşkilatçısını itirdik".

Ya mənsiz,
Ya mənli ol, ya mənsiz.
Mən sənsiz yaşamazdım,
Yaşa ey səhnə, mənsiz...

Məşəqqətli və maraqlı yaradıcılıq yolu

Sentyabr ayının 8-də tanınmış teatr rejissoru və aktyoru, yaxşı teatr rəhbəri, dəyərli ziyalı, Əməkdar inəsənət xadimi Hüseynağa Aatakişiyevin anadan olmasının 75 ili tamam olur. Əgər yaşasaydı biz indi onunla birlikdə 75 illik yubileyini təmtəraqlı formada keçirəcəydik... O da həmişə olduğu kimi onun haqqında deyilən xoş sözləri təvazökar formada gülümsünməklə qarşılayacaqdı...

Tale elə gətirib ki, biz Hüseynağa Atakişiyevlə 1971-ci ildə birlikdə Mirzağa Əliyev adına Azərbayan Dövlət İnəsənət İnstitutunun (indiki Mədəniyyət və İnəsənət Universiteti) dram və kino aktyorluğu fakültəsinə qəbul olunmuşduq. Elə bir yerdə, məşhur rejissor və aktyor, Azərbayan teatr tarixində öz məktəbini yaratmış, SSRİ Xalq artisti Mehdi Məmmədovun sinfində təhsil almışdıq. 1975-ci ildə ali məktəbi bitirəndən sonra da Moskvadakı A. V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun rejissorluq fakültəsinin məzunu Vaqif Abbasovun rəhbərliyilə Şəkiyə bir yerdə işləməyə gedib, orada Şəki Dövlət Dram Teatrını yaratmaq üçün çalışmışdıq. Tale elə gətirdi ki, mən 6 aydan sonra Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına dəvət olundum. Sonra da Moskavaya gedib, A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunda rejissorluq fakültəsində təhsil aldım. Amma Hüseynağa həmin teatrda aktyor, quruluşçu rejissor və baş rejissor kimi öz işlərini üğurla davam etdirdi. Şəki Dövlət Dram Teatrının yaradıcısı, çox maraqlı rejissor-pedadoq, böyük ziyalı Vaqif Abbasov, Azərbayan Dövlət Musiqili Komediya Teatrına baş rejissor dəyişdiriləndə, Şəki rayonunun o vaxtkı birini katibi, dəyərli ziyalı, alim, millətimizin mədəniyyəti üçün əvəzsiz işlər görmüş, rəhmətlik Sadıq Nəbi oğlu Murtuzayevin böyük köməkliyi ilə Hüseynağa Atakişiyev Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının baş rejissoru təyin olundu. Bu teatr Vaqif Abbasovun vaxtında olduğu kimi, Hüseynağa Atakişiyevin də vaxtında öz uğurlarını davam etdirdi. Şəki Teatrı həmin vaxtlar təkcə Azərbaycanda yox, həm də keçmiş Sovetlər Birliyində və bir sıra xarici ölkələrdə tanındı. Çoxlu maraqlı tamaşalarına görə mükafatlar, medallar, diplomlar aldı. Belə uğurlu tamaşalarına görə, Hüseynağa Atakişiyevi, müəllimimiz Mehdi Məmmədovun və Xalq şairi Bəxtiyar vahabzadənin tövsiyyəsilə Şəki Teatrından Milli Akademik Dram Teatrına baş rejissor vəzifəsinə gətirdilər. Hüseynağa bu teatrda Mehdi Məmmədovun rəhbərliyi və tövsiyyələrilə baş rejissor işləyəcəkdi. Daha doğrusu Medi Məmmədov bədii rəhbər, Hüseynağa Atakişiyev baş rejissor işləyəcəkdi. Amma taleyin qismətinə bax ki, Mehdi müəllim həmin vaxtı infaktdan dünaysını dəyişdi. Teatrın bütün yaradıcı işlərinə rəhbərliyi Hüseynağa Atakişiyev özü, tək görməli oldu. Bu teatra rəhbərlik etdiyi üç il müddətində bir neçə tamaşaya maraqlı quruluşlar verdi. Teatrda islaşatlar aparmaq istədiyi bir vaxtda ona qarşı kəskin hücumlar oldu və onu baş rejissorluqdan çıxartdılar. Quruluşçu rejissor ketirtdilər. Hamımızın dostu, çox maraqlı aktyor və böyük insan Həsənağa Turabovu teatra bədii rəhbər seçdilər. O da Hüseynağa ilə birlikdə işləyəcəyini desə də, amma Hüseynağa buna razılaşmadı. Həyatda çox məqsədyönlü insan olan Hüseynağa, ona olan haqsızlıqlardan həvəsdən düşməyib və 1989-cu ildə Azərbayan Teatr Xadimlər İttifaqının binasında, o vaxtkı Respublika Gənclər Təşkilatının və şəxsən sədr, dəyərli ziyalı Sahib Ələkbərovun təşəbbüsü ilə Gənclər Teatrını yaratdı. Bu teatr 1989-cu ilin mart ayının 27-də Yusif Səmədoğlunun "Qətl günü" tamaşası ilə öz yaradıcılıq həyatına başladı. Həmin vaxtı mən artıq Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Musiqili-Dram Teatrının bədii rıhbəri və direktoru işləyirdim. Belə ki, 1986-cı ildən rəhbərlik etdiyim Ağdam Dövlət Dram Teatrının baş rejissoru və direktoru vəzifələrindən Sumqayıt teatrına dəyişdirilmişdim. Hüseunağa ilə də tez-tez telefonda danışır və bir-birimizin işlərinin gedişi ilə maraqlanırdıq. Hüseynağa yeni yaratdığı teatrın gələcək planlarından böyük həvəslə danışırdı...

Beləliklə, biz, teatrın kollektivinin bir qrupu ilə gedib "Qətl günü" tamaşasına baxdıq. Tamaşa çox yaxşı keçdi və hər epizodu böyük alqışlarla qarşılandı...

Hüseynağa bu teatrda qısa vaxtda bir-birindən maraqlı, yüksək peşəkar tamaşalar hazırladığına görə 1993-cü ildə bu Teatra, Dövlət Teatrı statusu verildi. Hüseynağa Atakişiyev 17 il bu teatra böyük uğurla rəhbərlik etməklə, sensassiyalar yaradan tamaşalar hazırladı. O, yaxşı rejissor olmaqla birlikdə həm də yaxşı teatr müəllimi, pedaqoq idi. İşlədiyi bu illərdə respublikada tanınan və ayrı-ayrı teatrlarda işləyən çoxlu aktyorlar, aktrisalar, rejissorlar yetişdirdi. Həmin aktyorlar və rejissorlar da onu unutmur və hər yerdə özlərini Hüseynağa Atakişiyevin yetirməsi, tələbəsi kim təqdim edirlər. Bu, hər rejissora qismət olmayan çox böyük mükafatdır. Baxmayaraq Hüseynağa Atakişiyev Teatr İnstitutunda müəllim işləməməmişdi, amma həmin ali məktəbdə işləyən müəllimlərin çoxundan özünün yaratdığı teatrda daha yaxşı sənətkarlar yetişdirdi. Hüseynağa Atakişiyev Azərbaycan teatr tarixində yenilikçi rejissorlardan biri kimi qalıb. Belə ki, Vaqif Abbasovun Azərbaycan teatrına gətirdiyi, meydan teatr üslubi ilə Stanislavski sistemini, Meyerxold və Brext məktəblərini birləşdirərək, ilk dəfə Şəki Teatrında tətbiq etməklə, bu sistemi Hüseynağa Atakişiyevə, Ağalar İdrisioğluna, Rövşən Almuradlıya, Şahmar Qəribliyə, Novruz Cəfərova, Mərdan Fərzullayevə, Mirbala Səlimliyə, Fərman Abdullayevə və basşqa yetirmələrinə öyrətmişdi. Bu insanlara rejissor sənətinin açarını verən məhz Vaqif Abbasov olub. Hüseynağa Atakişiyev də bu sistemi daha da cilalayaraq işlədiyi teatrlarda çox sanballı tamaşalar hazırladı.

Sumqayıt Dövlət Musiqili-Dram Teatrına rəhbərlik etdiyim dövrdə Mədəniyyət Nazirliyilə aramızda olan kəskin konfliktlərə görə mən, 1997-ci ilin sentyabrında bu teatrdan işdən çıxıb, Dağıstana gedib, orada işlədim. Dağıstan Azərbaycan Dövlət Dram Teatrının açılmasında böyük köməyliyim oldu. Üç il orada işləyəndən sonra Hüseynağa Atakişiyevin tövsiyyəsilə, 2001-ci ildən mən də onun yaratdığı teatrda quruluşçu rejissor kimi öz işimi davam etdirdim.

Dostumuz Hüseynağa Atakişiyev rejissor kimi 157-dən çox tamaşaya quruluş verib. Aktyor kimi 57-dən artıq rol oynayıb. Dünyanın 20-dən çox məşhur, tanınmış dramaturqlarının ilk dəfə Azərbaycan səhnəsinə gəlişi məhz Hüseynağa Atakişiyevin adı ilə bağlıdır. O, 20-dən artıq dünya dramaturqlarının pyeslərini dilimizə tərcümə etmişdi. Televiziya və kütləvi tamaşalar üçün çoxlu ssenarilər yazmışdı. Taleyin hökmünə baxın ki, Dövlət Gənclər Teatrında "Qətl günü" tamaşası ilə öz yaradıcılığını davam etdirən Hüseynağa Atakişiyevin son tamaşası Firuz Mustafanın "Qara qutu" əsəri oldu. Amma bu tamaşanı tam bitirə bilmədi. Tamaşanın ikinci hissəsini o vaxtlar teatrın aktyoru olan və bu tamaşanın ikinci rejissoru, Əməkdar artist, indi isə İrəvan Dövlət Dram Teatrının baş rejissoru işləyən Sərvər Əliyev tamamladı... Beləliklə, dostumuz Hüseynağa Atakişiyevin "Qətl günü" ilə davam edən rejissor ömrü "Qara qutu" ilə sona yetdi...

Gəzəl insan, dəyərli ziyalı və yaxşı dost Hüseynağa Atakişiyev 57 yaşında 2006-cı ilin aprel ayının 9-da beyninə qan sızması (beyinin infaktı) xəstəliyindən dünyasını dəyişdi. Mən buna Ulu Tanrının alın yazısı kimi baxmıram. Çünki həmin vaxtlarda Hüseynağa Atakişiyevə qarşı Mədəniyyət Nazirliyi tərəfindən çoxlu təpkilər, hücumlar olurdu. Bütün bunlar da onu çox rahatsız, səbrsiz edirdi. Və hətta bu hücumları ilə 2001-ci ildə bir dəfə də onu infakt etmişdilər... Lakin həkimlərin köməkliyilə sağalmışdı. Amma ikinci infakrt daha güclü oldu. Beyninə qan sızdı və əziz dostumuzu haqq dünyasına qovuşdurdu... Azərbayan teatr səhnəsi üçün əvəzsiz işlər görən Hüseynağa özü ilə birlikdə çoxlu maraqlı tamaşaların quruluşunu, ideyasını da özünün haqq dünyasına apardı. Onun yaratdığı teatr 2009-cu ilə kimi öz işini davam etdirdi. Amma sonra onun yaratdığı bu tetarı da millətimizə çox gördülər. 2009-cu ildə Dövlət Gənclər Teatrı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı ilə birləşdirilildi. Hətta bu məsələdə haqsızlıq elə böyük oldu ki, teatrlar birləşəndə Dövlət Gənclər Teatrının heç bir tamaşasını belə Dövlət Milli Gənc Tamaşaçılar Teatrının repertuarına daxil etmədilər. Bu iyrənc işdə də mən, ən böyük günahkar teatrın o vaxtkı direktoru Mübariz Həmidovu və o vaxtkı baş rejissoru Cənnət Səlimovanı hesab edirəm. Bu haqda həmin vaxtı mən, dəfələrlə Mədəniyyət naziri Əbülfəs Qarayevə öz imzam və Dövlət Gənclər Teatrının aktyorlarının imzası ilə kəskin etirazlı məktub yazsaq da, bizim məktubumuza Mədəniyyət Nazirliyindən heç bir reaksiya verilmədi. Teatrın repertuarı Dövlət Gənc Tamaşaçılar Teatrının və Kamera Teatrının tamaşaları olan əsərlərindən təşkil olundu... Beləliklə, Dövlət Gənclər Teatrının yaradıcı heyyəti sındırıldı... Doğrudan da bu, düzgün fikirdir: "Bu məmləkətdə ölünün də, dirinin də yiyəsi olmalıdır".

Deməli, bu da sadəcə Dövlət Gənclər Teatrını bir sinif kimi Azərbaycan teatr tarixindən silmək missiyası idi. Bu haqda baş rejissorluqdan işdən çıxarılan və quruluşçu rejissor ştatına keçirilən, mənimlə bir otaqda oturan Cənnət Səlimova sonra etiraf elədi ki, "bizə tapşırmışdılar ki, Dövlət Gənclər Teatrının heç bir tamaşasını repertuara salmayın". Amma mənim "sizə bunu kim tapşırmışdı" sualıma o, cavab vermək istəmədi...Bax, budur Allahsızlıq! Budur haqsızlıq!

Biz, Hüseynağanın dostları, həmfikirləri, tələbələri çox istəyirdik ki, onun yaratdığı teatr yaşasın və onun çin olmayan arzularını reallaşdırsın. Necə ki, vaxtı ilə Moskvada məşhur rejissor Yevgeni Vaxtanqov dünyasını dəyişəndən sonra, dövlət, onun yaratdığı Teatr-Studiyanın dağılmasına icazə vermədi və bu kollektivi yaşadı. Bu kollektivə Dövlət Teatrı statusu verildi. İndi bu kollektiv Vaxtanqov adına Akademik Teatr dünyada tanınan teatrlardan biridir. Teatrın nəzdində yaradılan Şukin adına Ali Teatr Məktəbi ( indi Teatr İnstitutu) dünya səviyyəsində tanınan çoxlu aktyorlar, rejissorlar yetişdirdi və yetişdirir. Mən bir həqiqəti qətiyyətlə deyim ki, Hüseynağa Atakişiyevin yaratdığı teatr yaşasaydı, həqiqətən də respublikanın ən aparıcı teatrlarından biri olub, Azərbaycanı dünyada layiqincə təmsil edə biləcəkdi. Çünki bu teatrda Hüseynağa Atakişiyevdən dərs almış çox maraqlı aktyor truppası və istedadlı rejissorlar işləyirdi…

Telə elə gətirib ki, mən Hüseynağa Atakişiyevə həsr olunan "Teatr sənətinin aşiqi-rejissor bir universitetdi" adlı kitab yazmışam. Bu kitab on ildir ki, çapa hazırdır. Əfsus və çox əfsus ki, maliyyə imkanlarım olmadığından on ildir ki, bu kitabı çap etdirə bilmirəm. Dəfələrlə Mədəniyyət Nazirliyinə müraciət etsəm də onlar da bu kitabın çap olunmasına maliyyə köməkliyi etməyiblər. Həmin kitabda çoxlu teatr mütəxəssisləri, ziyalılar, alimlər, ədəbiyyatçılar , dövlət məmurları və tanınmış insanlar onun haqqında özlərinin ürək sözlərini deyiblər. İndi onlardan bir neçəsinin qısa fikirlərini oxuculara çatdırmaq isətyirəm. İnanıram ki, sevimli oxucular üçün də maraqlı olacaq və Hüseynağa Atakişiyevin rejissor, şəxsiyyət kimi oxuculara təqdim olunmasına bir açar olacaq.
Azərbaycanın bir neçə rayonununda 31 il birinci katib işləmiş, filalogiya elmləri üzrə fəlsəfə doktoru, alim, rəhmətlik

Sadıq Murtuzayevin dediklərindən:
- Mən lap gənclik illərimdən teatra, teatr sənətinə qarşı maraqlı insan olmuşam. Hətta ali məktəbi bitirib, Zaqatala Pedaqoji Texnikumuna təyinatla işləməyə gedəndə, orada dram dərnəyi yaratmışdım və bir neçə tamaşaya da quruluş vermişdim.

Şəki rayon partiya komitəsinin birinci katibi işləyəndə belə qərara gəldim ki, burada Dövlət Teatrı yaradılsın. Çünki bu bölgədə peşəkar teatr kollektivi yox idi. Amma əvvəllər Şəkidə Dövlət Dram Teatrı olmuşdu və yaxşı da işləmişdi. Hətta bu teatrın yetirmələri olan məşhur aktyorlar İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Sədayə Mustafayeva, Səməd Tağızadə, Məmməd Bürcəliyev və başqaları sonralar respublikanın tanınmış aktyorları oldular.

Bununla bağlı öz istəyimi o vaxtlar Mədəniyyət naziri işləyən, fəlsəfə elmələri doktoru, dəyirli ziyalı və mənim yaxın dostum Zakir Bağırova bildirdim. O da, mənim bu təklifimi müdafiə elədi. Beləliklə, biz bununla bağlı Azərbaycan Mərkəzi Komitəsinə, Azərbaycan Nazirlər Sovetinə məktublarla müraciət etdik. Həmin məktublarda da fikirlərimizi əsaslandırdıq ki, bu bölgədə Dövlət Teatrının yaranması vacibdir. Teatrın bütün problemlərini də məhz Şəki şəhər partiya komitəsi öz öhdəsinə götürür. Məktubumuza müsbət cavab aldıq və tezliklə bununla bağlı 1975-ci ilin aprel ayında Azərbaycan Nazirlər Soveti qərar verdi və Şəkidə Dövlət Dram Teatrı açıldı. Həmin il Azərbaycan Dövlət İncəsənət İnstitutunun aktyorluq fakültəsinin məzunlarının çoxunu təyinatla Şəki Dövlət Dram Teatrına göndərdilər. Bu müqəddəs işdə də həmin vaxtı inistitutun rektoru olan tanınmış teatrşünas-alim, dəyərli ziyalı Rahib Hüseynovun təbliğatı böyük rol oynadı.

Elə ilk gündən yaradıcı kollektivlə mən və idealogiya işlərinə baxan ikinci katib Ənvər Nəzərli çıx əlaqə yaratdıq. Teatr işçilərınin ev, məişət problemlərini lazım olan kimi həll etdik. Teatr üçün yaraşıqlı bina inşa etdik. Kollektiv ilk tamaşalarından başlayaraq, Şəki və bölgə camaatının böyük marağına səbəb olan əsərlər hazırlamağa başladı. Teatra dərin savadlı Vaqif Abbasov rəhbərlik edirdi. Maraqlı, bacarıqlı rejissor, bütöv şəxsiyyət və yaxşı teatr təşkilatçısı idi. Amma onun ayaqları vaxtı ilə yanan avtobusdan uşaqları çıxaran vaxt yandığına və bu igidliyinə görə SSRİ rəhbərliyinin medalını alan Vaqifə çox əziyyət verirdi. Şəki də nəmişlik yer olduğuna görə, onun ağrılarını daha da şiddətləndirirdi. Vaqif Abbasov da tez-tez xəstəxanaya düşürdü. O, xəstəxanada yatanda onun işlərini teatrın aktyoru və quruluşçu rejissoru Hüseynağa Atakişiyev yaxşı davam etdirirdi. Həm də rejissor kimi maraqlı tamaşalar hazırlayırdı. Elə oldu ki, həkimlər Vaqif Abbasova Şəkidə yaşamağa icazə vermədilər. Dediyim kimi nəmişlik onun sağlamlığına pis təsir edirdi. Vaqif, Moskvada xəstəxanada olanda mənə məktub yazdı. Həmin məktub bu gün də mənim arxivimdədir. O, xahiş edirdi ki, işlərini davam etdirmək üçün, teatra baş rejissor Hüseynağa Atakişiyevi təyin edək. Çünki onun işlərini uğurla yalnız Hüseynağa davam etdirə bilər. Belə ki, artıq Hüseynağa bir müddət onunla birlikdə işləmişdi və iş üslubunu yaxşı öyrənmişdi. Əlbəttə, Hüseynağanın ali rejissorluq diplomu olmadığına görə, bu işi görmək həmin vaxtlar çətin idi. Bu işdə yenə də mənə dostum, dəyərli insan, rəhmətlik Zakir Bağırov köməklik etdi. Beləliklə, biz Hüseynağa Atakişiyevi həmin tearın baş rejissoru təyin etdik. Hüseynağa da bizim ümidlərimizi tam doğrultdu. Qısa vaxtın içərisində bir-birindən maraqlı tamaşalar hazırladı. Tezliklə, keçmiş Sovetlər Birliyində və bir sıra Sosialist ölklərində keçirilən festivallardan birinci dərəcəli diplomlar getirdi. Kollektivdə çox sağlam yaradıcı atmasfera yaratdı. Onun vaxtında bu teatrda maraqlı aktyorlar, aktrisalar yetişdi. Sonra elə oldu ki, mən Ağdam rayon partiya komitsəinin birinci katibi vəzifəsinə dəyişildim. Amma Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrının və onun baş rejissoru Hüseynağa Atakişiyevin hər bir uğurunu diqqətlə izlədim. Onun quruluş verdiyi tamaşalara işlədiyi Milli Akademik Dram Teatrında və Dövlət Gənclər Teatrında da baxmışam. Hüseynağa Atakişiyev doğrudan da maraqlı dəsti-xətti olan rejissor idi. O, Azərbaycan teatrı üçün lazımlı, tapıntı rejissor və teatr işçisi idi. Özünün də yaxşı xasiyyəti vardı. Heç vaxt sifətindən təbəssüm əskik olmazdı. Bu adam elə bil yalnız yaxşılıq, xeyirxahlıq etmək üçün doğulmuşdu. Heyif ki, dünyasını çox tez dəyişdi. Hüseynağa Atakişiyevi itirməklə biz, Azərbaycan teatrının çox maraqlı bir rejissorunu itirdik. Hadanlığın, qısqanclığın, yanlış qərarın nəticəsində onun yaratdığı teatrını Milli Gənc Tamaşaçılar Teatrına birləşdirməklə də bir maraqlı teatrın həyatına böyük zərbə vurdular...

Xalq artisti, aktyor, kino rejissor, Prezidentin fərdi təqaüdçüsü, rəhmətlik Ramiz Əzizbəylinin dediklərindən:
- İçimdən keçən bir həqiqəti hər yerdə deyirəm. Hüseynağa, Azərbaycan teatr sənətində bir mərhələ oldu. Yəni durğunluq dövrünü yaşayan Azərbaycan teatrı, Hüseynağanın Şəkidə və Dövlət Gənclər Teatrındakı truppalarının simasında elə bilin ki, qış ayında qarın altından cücərib çıxan Novruzgülü oldu. O, təkcə öz kalassiklərimiz yox, həm də Arvopa, Amerika daramturqlarının əsərlərinə maraqlı quruluş verməklə, rəhbərlik etdiyi teatrlarla Azərbaycandan kənara çıxdı. Onun rəhbərlik etdiyi teatrlar, dünyanın bir neçə ölkələrinə qastrollara getdilər. Moskvada da rejissor kimi onun yaradıcılığını dərk etdilər və yaxşı qiymət verdilər.
Kinoda dahi Üzeyir bəyin rolunu oynayan Hüseynağanı burada yada salmamaq mümkün deyil. Çünki Hüseynağada da xalqımızın fəxri Üzeyir bəy Hacıbəyov kimi yazmaq qabiliyyəti, musiqi duyumu və güclü məntiq vardı. Bəlkə də bütün bunları görən, Xalq yazıçısı, dramaturq, kinossenarist və kinorejissor, hörmətli Anar müəllim, "Uzun ömrün akkordları" kinofilmini çəkəndə Üzeyir bəyin rolunu məhz buna görə, Hüseynağaya etibar etmişdi. Hüseynağa həm dahi bəstəkəkara portret cəhətdən oxşarlığına görə, həm də Üzeyir bəydə olan sakitlik, yumuşaqlıq, nur, nəciblik Hüseynağada da olduğundan, elə bil bir-birini tamamlayırdılar. Deməli, Anar müəllim, yanılmamışdı. Çox yüksək səviyyəli bir kinofilm ərsəyə gətirdi.

Əməkdar inəsənət xadimi, Azərbaycan Dövlət Televiziyasının rejissoru, mərhum Məhərrəm Bədirzadənin dediklərindən:
- Hüseynağa yazıçı-dramaturq kimi tanınmasa da onda bu sahələr də yaxşı inkişaf etmişdi. Yəni istəsəydi maraqlı pyeslər, hekayələr, povestlər də yaza bilərdi. Çünki dəfələrlə bizim televiziya proqramları üçün ssenarilər yazmağı ona tapşırırdıq. Çox qısa vaxtda və özü də yüksək peşəkarlıqla yazıb mənə verirdi. Hətta bir maraqlı mövzu vardı. Biz bu mövzunu iyirmiyə yaxın adama verdik ki, bizə bir sanballı ssenari yazsın. Amma onların heç biri bu işin öhdəsindən gələ bilmədilər. Axırda mən məcbur olub Hüseynağaya müraciət etdim. Təsəvvür edin ki, o, üç günə bizim istədiyimizdən də peşəkar səviyyədə həmin ssenarini yazıb verdi. Hamının da xoşuna gəldi. Bəzən çox heyfislənirəm ki, belə bir istedadlı insanın, öz dəsti-xətti olan aktyor-rejissorun haqqında niyə ötəri yazırlar? Niyə onu təbliğ etmirlər? Niyə keçmiş aktyorlardan, rejissorlardan söz düşəndə onun adını çəkmirlər? Məgər bu qədər də haqsızlıq olarmı?.. Axı o, Şəki Dövlət Dram Teatrının yaradıcılarından biri və Dövlət Gənclər Teatrının yaradıcısıdır. Məgər elə bu iki böyük iş bir teatr xadimi üçün azdırmı? Axı bu haqsızlığı heç Allah da götürməz...

Xalq şairi, Millət vəkili, rəhmətlik Vaqif Səmədoğlunun dediklərindən:
- Dramaturgiyaya məni tanınmış rejissor, öz dəsti-xətti olan sənətkar Hüseynağa Atakişiyev gətirib. Bu maraqlı işin də yaranmasının tarixçəsi belə oldu ki, mənim uşaqlıq dostum, canım-ciyərim, bir məktəbdə oxuduğum rəhmətlik Emin Sabitoğlu məni Hüseynağa ilə tanış etdi. Bu da o vaxt olub ki, Sabit Rəhmanın "Nişanlı qız" pyesinin Şəki Dövlət Dram Teatrında tamaşası hazırlanırdı. Biz, bu tamaşanı Şəkidə müzikıl kimi hazırlamaq istəyirdik. Ona görə də Emin mənə demişdi və mən də bu pyes üçün şeirlər yazmışdım. Emin də həmin şeirlərə mahnılar bəstələmişdi. Bizim də bu sahədə artıq Eminlə təcrübəmiz vardı. Belə ki, Emin, Sabit Rəhmanın "Hicran" pyesi əsasında libretto yazımışdı. Həmin librettoya da şeirləri mən yazmışdım. "Hicran" tamaşası da tamaşaçılar tərəfindən çox yaxşı qarşılanmışdı. Emin, "Nişanlı qız" pyesi üçün də mənim şeirlərimə mahnılar, duetlər, reçitativlər yazıb, Şəkiyə göndərdi. Sonra da biz Eminlə getdik həmin tamaşanın premyerasına. Tamaşa çox maraqlı alınmışdı. Orada da mən teatrın yaradıcısı, baş rejissoru Vaqif Abbasovla və teatrın aktyoru-rejissoru Hüseynağa Atakişiyevlə tanış oldum. Şəkidə də tamaşadan sonra banket oldu. Banketdə mən də çıxış elədim. Oradan çıxanda başında buxara papaq, cavan, göyçək oğlan olan Hüseynağa mənim qoluma girib, dedi: "Siz özünüz niyə pyes yazmırsız? Gördüm ki, teatra belə həvəsiniz var. Maraqlı danışdınız. Tamaşanı yaxşı təhlil etdiniz. Səməd Vurğunun oğlusuz. Sabit Rəhmanla durub-oturmusuz". Baxmayaraq ki, özümün pyes yazmağa həvəsim vardı. Hətta bununla bağlı qeydlər də etmişdim. Amma Hüseynağanın bu sözləri elə bil mənə bir təkan oldu. Bundan sonra "Bəxt üzüyü" pyesini yazdım. Hüseynağa da həmin pyesə maraqlı quruluş verdi. Bu uğurlu işdən həvəslənib, yeni pyeslər yazmağa başladım.


Hətta yadımdadır ki, Dövlət Gənclər Teatrının hansısa yubiley günüdə aktyorlar çox qəribə bir səhnəcik hazırlamışdı. Dramaturq Vaqif Səmədoğlu, Şəki Dövlət Dram Teatrına baş rejissor Hüseynağaya əsəri necə gətirir. Dostluq şarjı olan həmin səhnəcik belə idi. Mən əlimdə diplomant çanta ilə gəlirəm. Hüseynağa ilə görüşüb, öpüşürük. Hüseynağa deyir ki, "deyəsən əsər gətiribsən?" Mən də deyirəm ki, "hə, yeni əsərimi gətirmişəm". Sonra çantanı açıram və oradan bir şüşə araq çıxarıb stolun üstünə qoyuram. Deyirəm: "Bu əsərin proloqu". Hüseynağa baxıb deyir ki, "proloq babatdı". Sonra çantadan kağızlar çıxarıb deyirəm: "Bu birinci pərdə". Hüseynağa deyir ki, "oxuyaram". Sonra mən bir dənə də uzun araq şüşəsi çıxarıb deyirəm ki, bu antrakt. Hüseynağa ona da baxıb gülümsünür və deyir ki, "antrakt bir az uzanır, amma qısaltmaq olar". Sonra ikinci pərdəni yenə də kağızlar çıxarıb verirəm. Sonra da bir şüşə viski çıxarıb deyirəm: "Hüseynağa bu da epiloq". O da viskiyə baxıb deyir: "Hə. Epiloq çox yaxşıdır. Sanballıdır". ( Vaqif Səmədoğlunun bu sözlərindən sonra hər ikimiz ucadan güldük. Sonra bir müddət sükut yarandı. Vaqif müəllim bir siqaret çıxarıb yandırdı. Mən sükutu pozub dedim.)
- Vaqif müəllim, Hüseynağanın son günlərini necə xatırlayırsınız?
- Hüseynağanın koma vəziyyətinə düşməsi xəbərini mənə səhər tezdən zəng vurub dedilər. Onu da dedilər ki, "vəziyyəti pis olduğuna görə, onu Neftçilər Xəstəxanasına aparmışıq". Tez gedib, xəstəxananın baş həkimi, dostumuz Fəxrəddin həkimi tapdım. O, mənə dedi ki, "artıq əlac yoxdur. İnanmıram ki, koma vəziyyətindən ayılsın". Ələbəttə, mən bunu həmin vaxt heç kimə deyə bilməzdim… Axırı da belə oldu…

Bir neçə gündən sonra Hüseynağa Atakişiyev dünyasını dəyişdi…
İstəyirəm oxucular da bilsin ki, Hüseynağa mənim üçün təkcə dost yox, həm də qardaş idi. Bu gün Hüseynağanın yeri Azərbaycan teatrında layiqincə görünür. Heyif ondan. Çox istedalı və əsl teatr adamı idi. İçində olan çoxlu dərdləri mənə açırdı. Biz onunla həm ürək dostu və həm də sənət dostu idik. Dostluq, ilk növbədə ərk deməkdir. Mən ərk edib gecə saat 3-də də ona zəng vurub, deyə bilərdim ki, "10 dəqiqəyə düş aşağı səni həyətdə gözləyirəm". O da heç 10 dəqiqə keçməmiş gələrdi. Bax, Hüseynağa mənim üçün belə dost idi. Mənə elə gəlir ki, dramaturqla rejissor bir-birini belə başa düşəndə maraqlı tamaşa yarana bilər. Səməd Vurğun və Adil İsgəndərov dostluğundan "Vaqif", "Fərhad və Şirin", "Xanlar" kimi sanballı tamaşalar yaranmışdı. Vaqif Səmədoğlu və Hüseynağa Atakişiyev dostluğu da çoxlu tamaşaların yaranmasının ilk açarı oldu. Məni də dramaturq, məhz Hüseynağa Atakişiyev etdi.

Nasir, dramaturq, publisist, tərcüməçi, Əməkdar mədəniyyət işçisi Vaqif Əlixanlının dediklərindən:
- Hüseynağa Atakişiyev deyəndə… onun rejissor, aktyor (əsasən da rejissor) istedadından da irəli onun bir insan kimi, abır-həyası gözümün qabağına gəlir. Yaddaşımda gülümsər çöhrəsi qalıb… Yəni qabiliyyəti, ədəb-ərkanı, böyük-kiçik yerini bilməyi, həqiqətən utancaqlığı… Bu saydıqlarım hansı millət olur-olsun, kişimi-qadınmı indinin indisində günün günorta çağı çıraqla axtarılası keyfiyyətlərdir. Bu saydıqlarıma mən "İşıq" deyirəm. Bu "İşıq"- sonradan qoşulan və üstünə gələn şeyə oxşamır. O İşıq insanla birgə dünyaya gəlir… İşıqnan Nur eyni məna daşısa da mənim təsəvvürümdə Nur- Allahdan insana verilən böyük vergidir. Vəhydir. Hüseynağanın urvası da elə bil Nurdan idi. Və o Nurdan (millətindən asılı olmayaraq) kimə desən pay düşürdü. Öz dost-doğmasına, rusa, almana, macara, latinosa və neçə löyün adamlara…


…Bir Şəki teatrı vardı… (Elə indi də var). Onda Bakı teatrlarından çox rayon teatrları maraqlıydı. Rayon teatrları Beynəlxalq dramaturgiya fesvtivallarına daha həvəslə girişirdi. Moskvadan gələn teatr komissiyaları hər dəfə əyalət səhnələrimizin cəsarət göstərib Bertold Brextə, Slavomir Mrojekə, Alber Kamyuya, Fridrix Dürrenmatta və başqa nəhəng dramaturqlara üz tutmağına təəccüb qalır, tamaşalardan sonra isə bizim rayon teatrları (ümumiyyətlə, Azərbaycan teatrı haqqında) kinayəli fikir yürütməkdən əl çəkirdilər. O vaxtkı Azərbaycan teatrı barədə təsəvvür dəyişən səhnələrdən biri, daha doğrusu, birincisi Şəki teatrı idi. Və hər dəfə lap Mərkəzdən gələn belə komissiyalarla birgə mən də rayon teatrlarına getməli olurdum. (Onda mən Mədəniyyət Nazirliyində Teatr və Konsert müəssisələri idarəsinin rəisi idim). Şəki teatrı o vaxtkı Azərbaycan teatr mühitində baş rolun ifaçısıydı. Onu deməyim artıq olar ki, teatrın da, kinonun da, ümumiyyətlə sənət deyilən bir şeyin gərək yiyəsi olsun. Azərbaycan mühitində Teatr deyilən "süddən yanıq uşaq" - məmur əmziyi olmadan yaşaya bilməzdi və elə indinin özündə də hap-gopsuz boynumuza alaq ki, bizim millətin mayasında Teatr sevgisi deyilən şey zəifdir və çətin ki, indiki həmvətənlərimiz özbaşına durub teatra baxmağa gedə və o güzgüdə özünü görməyi bacara. Elə olan təqdirdə çox vacibdir ki, səndən yuxarıda oturan, sənin işin keçdiyin adam, tutaq ki, raykom katibi ( İcra Hakimiyyəti başçısı) birdən-birə, onun qabağına qoyulan pambıq, taxıl, ət, yun, yumurta, üzüm, meyvə və başqa bu kimi planlardan baş tapıb rayonda teatr deyilən bir şeyin olduğunu özüyçün kəsdirə və hətta arada vaxt tapıb oranın qapısını açmağa macal tapa… Belə bir vərdiş ta Mir Cəfər Bağırovdan üzü bəri gəlirdi. İkinci Dünya Müharibəsindən on il əvvəl, on il sonra mənəm sayılan Bakı teatrlarında (xüsusilə Azdramda) elə bir tamaşa olmayıb ki, Mir Cəfər Bağırov ona baxmasın.


Hüseynağa Atakişiyevin o illərdə bəxti gətirdi ki, Şəki teatrına təyinat aldı. Şəkidə onu Moskva təhsili görmüş Vaqif Abbasov kimi yenilikçi rejissor gözləyirdi. Eləcə də qələmə, sənətə, teatra, təsərrüfat planlarından heç də az əhəmiyyət verməyən, əksinə xalqın yaddaşında yalan-doğru artıqlamasilə yerinə yetirilən o planların hamısının bir yerdə bircə teatr tamaşasını belə əvəz edə bilmədiyini dərindən anlayan, duyan partiya xadimi, əslində isə yüksək zövqlü və böyük bir ziyalı, rəhmətlik - Sadıq Murtuzayev vardı… Bu teatr məhz ilk öncə onun sayəsində
yaşadı və məşhurlaşdı. Moskvadan, Almaniyadan, Macarıstandan, Kubadan, Latviyadan, Gürcüstandan və başqa yerlərdən Şəki teatrının tamaşalarına baxmağa gəlirdilər. Gəlirdilər, bəyənirdilər və çox çəkmirdi ki, Şəki teatrı həmin məmləkətlərə dəvət alırdı… Şəkinin teatr fenomeni artıq Moskvada dillər əzbəriydi… Tanınmış Azərbaycan müəllifləri üçün Şəki teatrının səhnəsində qurulmaq bir öyünc idi. Sonrakı illər ərzində teatr Macarıstana, Almaniyaya, Kubaya gedib çıxdı, neçə-neçə festivallarda seçilib-sayıldı…

Nasir, dramaturq, publisist, Əməkdar incəsənət xadimi Elçin Hüseynbəlinin dediklərindən:
- Teatr tariximizə adı böyük hərflərlə yazılmış Hüseynağa Atakişiyevlə tanışlığım 1999-cu ilin payızında baş verdi. Mən ona həmin vaxt "Fanatlar" adlı bir hissəli, naşı pyesimi təqdim eləmişdim. Bu, mənim dramaturq kimi ilk qələm təcrübəm idi. Hüseynağa müəllim pyeslə tanışlıqdan sonra mənə təxminən bunları dedi: "Düzdü, pyesin necə yazılmağını hələ tam bilmirsən, bəlkə də bilərəkdən edirsən, amma əsər maraqlıdır və biz onu tamaşaya hazırlayacağıq". 2000-ci il iyunun 10-da "Fanatlar"ın Dövlət Gənclər Teatrının yerləşdiyi Aktyorlar evində ilk tamaşası oldu. Ondan sonra Dövlət Gənclər Teatrında mənim 7 əsərim tamaşaya qoyuldu. Altısını Hüseynağa müəllim özü hazırlamışdı. "İmperator" isə yarımçıq qaldı. Ömür vəfa eləmədi. Bu tamaşanı da o vaxtlar həmin teatrda aktyor işləyən, indi İrəvan Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar artist Sərvər Əliyev hazırladı.
Hüseynağa müəllim heç zaman bəyəndiyi əsər barədə "əla" kəlməsini işlətməzdi, "yaxşıdır" deyərdi. O, içi böyük insanlardan idi. Onda xırdaçılıq olmazdı, dedi-qodulara əhəmiyyət verməzdi. Həmişə də məni həvəsləndirmək üçün deyirdi: "Darıxma, hər şey yaxşı olacaq, hələ sənin gələcəyin qabaqdadır". O, yaddaşımda təkcə bir teatr xadimi, istedadlı rejissor kimi yox, həm də gözəl insan və mərd kişi kimi qalıb və əbədi qalacaq…
Bəli, mən Hüseynağaya həsr etdiyim "Teatr sənətinin aşiqi-rejissor bir universitetdi" kitabımı inanıram ki, Ulu Tanrının köməkliyilə tezliklə oxucuların ixtiyarına verəcəm. Ona da inanıram ki, bu kitab, tələbə yoldaşıma, dostuma, həmkarıma məndən və onu yaxından tanıyan, onun haqqında ürək sözlərini deyən insanlarımızdan Hüseynağa Atakişiyevin aktyor, rejissor, teatr təşkilatçısı kimi yaradıcılığına həsr olunan maraqlı bir töhfə olacaq.
P. S. Sentyabr ayının 8-də dünyaya gəlməsinin 75 ili tamam olacaq Hüseynağa Atakişiyev hər şeydən əvvəl onu tanıyanların yaddaşımda yüksək təfəkkürlü ziyalı, səmimi, etibarlı və dostcanlı insan kimi qalıb və qalacaq. Belə deyirlər ki, "hər bir yaradıcı şəxsiyyət özünün canındakı uşaqlığı qoruyub saxlaya bilməsə, o, heç cürə yaradıcılıqla məşğul ola bilməz". Hüseynağa da sözün əsl mənasında təmiz, pak uşaq idi. Başqalarına da o gözlə, uşaq paklığı ilə baxdığına görə, onların qayğısına qalırdı. Adamların heç bir pis hərəkətini görmək, onu beyninə yerləşdirmək belə istəmirdi. Biz, həyatda belə nadir adamlara çox az rast gəlirik. Məhz buna görə Hüseynağanı tanıyanlar Azərbaycan teatrının ən səmimi, ən qüdrətli bir insanını itirdiyimizi yadımıza saldıqca, uşaq kimi kövrəlirik… Ən acınacaqlısı budur ki, Azərbaycanda rejissorlar çox azdır. Onlara olan haqsızlıqlar, yersiz hücumlar, səlib yürüşü nəticəsində rejissorlar, daha da azalır… Azalır…
Amma bütün bunlara baxmayaraq mən, tam inam və qətiyyət hissi ilə bu sözləri deyirəm: - Hüseynağa Atakişiyevə bir vaxtlar ona olan hücumlara, yersiz incitmələrə baxmayaraq, o, Azərbaycan teatr və kino tariximizdə uzun illər yaşayacaq. Onun aktyor və rejissor kimi böyük fəaliyyəti tezliklə bir çox teatrşünasları maraqlandıracaq. Onlara Hüseynağa yaradıcılığını və sənətini anlamaqda, onun sənətini dərindən başa düşməkdə, təhlil etməkdə böyük xidmətlər göstərəcək. Belə deyirlər ki, "bir rejissor, bir universitet, bir tədqiqat institutu deməkdir. Çünki rejissor çox qlobal işlərin bilicisi olan alimdir. Bir alim isə bir aləm deməkdir". Məhz buna görə də Hüseynağa Atakişiyev, son günə qədər də heç bir təzyiqin, hücümun qarşısında qırılmadı. O, sınmadı, amma ona olan bu haqsızlıqları ürəyinə salıb, vaxtından tez dünyasını dəyişdi… Ölmü ilə də əbədiləşdi. Hər adama da belə yaşamaq və özündən sonra belə sanballı işlər qoyub getmək qismət olmur. Yəqin ki, biz, ona görə Hüseynağanı belə çox istəyirik ki, o, bütün hücümlara böyük məğrurluqla, igidliklə dözürdü və bu nikbin hərəkəti ilə bizi də sınmağa qoymurdu…
Yerin behiştlik olsun əziz dostumuz, qardaşımız Hüseynağa Atakişiyev. Mən, qətiyyətlə deyirəm ki, bu məmləkətə nə qədər teatrın düşməni olan məmurlar gəlsə də və onlar sənin adını unutdurmaq istəsələr də bu, onlara qismət olmayacaq. Çünki nə qədər ki, Azərbaycan Milli teatrı var, sən də o qədər yaşayacaqsan. Axı sənin quruluş verdiyin 157 tamaşanı və oynadığın 57-dən çox rollarını heç kim Azərbaycan teatr tarixindən silə bilməyəcək. Bu, mümkün deyil!

Ağalar İDRİSOĞLU,
yazıçı-rejissor,
Əməkdar incəsənət xadimi

Digər xəbərlər