PDF Oxu

Mədəniyyət

  • 511

Hüseyn Cavidin həqiqətə çevrilən yuxusu

image

Hüseyn Cavid!

Cavid əfəndi!

Adı çəkiləndə qeyri ixtiyari olaraq “Mənim tanrım gözəllikdir, sevgidir!” misraları dilə gələn, yaradıcılığı, əsərləri, mənəviyyatının ziyası mənsub olduğu xalqın, dövlətin varidatına çevrilən filosof şair Hüseyn Cavid.

Mən “Hüseyn Cavid” adını beş yaşımdan eşitməyim yadımdadır. Səbirsizliklə o günü gözləməyimi də unutmamışam. Atamın “Səni, Hüseyn Cavid adına 5 nömrəli məktəbə qoyacağam...” cümləsini dəfələrlə eşitmişəm. O, zaman biz kənddə yaşayırdıq. Atamın arzusu məni həmin məktəbdə oxutmaq idi. Səbirsizliklə həmin günü gözləməyimi də unutmamışam.

1989-cu il də 6 yaşımda Naxçıvan şəhər Hüseyn Cavid adına 5 nömrəli məktəbin birinci sinfinə daxil olmuşam. Həmin gündən Hüseyn Cavidlə maraqlanmağa, onun kimliyini tanımağa başlamışam. Atamın böyük ehtiramla “Hüseyn Cavid” kəlməsi ilə başlayan cümlələrini, fikirlərini artıq daha yaxşı dərk etməyə başlamışdım. Məktəbimizin yanında Hüseyn Cavidin ev muzeyi var idi. Dərsdən çıxanda sinif yoldaşlarımla yolun, ev muzeyi olan tərəflə getməyi çox sevirdik.

Muzey Naxçıvan şəhərinin mərkəzində, Hüseyn Cavid küçəsində, Hüseyn Cavid məqbərəsinin arxasında, 5 nömrəli məktəbin yanında yerləşirdi. (İndidə oradadır). Bir mərtəbədən ibarət, şəbəkəli, rəngli şüşəli pəncərələri olan muzey bizim maraq dairəmizdə idi. Hər gün dərsdən çıxanda bizi bürüyən maraqla əllərimizi, gözlərimizi şəbəkə pəncərələrə yaxınlaşdırıb, alnımızı şüşəyə söykəyib içəriyə baxaraq, orada nə olduğunu görməyə çalışırdıq. Nəhayət, müəllimimizin bizi muzeyə aparmaq günü gəlib çatmışdı. Ən böyük arzuma çatmağın sevinci içində idim.

Qapıda bizi üzü təbəssümlü, mehriban bir kişi qarşıladı və sonra bizi muzeyin içinə apardı. Hüseyn Cavid haqqında, muzeydəki əşyalar haqqında danışmağa, maraqlı məlumatlar verməyə başladı. O, danışdıqca -“bu qədər məlumatları haradan bilir?” -uşaq təəccübü ilə onu diqqətlə dinləyirdik. Beləliklə də mənim uşaq düşüncəmdə, uşaq xatirəmdə Hüseyn Cavidi tanımaq şansım həmin kişi ilə başladı. O, gündən sonra onu harada görürdümsə, salam verməyə, yanına getməyə tələsirdim.

İndi o, günlərdən düz 35 il ötüb. Mən yenə də həmin o kişini-Bəhruz Axundovu görəndə eyni hisslərlə ona yaxınlaşıram və bu yaşda da onun yanında olduğum üçün şanslı biri olduğuma sevinirəm. Ona çoxlu suallar vermək, o illəri soraqlamaq istəyirəm. Artıq Hüseyn Cavidin ev muzeyinə daha böyük fikirlərlə, fərqli duyğular və düşüncələrlə, böyük ehtiram və sevgi ilə, minnətdarlıqla daxil oluram. Bu gün mən artıq onun sirli-sehrli dünyasından faydalanmaq, cəmiyyətə fayda vermək, onu yaşatmaq amalındayam. Düşünürəm ki, Hüseyn Cavidə olan sonsuz sevgi və ehtiramımın ilmə-ilmə toxunmasında atam qədər, Bəhruz müəllimin də izləri var. Bu duyğularla Bəhruz müəllimə zəng etdim. Ondan Hüseyn Cavidin ev muzeyində görüşməyimiz üçün zamanı olub-olmadığını soruşdum. Xahiş etdim ki, muzeydə görüşək. Sözümü əziz tutub vaxt müəyyən etdi.

Uzun zamandır, düşüncələrimdə gəzib dolaşan suallara Bəhruz müəllimdə cavab tapacağımı düşünürdüm. Hüseyn Cavidin ev muzeyində gördüyüm hər bir eksponat mənim üçün çox dəyərli, əziz və məna doludur. Hər biri haqqında nə qədər öyrənsəm də, hələ bilmədiyim çox şeylər olduğunun da fərqindəyəm. Məktəbli olduğum zamanlardan da muzeydəki rəsm əsərləri də diqqətimi çox çəkmişdi. Diqqətinizə çatdırım ki, Hüseyn Cavidin ev muzeyi ekspozisiyasında 40 rəsm əsəri var. Bunlar arasında daha çoxu Azərbaycanın əməkdar rəssamı Mircəlil Seyidovun rəsm əsərləridir. Muzeyin divarlarından asılmış hər bir rəsm əsəri, dərin mənaya sahib, sirlərlə dolu bir dünyadır. Bu rəsm əsərləri arasında, “Şairin yuxusu” adlı bir rəsm əsəri var. Hər zaman diqqətimi çəkən bu rəsm əsəri haqqında saysız hesabsız suallar dolu düçüncələrlə müəyyənləşdirilmiş vaxtda Bəhruz müəllimlə görüşdük. Düz 35 il əvvəlki mehribanlığı və səmimiyyəti ilə məni qarşıladı. Birlikdə muzeyi gəzdik. Hüseyn Cavidi xatırladıq, onun sirli-sehrli dünyasına səyahət etdik. Onu da deyim ki, bu səyahət Bəhruz müəllimlə çox başqa, çox mənalı və dəyərli idi. Bəhruz müəllimdən suallarıma cavab almağı səbirsizliklə gözləyirdim. “Şairin yuxusu” adlı əsərə yaxınlaşdıq. Əsər haqqında suallarımı Bəhruz Axundov belə cavablandırdı: “Bu əsəri muzeyə professor İsmayıl Əliyev bağışlayıb. İsmayıl müəllimə də hədiyyə edən rəssam Mircəlil Seyidov olub. Əsərin arxasında Mircəlil Seyidovun avtoqrafiyası var. Azərbaycanın əməkdar rəssamı Mircəlil Seyidovla yaxşı dostluğumuz olub. O, Hüseyn Cavid vurğunu idi. Naxçıvanlı idi. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, daha sonra Sankt-Peterburqda Ali Bədii-Sənaye Məktəbini bitirib. Azərbaycan Respublikasının əməkdar rəssamıdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1972-ci ildən respublika, ümumittifaq və beynəlxalq sərgilərin iştirakçısı, 1999-2004-cü illərdə Türkiyədəki Antalya Ağdəniz Universitetinin müəllimi kimi fəaliyyət göstərmiş və 2009-cu ildə dünyasını dəyişmişdir. Biz onunla tez-tez görüşərdik. O, əsərləri arasında Hüseyn Cavid dünyasına, yaradıcılığına xüsusi diqqət göstərmiş, ayrıca yer ayırmışdır. Bir dəfə emalatxanasına getmişdim gördüm ki, hər tərəfdə Cavidin kitabları var. O, Cavidin bütün əsərlərini oxumuşdu. Çəkdiyi rəsmlərdə də bunu hiss etmək mümkündür. “Şairin yuxusu” əsərini də təsadüfən çəkməmişdir. Bu əsər haqqında söhbət edəndə Mircəlil Seyidov dedi: Cavidlə eyni otaqda, onun son günlərində yanında olan bir yoldaşı ilə görüşdüm. Həmin şəxsin adını demədi. O, şəxslə söhbəti Mircəlil Seyidovu çox təsirləndirmişdi, rəssam hisslərini və o söhbəti rənglərlə təsvir etmişdi. Cavidlə eyni otaqda olan həmin şəxs Mircəlil Seyidova Cavidin yuxusunu danışmışdı. Cavid yuxuda görür ki, səmada buzlar içindədir və ətrafında kəpənəklər uçuşur. Bu yuxunu yanında olan otaq yoldaşına danışır. Həmin gündən üç gün keçir və Hüseyn Cavid vəfat edir. Bu söhbəti dinləyən rəssam Mircəlil Seyidov çox təsirlənir və “Şairin yuxusunu” rənglərlə əbədiləşdirir.

Cavid dünyasına bütün mənəviyyatı ilə bələd olan, onun əsərlərini dəfələrlə oxuyan rəssam Hüseyn Cavidə həsr etdiyi hər bir rəsm əsərini reallıqlar üzərində təsvir etmiş, şairi yaşatmağa çalışmışdır.” Bəhruz müəllim aramla, təmkinlə danışır, söhbətin bəzi məqamlarında kövrəlir, bəzən də qürurla, ehtiramla fikirlərini ifadə edirdi. Bəhruz müəllimi dinlədikcə, ondan suallarıma cavab aldıqca, onun ruhuna Hüseyn Cavid dühasının hopduğunu görməmək mümkün deyildi.

Muzeydəki hər bir eksponatın bir xatirəsi, tarixçəsi var. Ömrünün 39 ilini Hüseyn Cavidin ev muzeyinə, həyat və yaradıcılığının təbliğinə, Cavidlər ailəsinin yaşadılmasına həsr etmiş, mənəviyyatı işıqlı adamla söhbət etmək nəsibim olduğu üçün özümü xoşbəxt hiss edirəm. Əminəm ki, Cavidsevər Bəhruz Axundovla iki saatdan artıq olan söhbətimizdən hələ çox maraqlı yazılar yazıb, dəyərli fikirlər, faktlar bölüşəcəyəm. Çünki, Hüseyn Cavid dünyasına səyahətin sonu yoxdur. Cavid əfəndi türkçülük simvolu, Vətən sevdalısı, ədəbiyyat memarı, tanrısı gözəllik, sevgi, haqq, ədalət olan bir şəxsiyyətdir. Hüseyn Cavidin təfəkkür və düşüncəsindən qanadlanıb kitaba çevrilən misralar, sətirlər Azərbaycan Respublikasının varidatıdır. Nəsillərə nümunə, əsrlərə xəzinə, gələcəyə böyük sərvətdir, Cavid əfəndi!

Ulduz Eyvazqızı

jurnalist

Digər xəbərlər